• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

Evli olsalar da, sevgili kimidirlər – Ailə

01.03.19 11:30 3678
Evli olsalar da, sevgili kimidirlər – Ailə
Eynar Mahmudov: "Vəfada özünə əmin bir görünüş var idi, bu, məni cəlb etdi”
Vəfa Əkbər: "O, fərqli, cəsarətli idi, heç kimdən çəkinməzdi”

5 il sevgili olublar, 4 ildir ki, evlidirlər. Lakin hələ də sevgili imiş kimi görünürlər. Özləri də bunu etiraf edirlər, deyirlər ki, əslində yenə də sevgilidirlər, fərq yalnız bir evdə yaşamaları və bir övladlarının olmasıdır.
"Ailə” rubrikamızın qonaqları "Eros” psixologiya mərkəzinin rəhbəri Eynar Mahmudov həyat yoldaşı psixoloq Vəfa Əkbərdir.

İlk olaraq cütlüyümüzün tanışlıq tarixçəsinə nəzər salaq. Tanışlıqları Bakı Dövlət Universitetində təhsil aldıqları vaxtda olub. Vəfaya ilk baxışdan aşiq olan Eynar, bu tarixçəni özü danışdı: "Mən fəlsəfə üzrə oxuyurdum, Vəfa psixologiya. Artıq 4-cü kursda idim, o isə 2-ci. İkimiz də sinif nümayəndəsi idik. Necə olubsa, o müddətə qədər Vəfanı görməmişdim. Bir gün dekanlıqdan jurnal götürəndə qarşılaşdıq. Ağlımda qaldı, kim olduğunu araşdırmağa başladım. İlk araşdırmam düz olmamışdı, yanlış ixtisas, başqa bir ad deyilmişdi (Gülür). Amma sonra tapdım”.

Vəfa deyir ki, Eynar birbaşa fikrini deməmişdən əvvəl onun diqqətini çəkəcək jestlər edirmiş: "Qrupumuzun jurnalını dekanlıqdan götürəndə, baxırdım ki, jurnalın arasına gül qoyub. Fikrini mənə deyənə qədər bu üsullardan istifadə edirdi. Həmin ərəfədə qrupda ödənişsiz təhsil alanların kartı yenidən düzəlməli idi. Bütün sinif nümayəndələri dekanlığa yığılmışdı, ərizə göndərilməsi üçün hamı öz elektron ünvanını yazırdı. Ordan mənim elektron adresimi götürüb yazmışdı”.


"Ailəsini razı salmaq 4 il çəkdi”

Eynar deyir ki, xanımın qəlbini ələ ala bilsə də, valideynlərini razı salmaq heç də asan olmayıb: "Dekanlıqda Vəfa iki e-mail adresi yazmışdı, ikisini də götürdüm. Dostlarım da araşdırırdı, ardınca dostum Vəfanın əsas e-mail ünvanını gətirdi. 2010-cu ilin noyabrın 24-də yazdım, ilk yazışmamız ordan başladı. İndi də özəl günümüz kimi o tarixi qeyd edirik. Xanımın özündən "hə” cavabı ala bilsəm də, ailəsini razı salmaq 4 il çəkdi. Mən gürcüstanlı idim, valideynlərim orda yaşayırdı. Hər il Gürcüstandan Bakıya elçiliyə gəlirdik (Gülür). Axırda razılığı aldıq”.

Vəfa deyir ki, valideynləri Eynarın ailəsini tanımadıqları üçün razılıq vermirdilər: "Hər il Gürcüstandan Azərbaycana elçi gəlirdilər, bizimkilər razı olmurdu. Axırıncı dəfə Eynar dedi ki bu, axırıncı güldür, bəsdir (Gülür). Valideynlərim yoldaşımı tanımırdı, amma tanıyandan sonra razı oldular”.


"Eynarın fərqliliyi, cəsarəti məni cəlb etdi”

Vəfa deyir ki, Eynar cəsarətli addımları ilə onun diqqətini çəkib: "Tələbə vaxtı ətrafda tanıdığım gənclərin çoxunda stereotiplər, utancaqlıq, çəkinmə var idi. Amma o, fərqli, cəsarətli idi, heç kimdən çəkinməzdi. Jurnalın arasına gül qoyması ilk vaxtlar məni qıcıqlandırırdı. Çünki bizə hamı kimi olmaq öyrədilmişdi, mən də bunu qoruyurdum. Amma sonra Eynarın fərqliliyi, cəsarəti məni cəlb etdi. Çox aktiv idi. Təsəvvür edin, biz 9-cu mərtəbədə liftə minəndə, o pilləkənlə düşürdü. Biz liftdən düşəndə, o, artıq liftin qabağında olurdu”.

Eynar isə Vəfanın özünə əminliyini bəyənib: "Gözəllik, saçlarının qıvırcıq olması öz yerində (indi saçları buruq deyil, amma o vaxt elə idi). Lakin Vəfada özünə əmin bir görünüş var idi, bu, məni cəlb etdi. O vaxt Azərbaycan xanımlarında bu, çox az idi”.

"Bir-birimizdən heç nə gizlətmirdik”

Və evlənirlər. Eynarın evliliyə alışması isə bir az vaxt aparır: "Valideynlərim Gürcüstanda olur deyə, Bakıda vaxtımı, adətən, dostlarla keçirirdim. İki universitet bitirmişəm, hərəsindən xeyli qrup yoldaşım var. Evlənəndən sonra da ilk vaxtlar dostlarla çox vaxt keçirirdim deyə, bir az narazılıq olurdu, amma zamanla artıq burda balansı qoruduq”.

Vəfa evlilikdən sonra onlar üçün heç nəyin dəyişmədiyini bildirdi: "Bir yerdə yaşamağa uyğunlaşmaq dövrü oldu, o da çox uzun çəkmədi. Sevgililik müddətində necə idisə, indi də eləyik. Dəyişən odur ki, oğlumuz var və bir evdə qalırıq”.

Eynar evlilikdən sonra bir-birində hər hansı xüsusiyyətləri kəşf etməmələrinin səbəbindən danışdı: "Universitet vaxtı bizdə dərs saat 1-də bitirdi, dərsdən sonra görüşürdük, 5-ə qədər bir yerdə olurduq. O müddətdə biz hər şeyi danışmışdıq, bir-birimizi tanıyırdıq. Bir-birimizdən heç nə gizlətmirdik. Bəzən mənə deyirdilər ki, yalandan "Bakıda evim var” de. Amma heç nəyi yalan danışmadım. Hər şeyi olduğu kimi dedim. Nə qədər stereotiplərlə yaşamasaq da, azərbaycanlı kişilərdə "olar-olmaz” söhbəti az da olsa, olur, onları əvvəldən dedim ki, sonra problem yaranmasın. Xanım da həmçinin bildirmişdi ki, nəyi sevir, nədən xoşu gəlmir. Ona görə, evlilik müddətində elə də çox çətinliyimiz olmadı. 1-2 ay xırda çətinliklər oldu, amma o da öz axarına düşdü”.


"Düyünü sevmirəm, amma onun bişirdiyi plovu yeyirəm”

Bir az da ailənin mətbəxindən danışaq. Vəfanın sözlərinə görə, Eynarın ürəyinə gedən yol birbaşa mədəsindən keçir: "Ac olanda özündən tez çıxır, əsəbi olur. Ac vaxtı stolun üstündən çörək də istəyə bilməzsən. Yemək yeyəndən sonra dünyanı istə, verəcək. Buna görə, böyük problemimiz olmur, amma xarakteri belədir”.
Yeməyi sevən Eynar, xanımının əlinin duzunun yaxşı olduğunu deyir: "Evə ac gələndə, xanım nə isə söz demək istəyəndə, deyirəm ki, acam. Söhbət bağlanır, yemək yeyib qurtardıqdan sonra söhbət edirik. Əl qabiliyyəti çox yaxşıdır. Düyünü sevmirəm, amma onun bişirdiyi plovu yeyirəm. Yaxşı şirniyyat, salatlar hazırlayır. Düzdür, axır vaxtlar iş cəhətdən yemək bişirmək alınmır, çünki bir yerdə işləyirik, iş çox olduğu üçün evə gec gedirik, onda da çalışırıq çöldə yeyib gedək. Çünki evdə yemək bişirməyə vaxt getsə, uşağa vaxt ayıra bilməyəcəyik”.

