• cümə axşamı, 28 mart, 17:36
  • Baku Bakı 16°C

Şahzadə Məktəbindən reportaj - Reportaj

03.05.19 15:40 3205
Şahzadə Məktəbindən reportaj - Reportaj
İçərişəhərin qədimliyi, sirr-sehri insanı hər zaman keçmişə aparır. Keçmişə səyahət edərkən yolumuzu incəsənət dühaları yetişdirən, qədimliyi yaşadan məktəbdən salırıq. Bura Şahzadə Məktəbidir. Britaniya Şahzadə Məktəbinin Azərbaycandakı tərəfdaşı...

Burada fərqli mühit, fərqli müəllimlər və ağır olsa da, qeyri-adi dərs metodu var. Məktəbin adı kimi, tələbələri və müəllimləri də digərlərindən fərqlənir. Tələbələrin məqsədi mədəniyyətimizi qorumaq, incəsənətdə köhnə ənənələri yaşatmaq və müasirliklə sintez etməkdir. Şahzadə Məktəbinin unikal üslubu gənc dizaynerlərə davamlı olaraq öz mədəni irsinə yeni yanaşmanı təbliğ etməyə, eyni zamanda inkişaf etdirməyə imkan verir.

Şahzadə Məktəbi nədir və necə yaranıb?

2004-cü ildə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) Uels Şahzadəsi Çarlz tərəfindən təsis olunub. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən təsis edilib. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "SABAH” qruplarının rəhbəri Əsmər Abdullayeva deyir ki, layihədə məqsəd Azərbaycanda ənənəvi incəsənətin dirçəldilməsi, məhv olan köhnə texnikalara Azərbaycanda yeni nəfəs vermək və gənc nəslə ötürməkdir: "Bu layihə çərçivəsində 3 ildə 25 istedadlı tələbə, rəssam cəlb etdik. Bu 25 tələbənin ümumi tədris proqramı var idi. 4 sənət növü - keramika, zərgərlik, ipək üzərində naxışlar və taxta üzərində işlə bağlı dərslər tədris edilirdi. Bu məktəbin əsas fəlsəfəsi ənənəvi sənətləri, milli mədəni irsi müasir tərzdə təqdim etməkdir”.

2018-ci ildə imzalanmış anlaşma memorandumu əsasında Təhsil Nazirliyi, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən Birgə Akademik İncəsənət Proqramının tətbiqi sahəsində əməkdaşlığının yeni mərhələsinə start verilib. Hazirda "SABAH” qruplarının tələbələri proqrama cəlb olunur. Ə. Abdullayeva deyir ki, semestrin 50 faizi xarici müəllimlərlə keçirilir və praktikaya daha çox əhəmiyyət verilir: "Proqram çox ağırdır. Həftədə 3 dəfə səhər 10-dan axşam 6-ya qədər tələbələr dərslərdə olur. Amma proqramın ağırlığı ilə bağlı onlara əvvəlcədən məlumat verilir. Bir fənn çərçivəsində 5-6 müəllim dərs keçir. Tələbələrimiz peşəkar şəkildə, zəngin diplomla məzun olurlar”.


"Bütün rənglər təbii yolla alınır”

Dərs prosesini izləmək üçün tədris gedən otağa daxil oluruq. Adi sinif otaqlarından fərqlənir. Burada parta, lövhə yoxdur. Tələbələr əllərindəki qablarda xüsusi maddələr, bitkilərlə rəng almağa çalışırlar. Çünki onlar ipəkdən təbii şərf, süfrə və milli geyim hazırlayacaqlar. Hər tələbənin əlində fərqli rəng var. Dərs vaxtının bitməsinə baxmayaraq, gərgin şəkildə işləyirlər. Müəllimləri də saatın keçməsinə fikir vermir. O qədər həvəslidirlər ki...

Müəllim köməkçisi Vəfaya yaxınlaşırıq. Vəfa Şahzadə Məktəbinin ilk məzunlarındandır. Hazırda həmin məktəbdə müəllim kimi işləyir. Deyir ki, hazırda təbii üsullarla parçanın üzərinə çap etmə dərsi keçilir: "Bu üsul çox qədimdir. Bundan bizim tarixi ənənələrdə də çox istifadə ediblər. Dərsin adı "silk screen”dir. Burada bütün proseslər təbii yolla edilir”.

Vəfa deyir ki, burada öyrədilənlər ölkənin heç bir yerində tədris edilmir: "Biz keçmişdə hansı üsullardan istifadə etdiklərini, boyaqları necə aldıqlarını indi öyrənirik. Ənənəvi üsulla naxışları necə çəkməyi, daşlardan, minerallardan, piqmentlərdən rənglərin alınmasını, onlara məhlul qatıb sulu boya, yağlı boya düzəltməyi öyrədirik. Bu üsulları heç bir tələbə bilmir. Bacardığımız qədər dərslərimizdə kimyəvi boyalardan uzaq dururuq. Keçmişdə necə edirdilərsə, onu qoruyub saxlamağa çalışırıq”.

"İncəsənət qurban tələb edir”

Xalçaçılıq fakültəsinin 3-cü kurs tələbəsi İlahə Hətəmova göy rəng hazırlayır: "Hazırda piqmenti soya sousu və su qarışımı olan məhlulla həll edirik. Bunu həll etdikdən sonra üzərinə kraxmal qatırıq və onu qatılaşdırırıq. Sonra bundan rəng alırıq və parçanın üzərinə çəkirik”.

Hökümdar Qurbanov da piqment qarışdıraraq rəng almağa çalışır: "Mənim hazırladığım rəng torpaq tərkiblidir. İlahədə isə mineral tərkibli idi”. Hökümdar deyir ki, xalçaçılıq çox dərin anlayışdır: "Digər sahələrdən məlumatım var idi. Amma xalçaçı dizaynerliyin həm qədimiliyi, həm də sirlə dolu olması məni özünə çəkdi. Üstəlik, indi bu sahəyə tələbat var və inkişaf etdirilir. Xalça sənəti ən maraqlı, dərin, incə sənətdir. Düzdür, proqram yorucudur və dərslər çox olur. Yorucu olsa da, maraqlıdır. Vaxtımızın çoxunu burada xərcləyirik. Çünki bu bizim sənətimizdir və sənət də qurban tələb edir. İnsanların bəziləri öz düşüncələrini cümlələrlə ifadə edir, biz də hisslərimizi qurduğumuz kompozisiyalarla göstəririk. İçimizdəki dünyanı rənglərlə üzə çıxarırıq. İncəsənətlə maraqlanmayan insan bu zövqü dərk edə bilmir”.
Sadıq Sülyemanov artıq parçanı taxta üzərində rəngləməyə başlayıb. Deyir ki, hazırda çuğundur rəngi ilə boyanmış təbii parçanın üzərinə soya sousu ilə bərkidici vurur: "Çünki üzərində prosesləri aparanda alt rəng özünü olduğu kimi saxlamalıdır. Bu bitdikdən sonra üzərində işləyəcəyik”.

Fatimə Axundzadə isə Sadıqə lazım olan məhlulu hazırlayır: "İndi piqmenti lövhədə soya südüylə həll etməyə çalışıram ki, qatılaşmasın. Sonra rəng halına gətirəcəyik”.

Ayan Kazımzadə artıq yorulub. Əlindəki məhlula fokuslanıb. Deyir ki, biz bu rəngləri xaricdən gətirməməli, özümüz istehsal etməyi bacarmalıyıq: "Belə mərkəzlər Azərbaycanda çox olmalıdır. Biz rəngləri özümüz əldə etməliyik. Çünki bizim ənənələrimiz var. Nənələrimiz, babalarımız kimyəvi maddələrdən istifadə etməyib. Biz də bunu yaşatmalıyıq”.


"Belə istedadları itirmək olmaz”

Yuxarıda qeyd etdiyimiz kimi, tələbələrə əcnəbi müəllimlər də dərs deyir. Onlardan biri olan Alini Marriona yaxınlaşırıq. Brazilyalıdır. Deyir ki, 3 ilə yaxındır Şahzadə Məktəbində dərs deyir. Müəllimi Azərbaycan tələbələrinin rəng almaq metodikasını bilməmələri təəccübləndirir: "Azərbaycan tələbələri ətrafdakı bitkilərdən rənglər əldə etməyimizə təəccüblənirlər. Bu qədər zəngin mədəniyyətə, xalça ənənəsinə malik olub, bu dərəcədə təəccüblənmələri qəribədir. Materialları haradan əldə edə biləcəklərini bilmirlər. Özlərində bu ənənə ola-ola materialları əldə edə bilməmələrinə təəssüf hissi keçirirlər. Eyni zamanda da çox çalışqandırlar. Hər dəfə təzə bir məlumat öyrənmək istəyirlər. Məni heyfsiləndirən odur ki, ölkənin qədim mədəni ənənəsi var. Amma tələbələr bunu necə edəcəklərini bilmirlər. Bu ənənə ilk olaraq ailədən keçməlidir. Azərbaycanın təbiəti o qədər zəngindir ki... Buradan bitən, rəng verən bitkilərdən xəbərdar olmalıdırlar”.

Sonda layihə rəhbəri Əsmər Abdullayeva vurğuladı ki, insan ağac kimidir, sən onu sulamalısan ki, bəhrəsini versin. Yaradıcı insanların da xüsusi dəstəyə ehtiyacı var. Təkcə maliyyə dəstəyi yox, onlara qayğı, mənəvi dəstək lazımdır: "Mən öz tələblərimə həmişə tələbə kimi yox, şəxsiyyət kimi yanaşmışam. Bizim əsas məqsədimiz onları oxutdurub sağollaşmaq deyil. Çalışıram ki, buranı bitirəndən sonra da onları işə cəlb etməkdə dəstək olum. Çünki belə istedadlı insanlar tək-tük olur. Onları itirsək, çox şey itirərik.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər