AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır

Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır

Cəmiyyət
22 Fevral 2020, 14:15 417
Prezident İlham Əliyevin güclü sosial siyasətinin nailiyyətləri olaraq vətəndaş rifahının təminatı, həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlar, aparılan uğurlu sosial islahatlar cəmiyyətdə rəğbət hissi ilə qarşılanır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Xalq” qəzetində dərc olunmuş "Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində də bu amil ötən il Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin timsalında bir daha əyani şəkildə ifadə olunur.
Məqalədə ötən il özünüməşğulluq proqramına 10 min 352 nəfərin cəlb olunduğu qeyd edilərək, bildirilir ki, Bakının Nizami rayonundan 117 nəfərin, Biləsuvar rayonundan 73 nəfərin, Goranboydan 92 nəfərin, həmçinin Qazax, Sabirabad, Tərtər və digər bölgələrdən vətəndaşların Prezident Administrasiyasına ünvanladıqları məktublarda aztəminatlı ailələrin rifahının yaxşılaşmasına müsbət təsir göstərən özünüməşğulluq proqramının həyata keçirilməsinə və onlara bu proqram çərçivəsində lazımi şəraitin yaradılmasına görə təşəkkür ifadə edilir.
DOST Agentliyinin yaradılmasının sosial məsələlərin həllində mühüm töhfələrdən olduğu qeyd edilən məqalədə, eyni zamanda, Lerik rayon sakini G.Quliyevanın məktubu diqqətə çatdırılır: "Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün müraciət etmişdim. Müraciətimə baxıldı və məni "DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşdı”.
Pirallahı, Lənkəran, Hacıqabul, Göygöl, Sabirabad, Samux rayonlarından ayrı-ayrı vətəndaşların işlə, ünvanlı sosial yardımla, tənha ahılların sosial xidmətlə, xüsusi qayğıya ehtiyacı olan uşaqların günərzi qayğı xidmətləri ilə təmin olunmalarına görə razılıq bildirdikləri də məqalədə əksini tapır. Qeyd olunur ki, Gədəbəydən I qrup əlilliyi olan vətəndaş isə dövlətimizin başçısının 2019-cu il 3 may tarixli Sərəncamı əsasında təhsil haqqı ödənişindən azad olunduğuna görə minnətdarlıq ifadə edir.
Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin artırılmasını, yeni təqaüd növlərinin təsis edilməsini vətəndaşlar çox böyük razılıqla qarşılayıblar. "Bu məsələlərlə əlaqədar minnətdarlıq məktublarının coğrafiyası çox genişdir. Bakı, Culfa, Sədərək, Şahbuz, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Ağdaş, Ağsu, Cəbrayıl, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xocavənd, İmişli, İsmayıllı, Qazax, Quba, Qusar, Lerik, Saatlı, Şamaxı, Ucar, Yardımlı, Zərdab, habelə digər şəhər və rayonlardan yüzlərlə belə məktub daxil olub”.
Şəhid ailələrinə və müharibə əlillərinə daim artan dövlət qayğısı da həmin ailələrin məmnunluğuna səbəb olub. Məqalədə bildirilir ki, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri –Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Q.Hacıyeva (Binəqədi), Z.Umarov (Nəsimi), T.Abbasov (Pirallahı), A.Xəlilova, Q.Xuduyeva (Mingəçevir) və başqaları bu kateqoriyadan olan vətəndaşlara verilən Prezident təqaüdünün artırılmasına, B.Hüseynova (Xəzər), R.Ərəbxanova (Yasamal), Y.Nadirli, İ.Quliyev (Abşeron), T.Qasımov, D.Əliyeva, N.Əsgərov (Ağcabədi), R.Əzizova (Xətai) mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunduqlarına görə təşəkkür edirlər.

Vaqif və Şəfiqə Süleymanovlar (Qaradağ), G.Ömərova (Nizami), E.Aslanova (Şəki), Ə.Səfərova (Ağdam ), H.Verdiyeva (Göygöl), H.Vəliyev (Masallı), H.Əliyev (Sabirabad), eləcə də digər vətəndaşlar şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə, Ə.Zeynalov (Qaradağ), B.Ağayev (Səbail), N.Məmmədov (Naftalan), A.Eyvazov (Sumqayıt), S.Əskərova (Yevlax), F.İsayev (Abşeron), Q.Kazımov (Bərdə), S.Abdullayeva (Daşkəsən ), A.Abbasov (Füzuli), G.Cəfərova (Neftçala) və başqaları şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıq məktubu ünvanlayıblar.
Məqalədə Xaçmaz rayon sakini S.Məmmədovanın məktubunda yer alan sözlər də təqdim edilir: "Pay torpağımda Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi "Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi. Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazanmışıq”.
Vətəndaşların əmək hüquqlarının qorunması sahəsində aparılan işlər də əhali tərəfindən rəğbətlə qarşılanır. Məqalədə deyilir ki, sosial məsələlər barədə edilmiş və müsbət həllini tapmış müraciətlərin bir qismində işlə təmin olunma və ya əvvəlki işə bərpa edilmə, özəl şirkət tərəfindən vətəndaşa əməkhaqqı ödənilməsi məsələləri ilə əlaqədar təşəkkür ifadə olunur. Nərimanov rayonundan S.Əliyeva, Sabunçudan R.Zeynalov, Mingəçevirdən M.Camıyev, F.Şirinov, S.Sadıqova və başqaları, Sumqayıtdan Qarabağ müharibəsi əlili V.Hüseynov, Ağcabədidən S.Süleymanov, Beyləqandan A.Cəfərova, Cəlilabaddan X.Mirzəyev, Xocalı və Kəlbəcərdən məcburi köçkünlər Y.Hüseynov və Q.Kazımov, Lerikdən Ş.Ağayeva, Oğuzdan E.Abduləzizov, Zərdabdan İ.İsgəndərov, həmçinin digər şəhər və rayonlardan başqalarının məktubları bu qəbildəndir. Xəzər rayonundan A.Abdullayeva isə övladına əlilliyə görə sosial müavinətin təyin edilməsinə görə minnətdarlıq edir.
Eyni zamanda, məqalədə 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən bölgələrdə qəbul edilən vətəndaşların sayına dair siyahı təqdim edilir. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 871 vətəndaş qəbulu ilə ikinci yerdədir. Həmçinin dövlət hakimiyyəti orqanlarının 2020-ci ilə aid qəbul cədvəlləri öyrənilərkən bu işlərin daha yaxşı təşkil edildiyi qurumlardan biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qeyd edilir.