Sevinmə, əncir budağı...

Ustad jurnalist Tahir
Abbaslının xatirəsinə elegiya əvəzi
Çağdaş "publisistika bağı”mızın çox bəhrəli, özgür fəhmli yarıməsrlik bir ağacı
illərin ən isti iyulunda, pandemiyalı yayında "qurudu”. Bu Qələm-Adamın imzası
ilə tanışlığım AMEA-nın Naxçıvan Bölməsində işlədiyim dövrə, "Mədəniyyət”
ailəsinin üzvü olmağımdan təxminən iki il öncəyə – 2010-cu ilə təsadüf edir.
Sözün gerçək mənasında, bir təsadüf. İnternetdə tanınmış xanəndəmiz, Xalq
artisti Mənsum İbrahimovla bağlı axtarış edirdim. "Mədəniyyət” qəzetinin
saytında qarşıma "Səhnəmizin və sənətimizin Məcnunu – Mənsum” başlıqlı müsahibə
çıxdı. Etiraf edim ki, adətən, müsahibələri oxumamışdan öncə sürətlə suallara
nəzər salıram. Bu dəfə ifadə özəllikləri ilə bir-birindən maraqlı suallarla
tanışlığım elə də sürətli olmadı. Az-çox mətbuatı izləsəm də, qarşımda tamam
başqa bir söz dünyası açılmışdı. Müsahibəni oxuyub sona çatdım – "Söhbətləşdi:
Tahir Abbaslı”.
Elə bu "söhbət”in cazibəsi ilə saytın axtarış yerində "bənzərsiz
suallar müəllifi”ni soraqlamağa başladım. Publisistika çələngindən bir neçə
yazısını – "Dünya sənin” (Məmməd Araz haqqında), "Xalqın qədir-qiymətli qızı”
(Fatma Qədri ilə bağlı) və s. məqalələrini oxudum. Nə gizlədim, o günədək özüm
üçün müəyyənləşdirdiyim özəl publisistlər sıralamasında Tahir Abbaslı taxtda
qərarlaşdı...
Bu qənaətə (həm də heyrətə) gəlməyimin səbəbi sadə idi. Müəllif
məqalələrində qəhrəmanlarının ömür və sənət taleyini elə ahəngdar, elə
əsrarəngiz təqdim etmişdi ki. Məsələn, Xalq artisti Fatma Qədri barədə yazı
oxucuların üzünə belə açılırdı: "Yazımın başlıq və başlıqaltısını yazdım,
oxudum və duruxdum. Doqquz sözdə səkkiz "q” hərfi, "qe” səsindən hoyuqdum.
Düşündüm ki, deyəsən, bu heç də təsadüfi deyil. Qəribə bir hissə qapıldım ki,
bu nə "qrammatik qanunauyğunluq”dur belə – bu major dünyamızda minor ifadələrin
çoxusu məhz bu hərflə başlayır: qürbət, qan-qada, qətl, qalmaqal, qaçaqaç,
qaçqınlıq, qisas, Qarabağ...”.
Bu yerdə oxucuların usanıb bezməyəcəyindən əmin olub Tahir Qələmin
(ruhundan üzr istəyib "Tahir Abbaslı”, "Tahir Əhmədalılar” imzalarına
üçüncüsünü də mən əlavə edirəm) qəzetimizdə dərc olunmuş yüzlərlə yazısından
bir neçəsinin, sadəcə, başlıq və alt başlığını olduğu kimi verirəm:
Xalqın təbli həbibi və təbibi... Qəbri uzun müddət naməlum qalsa da,
qədri hər vaxt bilinmiş Abbas Səhhət...
Bir adın ikinci hecası – Yüzdə Tək, mində Bir – Mirzə Ələkbər
Sabir!...
Səhnə-Sənət "Cənnət”i... Bu dünyada qədri gur, o dünyada qəbri nur –
Nəsibə xanım Zeynalova...
İdrakın da, həlakın da "sarı sim”i... Haqq və həqiqət yolunda Tanrı
libasından da edilmiş Nəsimi!
İkiyiyəli... birmənalı DAHİ – Ürəyi "Ana Polşa”da, bədəni "Ata
Fransa”da dəfn edilən, əsərləri ümumbəşər qəlbində yaşayan Şopen...
Bir tar oxuyurdu – ustad Əhsən Dadaşov ifasında...
Yerin parlaq ulduzlarından – Uşaqkən göydə sayrışan ulduzlardan
birini istəməklə böyük imperator babasını "məğlub” etmiş astronomiya imperatoru
– Hökmdar-Müəllim Uluqbəy...
BÜTÖV bir "iki” İSA: biri – ədəbiyyatımızda "60-cılar”ın bayraqdarı
olmuş HÜSEYNOV, biri – SafAğ YOLlu MUĞANNA...
"Epolet”li millət Mirzəsi – Qədim Azərbaycan ədəbiyyatı kəhkəşanında
"dramaturgiya” adlı yeni janr fəzasının ilk və... aldanmamış kəvakibi...
Yarımçıq ömür, bütöv sənət... Azərbaycan musiqisinə ilk... ən qocaman
"roman”-romans bəxş etmiş nakam gənc – 23 yaşlı Asəf Zeynallı
Bir ömrün iki Şahlığı – Bunları Xətai yaşadı; birini qüdrətli dövlət
naminə qadir Qılıncı, birini fəzilətli qəlblər adına nadir Qələmilə...
"Əbdül” həlimliyi, "Kələntər” zalimliyi... Səhnə və ekranda bütün
"növ” rolları "əla növ” oynamış İsmayıl Osmanlı...
Publisistik rentgen
Heç yuxuma da girməzdi ki, bu azman Qələm-Adamla bir kollektivdə işləyərəm.
Ancaq bu, yuxu yox, gerçək oldu. 2012-ci ilin iyun ayından mən də taleyimi
"Mədəniyyət” qəzeti ilə bağladım. Tahir Qələmlə şəxsən tanış oldum. Redaksiyada
Tahir müəllimə böyük ehtiram gördüm. Fikrimcə, bu hörmət-izzət yaşından,
ağsaqqallığından çox onun kamil qələm-ustadlığına görə idi.
Daha bir etiraf: Tahir müəllimin sözə qarşı hədsiz çinçavatlığı,
yazılarında sətiraltı mənaları ilk vaxtlarda tam anlaya bilməməyim
münasibətlərimizdə müəyyən soyuqluq da yaratmışdı. Zaman-zaman bu soyuqluq
yerini dostluğa, doğmalığa, sirdaşlığa verdi. O, adının mənasını ("tahir”
ərəbcədən tərcümədə "təmiz”, "pak”, "səxavətli”, "diqqətcil”... anlamına gəlir)
xarakteri, davranışı ilə doğrultmuşdu. Oda od, tüstüyə tüstü deməyi bacarırdı.
Ruhundakı azadlıq publisistika meydanında qələm oynatmağında da özünü
göstərirdi. Həcmindən asılı olmayaraq, qələmə aldığı mətnin əmiri-əzəmi idi.
Bəzən söz köhlənini sağa-sola elə səyirdirdi ki, deyirdin bəlkə yüyənini (söz
məni bağışlasın) yığıb-yığışdıra bilməyəcək. Amma o, söz qovğasından, mənalar
qarşıdurmasından həmişə qalib çıxırdı.
Məqalələrindəki publisistik qabarma və çəkilmələr redaktoru heç vaxt
yormurdu. Kim bilir, bəlkə korrektorun, lap elə redaktorun təntənəli
publisistika axınına qapıla biləcəyindən ehtiyatlandığına görə idi ki, yazısı
yığılıb kağıza çıxandan sonra bir də diqqətlə oxuyub əyər-əskikliyinə əl
gəzdirirdi. Məqalə üçün foto seçməsi və onun uyğun yerləşməsinə xüsusi diqqət
yetirməsi də öz yerində. Karyerası radio və televiziyadan başlasa da, uzun
illər tamaşaçıları efir-ekranlara bənd eləsə də, təpədən-dırnağa qəzetçi idi.
Televiziyada qazandığı vizual həssaslığı qəzetdə dərc olunan yazılarının
tərtibatında da göstərməyə çalışırdı. Yaxşı xatırlayıram, səs-sənət
mogikanlarımızdan Mirzə Babayevə həsr etdiyi "Səs kanı pilləkanı” yazısının yer
aldığı səhifənin tərtibatı zamanı dizaynerin yanında əyləşib mətnin sağında bir
kolon boyu pilləkən "hördürmüşdü”.
Mən Tahir Qələmin yazılarını, üslubunu hər il baharın son ayında öz
həyətindəki tənha ağacdan dərib redaksiyaya gətirdiyi, təkcə böyüklüyü və
görkəmi ilə deyil, tamına görə də bizləri təəccübləndirən tuta bənzədirəm.
Ustadın zövqlə, həvəslə bir-bir (O cür meyvəni yetişdirən ağaca çırpanaq vurmaq
heç insafdan olmaz) dərib kollektivə ismarladığı tutlar ağzımızı dada gətirdiyi
kimi, hərəsi bir publisistika dərsi, könüllər təranəsi olan yazıları da
oxucularının zövqünə sığal çəkirdi.
Çünki o, faktları publisistik rentgendən (Fikrət Qoca haqqında bir
yazısında "filoloji rentgen” ifadəsini işlətmişdi) elə ustalıqla, elə yaradıcı
keçirirdi ki, hər fikir yeni, təravətli, cazibədar görünürdü. Hər dəfə də,
ustadın özüsayaq desək, yeni publisistika aktları, təntənəli qələm taktları
növbələşirdi...
Üçsaatlıq sevinc...
Tahir müəllim yaradıcılığına, imzasına tələbkar olduğu qədər yoldaşlıqda da
mərd, halal, diqqətcil, sonuncu tikəsini bölməyi bacaran insan idi. Bir dostu
bu ilin martında Tahir müəllimə iki əncir tingi vermişdi. O da xəbər-ətərsiz
(Yəqin həyətimiz kiçik olduğundan etiraz edəcəyimi bilirdi) birini mənim üçün
redaksiyaya gətirmişdi. Nadir növlərdən olduğu üçün bizim həyətdə də olmasını
istəyirdi. Martın əvvəllərində əkdiyim ting, nə qədər qayğı göstərsəm də,
cücərmədi. Bir gün Tahir müəllim dedi ki, özünə əziyyət vermə, gələn il mütləq
həmin əncirin yeni tingini sənə gətirəcəyəm. Mən hələ də ümidimi itirmədiyimi,
ara-sıra yenə suvaracağımı bildirdim.
Bir neçə ay ötdü. Tingdə həyat əlaməti yox idi. Doğrusu, artıq həmin
"quru çubuq” tərəfə baxmamağa çalışırdım. İyulun 18-i, bazar günü səhər-səhər
həyətdə dümələnirdim. Uşaqlar əncirimizdən xəbərim olub-olmadığını soruşdular.
Əminliklə cücərmədiyini söylədim. Dedilər, gəl bax. Gözlərimə inanmadım.
Qupquru çubuqdan iki budaq çıxmışdı: biri dörd barmaq, digəri bir qarış.
Heyrətdən donub qaldım. Ümidim cücərmişdi, sevinirdim. Elə bil o iki budaq da
sevindiyimi hiss eləmişdi. 60-70 santimetrlik ting illərdir öz meyvəsiylə
ailəmizi təmin edən əkə-bükə ağac görkəmində dil açıb "Niyə təəccüblənirsən, o
insan məni sənə elə sevgiylə, ürəklə, inamla hədiyyə edib ki, lap qayanın
üstündə də bitəcəkdim. Həm də məni sənin azalmaq bilməyən ümidin cücərtdi...”
demək istəyirdi.
Bir müddət öncə Tahir müəllimin səhhətində yaranmış problemə görə
kollektiv olaraq narahatlıq keçirsək də, şəxsən mən ümidimi itirməmişdim.
Üstəlik, oğlu Üzeyir müəllimin atasının səhhətində dönüş yaranması ilə bağlı
mesajı inamımı daha da artırmışdı. Dünyaya göz açdığı 25 sentyabrda redaksiyada
sağalıb qayıtmağını ikiqat sevinclə qeyd edəcəyimizi düşünürdüm...
Həyat əlaməti olmayan əncir tinginin "dirilməsi” barədə xəbəri Tahir
müəllimə çatdırmağa tələsmədim. Düşündüm ki, bazar günüdür, bir müddətdir
Üzeyir müəllim atasının səhhəti ilə əlaqədar yuxusuz və yorğundur. Saat 11-12
arası zəng edib həm səhhətini xəbər alar, həm də əncirlə bağlı müjdəmi
çatdıraram...
Mən saydığımı sayım, gör üzügülməz əcəl nə sayır. Telefonun ekranına
toxunuram, işıqlanır. Səsli bir mesaj. Saat 11:36. Dinləyirəm. Qəlbimi
göynədən, qəhərin suyunu çıxardan kəlmələr... Həmin andaca öz-özümə deyirəm:
"Tahir Abbaslı Publisistika Universiteti”nin qapısına heç bir açarın aça
bilmədiyi böyük qıfıl vuruldu”.
Telefonu pianonun üstünə qoyub qaçıram həyətə. Əncir tinginin
qarşısında çömbəlib "dərdləşirəm”:
- Sevinmə! Sevinmə, əncir budağı! Bilirəm, boy atacaqsan, yeni
budaqların olacaq. Ancaq Tahir Abbaslı nisgilim də səninlə böyüyəcək!
Yetişdirəcəyin əncir "torbaları” Tahirsizliklə dolacaq! Və özümə təsəlli
verirəm: Tahir Qələmin publisistika "meyvələri” həmişə təzə-tər qalacaq!
Ruhunuz şad olsun, əziz Ustad!
Fariz
Yunisli