Eynar yeməyi sevdiyi kimi, xanıma mətbəxdə kömək etmək cəhətdən də həvəslidir. Vəfa bildirdi ki, əvvəllər onun mətbəxə keçməsini qəbul edə bilməsə də, artıq öyrəşib: "Yeməyi hazırlayıb, süfrəyə özüm təqdim etməyi sevirəm. Ona görə, mətbəximə kiminsə girməyini sevmirəm. Mən mətbəxə keçəndə yoldaşım gəlib hər proseslə bağlı sual verirdi. Sona bir az qıcıq oldum, dedim ki, sual verincə, yardım et. O da dedi ki, sən de, mən də edim. Sonra artıq buna öyrəşdim. Bir dəfə xəstə idim, makaron bişirmişdi, soğanı çox yandırmışdı (gülür). Qəşəng kotlet bişirir. Süfrəni həmişə o açır. Mən hazırlayıb gətirənə kimi edir. Hətta bəzən səhərlər belə, çörəyin arasında nə isə gətirəcək ki, ye. Bu xüsusiyyəti oğluma da keçib”.


"Lazım olanda qabları da yumuşam”

Vəfa ev işlərində də yoldaşının ona köməyinin çox olduğunu əlavə etdi: "Oğlumuz 1 yaş 4 aylıqdır. Gecələr uşaq ağlayanda o, məndən əvvəl oyanır. Bircə, xəstə olanda oyanmır, o da ağrıkəsici filan içir, onlar da yuxu gətirir deyə, oynamaq çətin olur. Digər vaxtlar özü qalxır. Hətta doğuşa da mənimlə bir yerdə girmişdi. Uşaq cəhətdən köməyi çox olur. Ev işlərinə maksimum dərəcədə kömək edir. Mən ev işləri ilə bağlı daha həssasam, amma o da nəsə edir”.
Eynar deyir ki, xanıma ev işlərində kömək etmək cəhətdən kompleksi yoxdur: "Kənardan baxanlara fikir vermirəm, əsas olan ailə bağlarıdır. Lazım olanda qabları da yumuşam. İndi mən daha çox oğlumla oluram. Çünki evdə olanda birimiz uşağa baxmalıyıq, birimiz mətbəxə keçməlidir. Ona görə, daha çox özü edir, amma bu işləri görməkdən çəkinmirəm”.


"Biz üzr istəməyi bacarırıq”

Təbii ki hər ailədə mübahisələr olur. Eynar deyir ki, kim günahkardırsa, o, bu zaman su olur: "Biz üzr istəməyi bacarırıq. Kim günahkardırsa, üzr istəyir və niyə üzr istədiyini deyir. Əgər dünyanı dağıtsa belə, sonra səhvini etiraf edib üzr istəyirsə, o, bizdə unudulur və açılmır”.

Həm də iş yerləri eynidir. Eynar bunun mənfi və müsbət tərəfləri olduğunu deyir: "İş yerləri ayrı olanda axşam evdə birləşəndə danışılası mövzu çox olur. Amma biz bütün gün bir yerdəyik. Bu, bir az monotonluq yaradır, bundan qaçmağa çalışırıq. Bir də mənfi tərəfi odur ki, evdə də işdən danışırsan. Yaxşı tərəfi isə bir-birimizin yanında olmağımızdır”.

Vəfa isə hər konsultasiyadan çıxanda Eynarı görməyə öyrəşib: "Bəzən işi olur, harasa gedir, konsultasiyadan çıxanda görməyəndə mesaj yazıram ki, hardasan? Deyirəm ki, mən konsultasiyada olanda hara gedirsən get, amma çıxanda səni görüm. Mən onu görəndə növbəti konsultasiyanın enerjisini alıram. 2 saniyəlik də olsa, görüm”.


"...mütləq öz bildiyini edəcək”

Bir-birində bəyənmədikləri xüsusiyyətlər də var. Vəfa Eynarın sağlam qidalanmaya meyl etməməyindən şikayətçidir: "Mən sağlam qidalanmağı çox sevirəm, o, xəmir yeməklərini. Ət olmayan yeməyə yemək demir. Şirniyyatda da yüngül qidaları sevirəm, qaymaqlı-filan. O isə yağlı, qozlu sevir. Bu tərəfini sevmirəm”.

Eynar isə Vəfanın öz bildiyini etməsi kimi xüsusiyyətini bəyənmir: "Ona "bunu belə et” deyirəmsə, gərək niyə belə etməsi lazım olduğunu da izah edim. Əgər tələsik "bunu belə et” deyib gedirəmsə, izah vermirəmsə, mütləq öz bildiyini edəcək. Əgər belə olmasını istəmişəmsə, deməli, bir bildiyim var, amma bu, işə yaramır”.

Vəfa deyir ki, bu, onun inad etməyi deyil: "Sən tələsik deyib gedibsən, onun təhlükəsiz olduğuna necə əmin olum? Mən edərəm, yaxşı alınmaz, sonra gəlib deyər ki, bir özün də analiz edərdin, mənim deməyimlə deyil ki. Amma öz yanaşmasının izahını verəndə, artıq bu zaman mənə daha aydın olur”.


"Xanım deyir ki, ata hirsləndi”

Uşağın tərbiyəsinə xüsusi yanaşdıqlarını deyirlər. Eynar bunun üçün davamlı kitab oxuduğunu bildirdi: "Uşaq tərbiyəsi ilə bağlı yeni 10 kitab almışam. İmkan olduqca oxumağa çalışıram. Ancaq ümumi tərbiyəsi ilə xanım məşğul olur. Müəyyən mənada uşaq atadan bir az çəkinməlidir. Düzdür, mən uşaqla o sərhədi saxlamıram, deyib-gülürəm, oynayıram. Amma uşaq səhv edəndə mən bir az qırağa çəkilirəm, xanım deyir ki, ata hirsləndi. Ata hirsli deyil, bəlkə heç söhbətdən xəbərim də yoxdur. Lakin bu metoddan istifadə edir”.

Vəfa "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir” yanaşmasının tərəfdarıdır: "Uşaq olar-olmazı, ədəb-ərkanı, qayda-qanunları bilməlidir. Biri var, standart qayda-qanunlar, biri var, ailə dəyərlərimiz. O, yeməyini yeyib bitirsə belə, biz qalxana qədər süfrədən getmir. Süfrə mədəniyyətini, ailə dəyərlərini ona aşılamağa, qorxu ilə yetişdirməməyə, sərhədlər qoymamağa çalışırıq. Nifrət yaranmasın, şiddətdən uzaq, komplekssiz olsun. Qayda olduğu üçün deyil, içindən gəldiyi üçün hörmət etsin. Mərhəmətli olsun, insanları sevsin”.


"Sevginin daimi qalması da önəmlidir”

Ailəni möhkəm edən səbəblərə gəlincə, Eynar bunun düzgünlük, qarşılıqlı hörmətə bağlı olduğunu dedi: "Xanım mənim qulum deyil, bir şəxsiyyətdir. İki şəxsiyyət birləşib "biz” olur. Sən dediyin olursa, bu, sən olursan, mən dediyim olursa, mən. İkimiz dediyimiz olursa, "biz” olur. Biz olarsa, uzun çəkir. Mənəmsə, sən olmayacaqsan. Burda "biz” olmaq çətindir”.

Vəfaya görə isə ailəni möhkəm edən dəyər sistemləridir: "Sevgili vaxtından belə başlamışam. Mənə görə, yalançı təsəllidənsə, acı gerçək yaxşıdır. Mütləq dünyagörüşləri bir olmalıdır. Əgər dünyagörüşü və dəyər sistemləri fərqlidirsə, çətin olar. Bir də sevginin daimi qalması da önəmlidir. Evli olsaq da, sevgili kimiyik. Mənim üçün bu, çox önəmlidir”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər