• cümə, 29 Mart, 13:55
  • Baku Bakı 14°C

Səhnəmizin Məcnunu - İNCƏ BAXIŞ

20.11.21 09:15 1404
Səhnəmizin Məcnunu - İNCƏ BAXIŞ
"Məcnun Hacıbəyov dünyasını dəyişdi...” Tanınmış aktyorun ölümü ilə bağlı xəbəri oxuyub heyfsiləndim. Həm də nostalji hisslər keçirdim. Onu uşaqlıqda televiziya ekranlarında görmüşəm. Ailəlikcə ağ-qara ekranın başına yığışıb "Göz həkimi”, "Qatarda”, "Alov”, "Atayevlər ailəsi” teletamaşalarına, ”Qəzəlxan”, "Kişilər” filmlərinə baxdığım vaxtlardan tanıyıram.
Sonra Azdrama-nın səhnəsində oynadığı rollarına tamaşa etmişəm. Ekran yaddaşımdan səhnəyə köçən aktyor möhtəşəm oyunu ilə yaddaşımı təzələyib.
Məcnun Hacıbəyov sevilən aktyor idi. Özünəməxsus oyunu, tükənməyən istedadı, rollarına fərqli yanaşması vardı. Aktyor oyunu onu səhnədə və ekranda görənlərin yaddaşına həmişəlik həkk edirdi.
40 il səhnədə
Məcnun Hacıbəyov Əməkdar artist idi. Ömrünü teatra fəda etməsinə baxmayaraq, Xalq artisti adına layiq görülməmişdi. Təqdimatına laqeyd yanaşan o zamankı teatr rəhbərliyini, Mədəniyyət Nazirliyini günahlandırırdı. "Deməli, mən buna layiqəm” deyə küsüb, inciyirdi. Haqqı da vardı. 40 illik aktyorluğunu, teatr və sənət yanğısını görməzdən gəlmişdilər, əməyini layiqincə dəyərləndirməmişdilər...
Teatrdakı tənha otaq
Məcnun Hacıbəyov bir neçə il doğma teatrın divarları arasında yaşamışdı. Evini satıb övladlarını yerbəyer etmişdi. Evi olmadığından teatrın divarları arasına sığınmışdı. Teatrın o zamankı rəhbəri Həsən Turabov aktyor həmkarına canıyananlıq etmişdi: ona teatrda otaq vermişdi. Teatrdakı rəhbər dəyişiklikləri də aktyorun həyatından izsiz ötmürdü. O, doğulduğu Quba ilə teatr arasında qalmışdı.
Əliabbas Qədirov teatra rəhbər təyin olunanda "teatr qonaq evi və ya yataqxana deyil”- deyə aktyora otağı tərk etməyi tapşırmışdı. Aktyor sənətinin məbədindən ayrılıb yenidən Qubaya qayıtmışdı. Bir müddət sonra Əliabbas Qədirov ya teatrda onun rollarına ehtiyac olduğundan, ya həmkarlarının təkidi, ya da peşmanlığından yenidən aktyoru geri çağırmışdı. Teatrın məcnunu teatra dönmüşdü. Yenə bir müddət teatrdakı tənha otağına sığınmışdı, yenə səhnədə ara-sıra rollar oynamışdı, yenə qəlbindəki xatirələrlə yaşamışdı...
Unudulmayan rollar
Nəhayət, bir gün 40 ilini həsr etdiyi səhnədən, canı qədər sevdiyi teatrdan, tamaşaçılardan, qiymətli xatirələrindən də əl götürüb yenidən rayona qayıtmışdı. Bu dəfə həmişəlik getmişdi. Ara-sıra ona baş çəkənlərə "kənd-kəsəkdə iş çox olur, başımı qatıram” deyirdi. Amma onun gedişi ilə milli teatrımız nə qədər sanballı rollardan məhrum oldu...
Məcnun Hacıbəyov 86 yaşında həyata vida etdi. Amma Azərbaycanın televiziya, kino və teatr sənətinə unudulmayan rollar bağışladı. Özü ilə apardığı isə xalqın sevgisi oldu.
Məkanın cənnət olsun, Əmir kişi, Fatı, Tumacov, usta Əliş, Murtuz, Ağasəlim, Gülüşov...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər