• çərşənbə axşamı, 19 mart, 07:45
  • Baku Bakı 8°C

“Sözün əsl mənasında tər tökdüm” - MÜSAHİBƏ

21.08.21 14:30 4850
“Sözün əsl mənasında tər tökdüm” - MÜSAHİBƏ
Və ya bilik yarışında nəhəngləri məğlub edən Hüseyn Qəmbərovun uğura gedən yolu
Nəhənglərin iştirak etdiyi müsabiqədə ən yüksək nəticə göstərib. Azərbaycanı "WorldSkills Asia 2021” müsabiqəsində təmsil edib. "Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.Müsahibimiz tələbə Hüseyn Qəmbərovdur.160 nömrəli klassik gimnaziyanı fərqlənmə attestatı ilə bitirib. Məktəb illərindən kompüter elmlərinə marağı olduğunu kəşf edib: "İbtidai sinifdən bilirdim ki, həyatımı kompüter mühəndisi kimi davam edəcəyəm. Qarşıma məqsəd qoydum və Respublika Fənn Olimpiadasının final mərhələsində informatika fənni üzrə gümüş medal qazandım”.
Həmsöhbətimiz təhsil müddətində rus, ingilis, alman dillərini öyrənib.

- İT sahəsində uğura gedən yolda hansı pillələrdən keçmisiniz?
- Məktəbdə informatika fənni 1-ci sinifdən yüksək səviyyədə keçilir. İlk ildən məntiqi, alqoritmik düşüncəni öyrənirdik. İnformatika olimpiadalarına qatılırdım. Bir dəfə məktəbdə elan paylaşıldı ki, seçim turunu uğurla keçən tələbələr Ramin Mahmudzadənin yeni proqramında olimpiadaya hazırlaşmaq imkanı əldə edəcəklər. Məktəbdən 3 nəfər seçildi, onlardan biri də mən oldum. Burada proqramlaşdırma öyrəndik, alqoritmlər yazdıq. Addım-addım biliklərimiz artırdı. Hər olimpiada bir təcrübə idi. Bütün bu təcrübələrin nəticəsində respublika səviyyəsində gümüş medal qazandım. Məktəbi bitirdikdə 660 balla Bakı Ali Neft Məktəbinə qəbul oldum. Universitet komandası nəzdində tələbələrarası informatika yarışmasında iştirak etdim. Yarışmanın regional yarımfinalına keçdik və komandanın nəzdində Gürcüstana getdik. Yarışma müddətində komandamız fərqlənmə attestatı qazandı, fərdi raundda isə 5-ci yerə çıxdım. Universitetdə oxuduğum zaman tələbələrin ilk elmi konfransları keçirilirdi. Öz şəxsi layihəmlə ora qatıldım. İştirakçılar arasında ikinci yerə çıxdım. O da böyük nailiyyət idi. Ən vacib proyektlərdən bir isə "Kibertəhlükəsizliyin əsasları” adlı təlimdə iştirakım idi. Bu təlim indiki təhsil nazirimiz Emin Əmrullayevin təşəbbüsü ilə yaradılmışdı. Dünya arenasında məşhur mütəxəssislər dərs deyirdi. Onların metodları ilə çox vacib və lazımlı kurs keçdik. Öz şəxsi və karyera inkişafımızda bu günə qədər o biliklərdən istifadə edirik.

- Təhsil həyatınız yarışmalarda, olimpiadalarda keçib. Daim öyrənməyə "ac”sınız...
- Düzdür. Daim öyrənmək hissi həm ailədən, həm də şəxsi keyfiyyətlərdən irəli gəlir. Bizim nəsildə demək olar ki, hamı mühəndisdir və öz sahəsində uğurludur. Hamı uğurlarından danışır, digərinə məsləhət verir. Sənin nailiyyətin yoxdursa, danışmağa mövzun olmur. Dostcasına rəqabət var. Hər kəs özünü inkişaf etdirməyə çalışır. Uşaq 1-ci sinifdən ətrafında belə müzakirələr görəndə rəqabətə uyğunlaşır. Atam uşaqlıqdan mənimlə puzzle, konstruktor yığıb. Məndə alınmayanda deyirdi ki, bir dəfə də et, ikinci dəfə alınacaq. Heç vaxt kömək etmirdi. Oyun vasitəsilə düşünməyi öyrədirdi. Sonra məktəbə gəldik və eyni rəqabət məktəbdə də var idi. Sinif yoldaşlarım çox güclü idi. Yenə "mən nə edə bilərəm?” düşünürsən. Hamı olimpiadaya gedir, qalib gəlmək istəyirdi. Belə mühitdə yerində saymaq mümkün deyil.

- Məntiqlə yanaşı dil biliklərinizi də inkişaf etdirmisiniz...
- Atamdan məntiq, anamdan dil bilikləri almışam. Anam rus və ingilis dillərini özü öyrənmişdi. O həmişə maraqlı idi ki, mən bütün fənləri oxuyum. Yəni mən birinci qrupa gedirəmsə, məhz həmin fənlərə fokuslanmayım. Çünki hansı dərsin sənə nə vaxt lazım olduğunu bilmirsən. Anam həmişə deyirdi ki, bu dünyada dil bilmədən inkişaf yoxdur. Amma evdə üstünlük Azərbaycan dilində danışmaq idi. Valideynlərim deyirdi ki, qarşındakı sənlə Azərbaycan dilində danışırsa, mütləq öz dilində cavab ver. Dil sənin inkişafın üçün lazımdır. Ünsiyyət üçün öz dilin var. Dil bilmək lovğalanmaq, imtiyaz deyil.

- "WorldSkills Asia”dan danışaq. Yarışmaya qatılmaqda məqsədiniz nə idi?
- Qalib gəlməyi düşünmürdüm. Seçim turunda fikirləşdim ki, biliklərimi yoxlayım və səviyyəmi müəyyənləşdirim. Qalib gəldim və final turunda iştirak etmək imkanı qazandım. Biz o yarışa ilk dəfə idi qatılırdıq. Bizlə birgə yarışan ölkələr - Rusiya, Cənubi Koreya, Hindistan, Malayziya, Çin artıq bu yarışmada öz sözünü deyən ölkələr idi. İT sahəsində də güclü idilər. Yarışma müddətində özümə deyirdim ki, fərqi yoxdur bu yarışmada udacaqsan, ya uduzacaqsan. Edə biləcəyinin maksimumunu et. Çünki sən bilə bilməzsən ki, bu yarışma sənə nə verəcək. Nəhənglərlə yarışmaq çətindir. Əsas məqsədim o idi ki, öz biliklərimi maksimuma qədər qaldırım və göstərim ki, bu gün bunu bacarıram.

- Nəhənglərlə yarışmaq və qalib gəlmək necə hissdir?
- Sözün əsl mənasında tər tökdüm. Yarışmanın ən böyük çətinliyi o idi ki, bizə verilən tapşırıqları ancaq orada bildik. Üstəlik, orada işlənilən proqramlar haqqında internetdə məlumat yox idi. Nə edəcəyini yarışma müddətində anlamalısan və öz proqramında düzgün istifadə etməlisən. Yarışma müddətində öyrənir, dərk edir və istifadə edirdik. İlk dəfə idi ki, bu tip yarışmada iştirak edirdim. Rəqiblər çox güclü idi. Əminəm ki, o yarışmada öyrəndiklərim mənə gələcəkdə çox kömək edəcək.
- Nazir və rektor sizə status həsr etdi. Bunu gözləyirdiniz?
- Düzü, gözləmirdim. Postun linkini qardaşım göndərdi. Çox sevindim. Mənim üçün qürur idi. Buna görə minnətdaram. Yarışma müddətində çəkdiyim bütün əziyyətimin bəhrəsini gördüm.

- Gələcək planlarınız nədir?
- Ölkəmizin peşəkar kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyacı var. Peşəkar olmaq üçün mühitin içində olmalı, işləməlisən. Xaricdə iş təcrübəsi və bilik qazanıb ölkəmdə tətbiq etməyi planlaşdırıram. Hazırda banklardan birində kibertəhlüksizlik mütəxəssisi işləyirəm. Öz biliklərimə güvənmək üçün hər saniyə öyrənmək üçün çalışıram. Çünki məni arzularıma bildiklərim çatdıracaq.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər