Şəhanə Hacıyeva özünə inamın sirlərini bölüşür

Paralimpiya
çempionu: "Nailiyyətlər qazandıqca "bacarar” deyənlər də təbrik etdi,
"bacarmaz” deyənlər də”
Uşaq
yaşlarında arzusu hüquq oxumaq olur. Qardaşını cüdoya aparıb-gətirən anasının
yanında idman zalına getdikcə, məşqləri izlədikcə isə, idmana marağı yaranıb.
Valideynlərinə "məni də idmana yazdırın”, qardaşının müəlliminə "mən də idmana
gəlmək istəyirəm” deyib, aldığı cavablar isə "yox!” və "olmaz!” tipli olub.
Ancaq bu gün idmandadır. Söhbət "Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə
ilk qızıl medal qazandıran Azərbaycan paracüdoçusu Şəhanə Hacıyevadan gedir.
Qeyd edək
ki, əslən Cəbrayıl rayonundan olan Şəhanə 2000-ci ildə Sumqayıt şəhərində
anadan olub.
"Qarşısını
kəsmək istəmədim”
8 yaşlı Şəhanənin
idmana gedən yolunun qarşısındakı ilk "yox”larla mübarizəsi ilə başlayaq. O,
ilk olaraq anası Nəzakət Səmədovanı
razı salır: "Mənim yanımda gedib-gəldikcə idmana
marağı yarandı, məşqə getmək istədiyini bildirdi. Dedim ki, bəs hüquq oxumaq
istəyirdin? İdmana getsə də, dərslərini də yaxşı oxuyacağına söz verdi. İdmanı
istəməklə yanaşı, çox israrlı idi. Dedim ki, atanla danışaq”.

Atası İbadət Hacıyevin arzusu oğlunu idmanda görmək olur, qızının
idmana getmək istədiyini eşidəndə isə, ilk dəfədən razılıq vermir: "Mən 7
yaşımdan idmanın içindəyəm. Müəyyən səbəblərdən idmanda özümü doğrulda bilmədim.
Ona görə oğlum Səxavəti idmana davam etməsi üçün müəllim yanına qoyduq. Bir dəfə
gördüm ki, Şəhanə ağlayır. Səbəbini soruşanda, dedi ki, mən də idmana getmək
istəyirəm. Dedim ki, qız uşağısan, qohum-qonşu nə deyəcək? Ancaq çox istədiyini
və israrını görəndən sonra idman müəllimi ilə danışdım, dedim yoxlasın. Qarşısını kəsmək istəmədim”.
Şəhanənin
inadkarlığı
Şəhanə deyir ki, qız uşağı
olduğu üçün ailəsinin ona idman qadağası qoyacağını düşünməyib: "9 yaşıma qədər qız uşağı
olduğum üçün ailəm məni nədənsə məhrum etməyib. Bilirdim ki, idmana da
qoyacaqlar. Sadəcə, bir az israrım və özümü göstərməyim lazım idi. Nəinki razı
oldular, həm də dəstək göstərdilər”.
Müəllimi Fərid Ağakişiyevin sözlərinə görə, Şəhanə inadkarlığı nəticəsində
idmana gəlib: "Qardaşının arxasınca gəlib-gedəndə həvəsi yaranmışdı. Valideynləri
də, mən də bunun müvəqqəti həvəs olduğunu düşündük. Hər dəfə gəlib deyirdi ki,
mən də məşq edim. Deyirdim ki, get, sabah gələndə, edərsən. Hər sabah gələndə məşq
etmək istədiyini deyirdi, inadkarlığından əl çəkmirdi. O sabahların birində
dedim ki, gəl, başlayaq. Fikirləşdim ki, oğlanlarla güləşdirirəm, oğlanlar onu
yıxır, ağlayır, çıxıb gedir. Tam tərsinə oldu. İlk məşq günü oğlanlara qalib gəldi”.

"Həkim
dedi ki, bu problemin həlli yoxdur”
Beləliklə,
o, qısa müddətdə idman marağının keçici həvəs olmadığını sübut edir. 2011-ci
ildə Milli Olimpiya Komitəsinin yeniyetmə üzvlərindən olur və bu yolda uğurla
addımlamağa davam edir.
12 yaşında
onda görmə problemi aşkarlanır. İlk getdiyi həkim "idman olmaz!” deyir: "Görmə
problemi məndə anadangəlmə var. Uşaq vaxtı buna çox da fikir vermirdim. Zaman
keçdikcə baş ağrılarım artırdı, lövhədə hərfləri qarışıq görürdüm, səhv
yazdığım olurdu. Müəllimlərim valideynlərimə demişdilər ki, Şəhanə hərflərin
yerini səhv salır, həkimə göstərsəniz, yaxşı olar. Həkim baxdı, dedi ki, gözündə
problem var. Bildirdi ki, mənə idman olmaz. Buna çox pis oldum. Sonra başqa həkimə
də getdik, bildirdilər ki, idmanın mənfi təsiri yoxdur və mən davam etdim. Həkim
dedi ki, bu problemin həlli yoxdur, görmə qabiliyyətin getdikcə azalacaq”.
Şəhanə bu
müddətdə də davam edir. 2015-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən
yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyində iştirak edir, birinci
yeri qazanır. 2016-cı ildə Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında
cüdo üzrə Avropa kuboku yarışlarında iştirak edir, birinci olur. 2016-cı ildə
Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunda isə üçüncü yerdə
qərarlaşır.

"Artıq
idmanlıq deyiləm”
Zaman
keçdikcə Şəhanənin görmə problemi artır, olimpiya idman növlərində döyüşə bilməyəcək
hala gəlir. 16 yaşında iştirak etdiyi yarışda isə çiynindən ağır zədə alır. F.Ağakişiyev deyir ki, Şəhanənin ən çətin
dövrü də məhz zədədən sonrakı bir ay olur: "12 yaşında gözündə problem
yarananda, bir az kompleksə düşdü. Eynək yazdılar, o da kömək etmirdi, görməsi
zəifləyirdi. Ancaq psixoloji baryeri keçdi, həkim də dedi ki, davam edə bilər.
Şəhanə davam edirdi, idmanda uğurlar qazanırdı. 2016-cı ildə iştirak etdiyi
axırıncı Avropa birincliyində ağır travma aldı. 2 açıq əməliyyat keçirəsi oldu.
Valideynləri də, mən də tərəddüd edirdik. Şəhanə də deyirdi ki, gözlərim zəifləyir,
çiynim də belə, mən artıq idmanlıq deyiləm”.
Olimpiyadan
Paralimpiyaya keçid
F.Ağakişiyev
bildirdi ki, Şəhanəyə olimpiya cüdosundan paralimpiya cüdosuna keçid etmək təklif
olunanda, ilk olaraq razılaşmır: "Paralimpiyaçımız İlham Zəkiyev də
Sumqayıtdandır. Ona Şəhanənin vəziyyəti haqda danışanda, dedi ki, bəlkə özünü paralimpiyada
sınasın. Ətrafda deyiləcək fikirləri düşünərək Şəhanə istəmədi. Ancaq biz onu
inandırdıq ki, düz yoldayıq, heç kimə fikir vermə, paralimpiyada davam edək.
Beynəlxalq həkim komissiyasına göndərdik. Paralimpiyada 3 qrup əlilliyi olanlar
var. Birinci qrup tam görməyənlər, ikinci qrup zəif və xəstəliyi ağır olanlar,
üçüncü qrup isə zəif görənlər. Şəhanə ikinci qrup oldu. 2017-ci ildən Milli
Paralimpiya Komandasının üzvüdür”.
Paralimpiyaya
keçiddəki bir aylıq çətin dövründən Şəhanə özü də danışdı: "Asan dövr deyildi,
depressiyaya düşmüşdüm. Həmin çətin dövrü arxada qoyandan sonra düşündüm ki, mən
niyə elə reaksiya verirdim? Gərək tez keçid edərdim, məşqləri dayandırmazdım. Mən
dayanan vaxtlar rəqiblər məşq edirdilər”.
Fərid
Ağakişiyevin sözlərinə görə, Şəhanə paralimpiyaya keçid dövründə də inadkarlıq
nümayiş etdirib: "Paralimpiyaya keçəndən 8 ay sonra Portuqaliyada dünya
çempionatı keçiriləcəkdi. Şəhanə də orda iştirak etməli idi. Ancaq əməliyyat
olmuşdu deyə, həkimlər bildirdilər ki, 6 ay sonra məşqlərə başlaya bilər. Çiyni
tam düzəlməli idi. Çiyni bərkitmək üçün xüsusi hərəkətlər və s. vermişdilər. Həmin
hərəkətləri daha çox edirdi, ləngitmirdi. Deyirdi ki, qoy, tez sağalım. İradəsi
məni inandırdı ki, onunla axıra qədər getmək olar. 2 ay məşq edib yarışa
qatıldı”.
Qısa müddət
məşq etməsinə baxmayaraq, Şəhanə Portuqaliyada keçirilən dünya çempionatında
iştirak edir və dünya ikincisi olur.
Daha sonra
2019-cu ilin mayında Bakıda beynəlxalq Qran-Pri yarışına qatılır və bütün rəqiblərini
məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlir. Bundan üç ay sonra
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən analoji turnirdə də birinci olur.
2021-ci ilin mayında Bakıda baş tutan növbəti Qran-Pridə isə üçüncü yerə çıxır.
Sonuncu və ən önəmli qələbəsinə isə "Tokio-2020” Yay Paralimpiya Oyunlarında
nail olur.
Şəhanə
sonuncu yarışda qalib gələcəyinə isə öncədən inanırmış: "Yarışa necə
hazırlaşmaq çox önəmlidir. Biz bu yarışa müəllimimlə çox ciddi hazırlaşmışdıq.
Yarışa qatılanda, artıq medalla dönəcəyimi bilirdim. Sadəcə, hansı medal
olacağını dəqiq deyə bilməzdim (Gülür). Məşqlərimizə əsasən, qızılı düşünürdüm,
amma yarış belədir ki, xırda bir məsələyə görə qızıl olmaya da bilərdi”.
Bildirək
ki, "Tokio-2020” Yay
Paralimpiya Oyunlarından sonra Şəhanə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə
1-ci dərəcəli
"Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.

"Deyirdilər ki, fikir vermə, elələri çox olacaq”
Gözlərində zəiflik aşkar olunandan sonra idmana
davam edən Şəhanəyə "Gözləri zəifdir, bacarmayacaq” kimi sözlər deyənlər
çox olub. Şəhanə bu motivasiyadan salan fikirlərlə necə mübarizə aparmasından
da danışdı: "Bilirdim ki, məndə bu problem var. Davam etməli idim və edirdim.
Ancaq ətrafdan gözümün zəifliyini əsas gətirib bacarmayacağımla bağlı çox söz
eşidirdim. Elə fikirlər olurdu ki, özüm fikir vermirdim. Bəzən elə şeylər
eşidirdim ki, daha dərinliyə gedirdi, valideynlərlə danışırdım, deyirdilər ki, fikir vermə, elələri çox olacaq. Yaxud
müəllimə deyirdim, deyirdi ki, sən onlara baş qoşma. Mənim üçün əsas olan onlar
yox, ailəm, müəllimim idi. Onlar mənə inanırdılar, dəstək olurdular. Onların
inamı məndə bunu bacaracağıma inam yaradırdı. Belə-belə həmin fikirlərin mane
olmasına imkan vermədim və irəlilədim. Nailiyyətlərim
olduqca "bacarar” deyənlər də təbrik etdi, "bacarmaz” deyənlər də”.
Nəzakət
xanım deyir ki, ətrafın reaksiyalarının qızına maneə olmaması üçün daim onun
yanında olublar: "Hələ Şəhanəni yeni idmana qoyanda ətrafda çox adam deyirdi
ki, qız uşağıdır, gələcəyi, ailə qurmağı, ana olması və s. var. Deyirdilər ki,
məktəbdə yaxşı oxuyur, idmandan çıxar. Deyirdim ki, yox, mən qızımı o kürsüdə
görürəm, axıra kimi gedəcək. Gözləri zəifləyəndən sonra da ona çox söz deyən
olurdu, istər-istəməz eşidirdi. Həmişə deyirdik ki, ətrafa fikir vermə, ancaq
irəli. Gözün zəifliyi sənin üçün əngəl olacaq məsələ deyil. Ürəkdən inanırdıq
ki, bacaracaq”.
Şəhanə
bildirdi ki, ətrafda deyilənlərə fikir versəydi, hər şey daha çətin olardı: "Mən
bu yola çıxanda bilirdim ki, bacarsam da, bacarmasam da, ailəm mənim yanımda
olacaq. Hər şeyi öz iradəmə, gücümə buraxdılar, dəstək göstərdilər. İnsanın özü
iradəli, güclü olmalıdır. Amma valideynlərin, müəllimin dəstəyi olmasa, çətinlikləri
dəf etmək daha çətin gələrdi. Ona görə deyirəm ki, bu
nailiyyət tək mənim yox, həm də ailəmin, müəllimimindir”.

"Maneə
yaranan kimi dayanmaq olmaz”
Şəhanə öz
təcrübəsindən çıxış edərək deyir ki, maneə bəhanə olmamalıdır: "Müəllimimin bir
sözü var. Bəzən məşqdə "getmir”, "alınmır” deyirik. Müəllim deyir ki, hədəfə
gedən yolda "alınmır” sözü yoxdur, axıra qədər getmək lazımdır. Ya davam etməlisən,
ya da saxlayıb başqa sahədə özünü yoxlamaq daha məsləhətdir. Tam heç bir yerdə
alınmır deyə bir şey yoxdur. İdman alınmırsa, özünü başqa sahələrdə sınaya bilərsən.
Mən özümü idmanda görürəm. "Bacarmıram” sözü yoxdur. Hər hansı maneə yaranan kimi dayanmaq olmaz. Bəhanə tənbəl
adamların işidir. Məndə bəhanə yoxdur. Maneələr heç bir qadın üçün bəhanə
olmasın. Çətinlik də görəcəklər, ağrı da olacaq, amma yaxşı nəticə əldə edəcəklər”.
Şəhanənin
anasına dərsləri yaxşı oxuyacağı ilə bağlı verdiyi sözə gələk. Deyir ki,
idmanla bir yerdə dərsləri də yaxşı oxumaq cəhətdən bir az çətinlikləri olsa
da, anasına verdiyi sözü tutmağa çalışıb: "Həm anama söz vermişdim, həm özüm də
oxumaq istəyirdim. İdman, məşqlər öz yerində, dərslərdən diqqətimin yayınmaması
üçün çalışırdım. İdmanda davam etdiyim üçün hüquq təhsili almadım. Hazırda Bədən
Tərbiyəsi və İdman Akademiyasının 5-ci kurs tələbəsiyəm”.

"Arzularım
idmanla bağlıdır”
Şəhanə hələ
ki idmanda davam edir, gələcək planları da bu istiqamətdədir: "Yaşım azdır, hələ
idmana davam etmək lazımdır. Paris olimpiadasına lisenziya qazanıb himnimizi
orada da səsləndirməyi düşünürəm. Ancaq idman elədir ki, müəyyən müddət sonra yəqin
ki uzaqlaşmalı olaram. O zaman özümü sosial-ictimai işlərdə sınamaq istəyirəm.
Hələ ki planlarım, arzularım idmanla bağlıdır”.
Məşqçi Fərid
Ağakişiyev sonda bildirdi ki, evlərdə Şəhanə kimi qalib
qızlarımız çoxdur: "Valideynlər öz övladlarına güvənmirlər, ya da elə həmin
xanımlar özləri hansısa əlilliklərini kompleks edib evdən çıxmırlar. "Qızdır”
deyirlər, idmanı kişi işi kimi bilirlər və s. Ətrafın fikirlərini də düşünənlər
olur. Ona görə çox qaliblər hələ evlərə qapalıdır”.
Aygün Asimqızı
Kaspi.az
Qeyd: Bu yazı Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilən, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf
Proqramının birgə həyata keçirdiyi "Əlilliyi olan qadınların və Qarabağ
müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində
hazırlanıb.
