Sərhədçilərin ilk və yeganə qadın pilotu - Fotolar

Heydər
Əliyev adına Ali Hərbi Məktəbə sənədləri təqdim edəndə, onlar 31 qız idi. Hərbçi
olmaq, vətənə xidmət etmək arzusu onları bu çətin yolun yolçusuna çevirmişdi.
Ürəklərində gəncliyin min arzusu, min diləyi...
2004-2008-ci illəri əhatə edən təhsil dövründə bu ali məktəbə daxil olan
qızlardan yalnız 16-sı tədrisin ağırlığına və çətinliyinə tab gətirə bildi. O
kursantlardan biri də Dilarə Babayeva idi. Gələcəkdə ilk və yeganə sərhədçi
pilot olacaq xanım... Raket qoşunları və artilleriya heyətində xidmət üçün idarəetmə
mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alandan sonra o, zabit olmaq
arzusuna çatdı. Vətənpərvərlikdən yoğrulan arzuları tam həyata keçməsə də, gənc
ömrü yarıda qırılsa da, adını silahlı
qüvvələrimizin çağdaş tarixinə yazdıra bildi – Sərhədçilərin ilk qadın pilotu
kimi...

«Mən elə bir insan olacağam ki...”
Sumqayıt
şəhərindəki ata ocağına baş çəkib, valideynlərindən gənc zabitin vətənpərvərliklə
keçən qısa ömrünün hekayətini dinləyirəm. Bu həyat hekayəti kədərli olduğu qədər də, şərəflidir, qürurvericidir.
"Mən qızımın hərbçi olmasını heç istəmirdim. Bu peşənin şərəfli olması xoş gəlsə
də, çətinliyi məni qorxudurdu. Dilarənin həkim olmasını arzulayırdım”- deyə
atası Aydın Babayev danışır: ”Hərbi iş qız üçün deyil» - deyirdim. Dilarə də hərbi
həkim olmaq istəyirdi. Oxuduğu ali hərbi məktəbdə həmin sahə üzrə tədris olsa
da, sonradan ləğv edildi. Dilarə də quru qoşunları sahəsi üzrə təhsil almağa
başladı. O, kursant ikən bütün əziyyətlərə dözdü. Qışın soyuğunda, yayın
qızmarında, payızın çiskinində Bakı ilə Sumqayıt arasındakı yollarda idi. Bu
yolları demək olar ki, bir yerdə gedib gəlmişik. Hərbi təlimlər zamanı ağır
silahları çiynində daşımaqdan yorulmurdu. Dəfələrlə «qızım, nə qədər gec deyil,
bu peşədən uzaqlaş, özünə rəhmin gəlsin» - desəm də, yolundan dönmədi. Bir az
da tərsliyi vardı. «Mən elə bir insan olacağam ki, hamı məni barmaqla göstərsin»
- deyirdi. Dilarə nəyə nail oldusa öz zəhməti və bacarığı sayəsində qazandı”.

D.Babayevanın
hərbi işə marağı hələ orta məktəbdə oxuduğu illərdə yaranıb. Babası müharibə
iştirakçısı olub. Qohumları arasında da hərb sahəsində xidmət edənlər
olduğundan gizli bir arzu onu da bu sahəyə bağlayıb. Sumqayıt şəhərindəki 13
saylı orta məktəbdə, daha sonra "Təfəkkür” liseyində oxuduğu illərdə də hərbi
hazırlıq dərslərinə xüsusi marağı müəllimlərinin gözündən yayınmayıb. "Təfəkkür” liseyinin hərbi hazırlıq müəllimi
Eldar Ağayev məktəb illərində tərbiyəsi və qabiliyyəti ilə fərqlənən Dilarəni
həm də məğrur və vətənpərvər şagird kimi xatırlayır: «Dilarə hələ orta məktəbdə
oxuyanda ali hərbi məktəbə daxil olmağı arzulayırdı. O, təsadüfən hərbi məktəbə
daxil olmadı. O, məhz bu arzu ilə yaşayırdı. Qızların hərb peşəsini seçməsi
nadir hallarda olur. Dilarə bu baxımdan, həmyaşıdlarından fərqlənirdi. O, istədiyi
hər hansı bir sahəyə üz tuta bilər və uğur qazanardı. Yadımdadır, bir dəfə məktəbdə
«Zabit olmaq şərəfdir» mövzusunda referatlar hazırlayırdıq. Dilarənin çıxışını
eşidəndə onun daxilindəki vətənpərvərliyə heyran oldum. Biz belə bir şagirdimizə
görə fəxr edirik. Dilarə Babayevanın həyatı gənclər üçün əsil vətənpərvərlik və
hərbi peşəyə məhəbbət nümunəsidir”.

«Öz ixtisasım üzrə işləyəcəyəm»
"Təhsilini
başa vurandan sonra Dilarəni Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə göndərdilər”-
deyə anası Səmayə Babayeva xatırlayır: "Sonra mən avtomabil qəzası nəticəsində
ayağımdan zədə aldığım üçün Dilarə işdən uzaqlaşdı. "Sənə qulluq etmək üçün evdə
qalıram”- dedi. İki ilə yaxın - sağalana qədər mənə qulluq etdi. Bir gün
televizorda «Sərhəd Qoşunlarına peşəkar kadrlar lazımdır» elanını eşidəndən
sonra iş üçün müraciət etdi. Dövlət Sərhəd Xidmətinə qədər çox hərbi qurumlara
müraciət etsə də, qəbul etməmişdilər. Sərhəd Mühafizəsinə müraciət etdikdən
sonra general-polkovnik Elçin Quliyev onu qəbul etdi. İmtahandan da yaxşı
keçdi. Onu çox sınadılar, məqsədindən yayındırmaq istədilər, ancaq inadından
dönmədi. «Mən öz ixtisasım üzrə işləyəcəyəm» dedi. Bir ildən sonra Sərhəd
Qoşunlarında xidmətə qəbul olundu. Dilarə sözün həqiqi mənasında hərbçi idi. Sərhəd
Qoşunlarının komandanı Elçin Quliyev də onun qətiyyətini və fədakarlığını qiymətləndirdi.
Çünki Sərhəd Mühafizəsinə Dilarə kimi bacarıqlı kadrlar lazım idi”.

"Ata, mən uçuram...”
2012-ci
ildən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində xidmətdə olan
D.Babayeva kapitan rütbəsinə qədər yüksəlir. Respublika Aviasiya Akademiyasında
hərbi pilot kimi bir illik idarəetmə kursu keçərək, manqa şturmanı kimi xidmətdə
olması isə onun hərbi işlə bağlı arzularına daha da qanad verir. Sonra onu Səngəçalda
Sərhəd Qoşunlarının müvafiq hərbi hissəsinə xidmətə göndərirlər. Təlimlərdə
iştirak edir, dəfələrlə uçuşlar keçirir: "Hərbi sirr olduğu üçün hər şeyi evdə
danışmırdı. Ancaq hiss edirdim ki, işindən razıdır. Səhhətini yoxlamaq üçün hər
ay həkim müayinəsindən də keçirirdilər. Dilarə işi ilə nəfəs alırdı»- deyə
atası söhbətinə davam edir: "Bir gün «Ata, mən vertolyot sürmək istəyirəm» dedi.
«Ay qızım, sənin göydə nə işin var» deyib, etirazımı bildirdim. Dilarə
inadından dönmədi. İlk uçuşunu keçirəndə zavodda işdə idim. Yazın son günləri
idi. Birdən telefon zəng çaldı: «Ata, bu gün uçmuşam» - deyə sevinclə bildirdi.
Səsi hələ də qulağımdadır. Ondan sonra dəfələrlə uçuşlar keçirdi. Paraşütlə
hündürlükdən tullanırdı. Qısa müddət ərzində ona baş leytenant rütbəsi
verildi”.

Atası nə qədər etiraz etsə də, içindəki qürurunu gizlətmirdi. Qızı ilə
fəxr edirdi. Hər dəfə Sumqayıt səmasından
vertolyot ucanda göyə boylanır və "bu, mənim Dilarəmdir”- qürurla deyirdi: "Dilarənin oxuduğu məktəb onunla fəxr edir.
O, işinə məsuliyyətlə yanaşırdı.
Valideynlərinə layiqli övlad idi. Dilarə 12 il hərbçi kimi xidmət etdi. Səhər
sübh 6-da evdən çıxır, axşam qayıdırdı. Biz onu heç doyunca görmürdük, üzünə həsrət
idik. İşlədiyi müddətdə həmişə evimizə maddi cəhətdən yardım edirdi. Ailəmizin
pul, ərzaq, geyim, kommunal və s. xərclərinin ödənilməsində köməklik göstərirdi.
Ağır işinə və gün ərzində xidmətdə olmasına baxmayaraq, ailənin çətinliklərini
o da öz üzərinə götürürdü. İstər xidmət sahəsində bacarıqlı kadr kimi, istərsə
də ailədə, qohum-qonşu yanında hörmət qazanmışdı. Dilarə hamının işinə-gücünə
yarayırdı. O, mərd və cəsur qız idi. Heç kimə möhtac olmaq istəmirdi. Biz ona
belə tərbiyə etmişdik”.
2015-ci
ildə Dilarə Babayeva nişanlanır və valideynləri onu böyük arzularla gəlin
köçürürlər. «Fikirləşdik ki, ailə qurandan sonra bəlkə bir az rahatlığı olar. Tale elə gətirdi ki, gəlin köçdüyü
evdən də onu son mənzilə yola saldıq» - deyə atası kövrəlir: «Gəlin köçəndən 8
ay sonra... həkimlərimizin naşılığı sayəsində hamilə qızımızı itirdik. Həm özü,
həm də bətnindəki övladı tələf oldu... Vətən isə onun timsalında fədakar
zabitini itirdi».

"Qələbə bayrağını özüm aparacağam”
Dilarənin
ölümündən sonra hərbçi yoldaşları onun ailəsini unutmurlar. Gənc pilotun
boya-başa çatdığı evə tez-tez gəlir, ata-anasına baş çəkir, vətənpərvər
yoldaşlarını xatırlayır, məzarını ziyarət edirlər. Zabit yoldaşlarının diqqəti dərddən beli bükülən ata-ana üçün əsil
təsəlliyə çevrilib: «O zabitlər hamısı general-polkovnik Elçin Quliyevin tərbiyə
etdiyi kadrlardır. Ailədə ata yaxşı olanda övlad da yaxşı olur. Elçin Quliyev
özü də iki dəfə bizim evimizə baş çəkib, vəziyyətimizlə maraqlanıb. O, Dilarəni
vətənin layiqli əsgəri kimi dəyərləndirirdi”- deyə atası söyləyir: "Dilarə Vətənin
övladı idi. Vətənə qulluq edirdi”.
DSX-nin Aviasiya Dəstəsinin polkovniki Xaliq
Quliyev sərhədçilərin
ilk qadın pilotunun ölümünü böyük itki adlandırır: "Dilarə məsuliyyətli, işini
sevən və ən əsası peşəkar zabit idi. Hərb sənəti üçün lazım olan bütün keyfiyyətlər
onda toplanmışdı. Qadın olsa da, hərbi işdə kişilərdən az bacarıq nümayiş
etdirmirdi. Onun ölümü bizim üçün böyük itkidir. Dilarə sərhədçilərin ilk və
yeganə qadın pilotu kimi xüsusi nüfuza malik idi. Həm də səmimi, mehriban iş
yoldaşı idi”.

D.Babayeva
ilə birlikdə DSX-nin Aviasiya dəstəsində xidmət
edən mayor Vüsal Qəniyev zabit yoldaşını inadkar, bacarıqlı və cəsarətli
pilot kimi xatırlayır: «Biz işə bir yerdə gedib-gəlirdik və gün boyu da bir
yerdə olurduq. İnsan kimi çox dərdləşirdik. O, qadın olsa da, kişi kimi cəsarətli
idi. Nəinki aviasiya dəstəsində, ümumiyyətlə,
Sərhəd Qoşunlarında böyük nüfuza malik idi. Hamıya hörmətlə
yanaşdığından, iş yoldaşları da ona böyük hörmət bəsləyirdi. Mənim yaddaşımda o,
sadiq və səmimi bir dost kimi qalıb”. V.Qəniyev zabit yoldaşının ölümündən
sarsıldığını deyir: "Dilarə hərbi işə peşəkar səviyyədə yiyələnmişdi. Onun ölüm
xəbərini eşidində çox məyus olduq. Açığı, hələ də bu xəbərə inanmırıq. Daim
deyib-gülən, işinə məsuliyyətlə yanaşan, cəsarətli bir hərbçinin ölümünə necə
inana bilərik? Yalnız məzarı üstünə gedəndə onun yoxluğunu hiss edirik. Dilarə
bizimlə çalışan yeganə pilot qadın idi. Sıralarımızda hərbiçi qadın çoxdur,
ancaq pilot qadın yoxdur. O, əsil vətənpərvər idi. "Hərbi sənətini sevən vətənpərvər
olmaya bilməz”- deyirdi. O, həqiqətən də vətənpərvər idi”.

Dilarə
Babayevanın həyatı böyüyən gənclər üçün əsl vətənpərvərlik və hərbi peşəsini
sevmək nümunəsidir. «Əgər Baş Komandan
müharibə əmri versə, vertolyotla cəbhəyə birinci mən gedəcəyəm. Qələbə
bayrağını özüm aparacağam. Kimin oğlu məndən artıqdır» - deyirmiş. Gənc pilotun
vətən sərhədlərini daim göz bəbəyi kimi qorumaq, ölkəmizin əmin-amanlığının
keşiyində ayıq-sayıq durmaq arzusu vardı. Dilarə Babayeva vətənimizi azad görmək,
yağı düşməndən qorumaq arzusu ilə yaşayırdı.
Torpaqlarımızın
düşmən işğalından azad olacağı, sərhədlərimizdə sakitliyin bərqərar olacağı gün
fədakar pilotun da ruhu sakitlik tapacaq...
Təranə Məhərrəmova
Yazı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə keçirdiyi müsabiqəyə
təqdim edilir
