• şənbə, 27 Aprel, 01:20
  • Baku Bakı 14°C

Sumqayıtda açılan yeni müəssisələr şəhərin sənaye gücünü daha da artıracaq

08.09.21 11:45 324
Sumqayıtda açılan yeni müəssisələr şəhərin sənaye gücünü daha da artıracaq
Prezident İlham Əliyevin müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin yaradılması işləri genişlənib. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Həmin rezidentlərin 24-ü istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezidentin fəaliyyətə başlaması gözlənilir. Bu proses regionlarda da genişlənməkdədir. Belə ki, Gəncədə və digər şəhərlərdə müasir tipli sənaye kompleksinin yaradılması işləri aparılır. Bütün bu tədbirlər Azərbaycanın sənaye ölkəsi kimi imicini formalaşdırıb və iqtisadiyyatda sənaye istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, dövlətimizin başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətə əsasən, sənaye sahələrinin inkişafının stimullaşdırılması üçün mühüm proqramlar qəbul edilib, bir sıra qanunlara əlavə və düzəlişlər olunub. Sənaye texnoparklarına xarici investorları cəlb etmək və bu sahəni inkişaf etdirmək məqsədilə vergi güzəştləri tətbiq edilir ki, bu da sənaye texnoparklarına marağın artmasına səbəb olub. Bunun nəticəsində iqtisadi inkişafda qeyri-neft sənayesinin və sənaye texnologiyaları parklarının rolu artmaqdadır. İlin ötən yeddi ayı ərzində sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalında 16,4 faiz artım qeydə alınıb. Hazırda ümumi daxili məhsulun (ÜDM) 50 faizi, o cümlədən qeyri-neft iqtisadiyyatının ÜDM-in 45 faizindən çoxu sənayedə istehsal olunur ki, bu da yüksək göstərici sayıla bilər. Həmçinin sənaye məhsulunun 80 faizi özəl bölmənin payına düşür. Ölkə iqtisadiyyatına yatırılmış investisiyaların 40 faizi sənaye sektorunu əhatə edir. Ümumiyyətlə, sənaye sektoruna qoyulmuş investisiyaların 44,2 faizi xarici, 55,8 faizi isə daxili investisiyaların payına düşür.
A.Hüseynov, həmçinin vurğulayıb: "Sənayeləşmədə Sumqayıtın xüsusi strateji rolu mühüm yer tutur. Azərbaycanın və Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıt şəhəri ümumi inkişafa öz dərin töhfələrini verməkdədir. Hazırda Sumqayıt yüksək sənaye potensialına malik, iri sənaye komplekslərinin cəmləşdiyi innovasiya mərkəzidir. Sumqayıt dünya səviyyəli, rəqabətədavamlı məhsul istehsal edən, ən qabaqcıl texnologiyaların tətbiq olunduğu sənaye texnoparkları ilə məşhurdur. Azərbaycanın ilk sənaye parkı da məhz bu şəhərdə yaradılıb və dünya bazarlarına ən keyfiyyətli məhsulların ixracı sənayeləşmənin daha da inkişaf etməsinə geniş şərait yaradıb. Cənubi Qafqazın ən böyük və Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Həmin sənaye parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsal fəaliyyətinə başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Həmin sənaye parklarında bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib”.
Deputat vurğulayıb ki, dövlətimizin başçısının sentyabrın 3-də açılışını etdiyi "Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayan sayca 17-ci rezidentdir. Bu müəssisə Sumqayıtın sənaye gücünü daha da artıracaq, şəhərin iqtisadi inkişafına əlavə maliyyə resurslarının cəlb edilməsinə səbəb olacaq.
banner

Oxşar Xəbərlər