• çərşənbə axşamı, 19 mart, 09:59
  • Baku Bakı 8°C

“Səyahət sevənlər bu kitabı oxumayıblarsa, çox şey itiriblər” - Kitab rəfi

14.09.19 12:30 1493
“Səyahət sevənlər bu kitabı oxumayıblarsa, çox şey itiriblər” - Kitab rəfi
Asudə vaxtlarımızı səmərəli keçirməyin ən yaxşı yolu mütaliədir. Mütaliə insanın fikirlərinin inkişafında, dünyagörüşünün genişlənməsində böyük rol oynayır. Amma nəzərə alsaq ki, vaxtımız bizim üçün dəyərlidir və ona görə də həmin zamanı bizə məsləhət olunan kitabı oxuyaraq keçirsək, daha faydalı olar. "Kitab rəfi” adlı rubrikamızın qonağı "Modern Group Companies”in Biznesin inkişafı departamentinin direktoru, marketinq və iqtisadiyyat üzrə bloq yazıların müəllifi Rafiq Hunaltaydır.
Müsahibimizin ilk seçimi Celal Şengörün "Bir cəmiyyət necə intihar edər?”(Bir toplum nasıl intihar eder?) kitabıdır. Rafiq bəy düşünür ki, hazırda Türkiyədə 2-3 ciddi oxunası müəllif varsa, onun biri də mütləq Celal Şengördür: "Bu kitabda Türkiyənin təhsil sistemi, iqtisadi vəziyyəti, sosial zümrələrin fəaliyyəti elmi şəkildə təhlil olunur. Bu kitabı oxumaq həm də ona görə maraqlıdır ki, oxuduqca, bir çox məsələlərin eynilə bizdəki kimi olduğunu görürük”.
2-ci seçim Yılmaz Özdildən "Mustafa Kamal” adlı kitabdır: "Atatürk haqqında çox oxumuşdum, amma bir də Yılmaz Özdilin axıcı izahları və hadisələri mükəmməl təsviri ilə oxumaq da nəsib oldu. Paralel olaraq Atatürk haqqında indiyə qədər bilmədiyim, onun böyüklüyünü bir daha sübut edən faktlarla da tanış oldum, şiddətlə hər kəsə tövsiyə edirəm”.
3-cü ingilis dilində olan Hektor Qarsiyanın "Ikıgaı” kitabıdır: "Son dövrlər mənə ən çox təsir edən kitablardandır. Yapon yaşam tərzi və onun modern dünyada tətbiqi ilə bağlı əvəzsiz informasiyalarla doludur. Dünyanın ən uzun ömürlü insanlarının yaşadığı əyalətlərə virtual səyahət edərək oranın insanlarının günlük yaşam tərzləri ilə tanış olacaqsınız”.
İlber Ortaylının "Bir ömür nasıl yaşanır” kitabı 4-cü seçimi oldu: "Səyahət etməyi sevənlər indiyə qədər bu kitabı oxumayıbsa, çox şey itirib. Elmi, bədii, coğrafi məlumatlarla dolu olan kitabı həm xalqların mədəniyyətləri, həm ölkələr və şəhərlər üzrə səyahət bələdçisi də adlandırmaq olar. "Bir şəhəri nəyinə, hansı xüsusiyyətlərinə görə sevmək olar” sualının cavabı bu kitabdadır”.
Seymur Baycanın "Mənim mübarizəm” seriyası 5-ci sırada yer aldı: "Hər şeydən öncə, insan yaşadığı mühitin sosial-iqtisadi vəziyyətini, ədəbi mühitini daha yaxşı bilməlidir. Öz adıma tam əminliklə deyə bilərəm ki, Seymur Baycanın "Mənim Mübarizəm” seriyasından olan 6 kitab sizə yaşadığımız mühiti bəzən satirik, bəzən yumoristik, bəzən ciddi təhlillərlə, amma olduğu kimi göstərəcək. Oxuduqca, hər hadisəyə qarşı mütləq ki, həyatınızın hər hansı nöqtəsi ilə paralellər aparacaqsınız”.
Həmsöhbətimi uzun müddət təsirində saxlayan kitablardan biri də Stefan Sveyqin "Şahmat”ı 6-cı sıradadır: "Kitabı, bir insanın məcbur qalsa, nələrə qadir olmasına, "olmaz” dediyi nə qədər şeyi çox rahatlıqla edəcəyinə nümunədir. Kitabı oxuyarkən qəhrəmanın yerinə özünüzü qoyacaq və bir neçə dəfə, sözün həqiqi mənasında tərləyəcəksiniz”.
Karl Ştaynerın "Qulaqda 7000 gün” kitabı 7-ci oldu: "Böyüklərin bəzən həsrətlə yad etdiyi SSRİ-nin, insanları necə istismar etməsini şahidin, 26 illik məhbəs həyatını oxuyaraq biləcəksiniz. Çox böyük coğrafiyanın bütün nəqliyyat, dəmiryol, iri binalarını məhkumların tikdiyi mənim üçün yeni məlum oldu. Bunu oxuduqdan sonra "sovetin vaxtında” deyib köks ötürənlərə ürəkdən gülə bilərsiniz”.
SSRİ "qəhrəmanlığı” haqqında olan Svetlana Aleksiyeviçin "Sink uşaqlar” kitabı isə 8-cidir: "O boyda SSRİ-nin uduzduğu Əfqanıstan müharibəsini bu kitab vasitəsilə, birbaşa, iştirakçıların, şahidlərin dilindən oxuyacaqsınız. Həm sistemin çürüklüyünü, öz ölkəsinin insanlarını necə heçə saydığını, hörmət qoymadığını, həm də bu müharibənin veteranlarının qayıtdıqdan sonra yaşadığı məhrumiyyətləri çox açıq göstərir”.
9-cu Robert Qrinin "Müharibədə 33 strategiya” adlı kitabıdır: "Bu kitabda müharibədə ən məşhur 33 strategiyanın həyatımızda, eləcə də biznes həyatında əksi ilə bağlı əvəzsiz məlumatlar var. Hətta bu kitabı oxuyub bloq da yazmışdım”.
10-cu isə biznes sahəsinə aid JN Kapferrerin "The new strategic brand management” kitabıdır: "Biznesdə, xüsusən də brend menecment, kateqoriya menecmenti, marketinq sahəsində çalışan insanların mütləq oxumalı olduğu kitabdır. Bir brendin yaranmasında rol alan fəaliyyətlərə 360 dərəcə səyahət edəcək, elmi-praktiki misallarla verilən məlumatları daha rahat həzm edə biləcəksiniz”.
Günel Azadə
banner

Oxşar Xəbərlər