Şahmatımızın zəfər yürüşünə zərif töhfə - Təhlil
"Medalı
ermənilər üzərində qələbə ilə qazanmaq nə qədər qürurludursa, onlara uduzub
əliboş qalmaq, bir elə üzücü olardı"
Azərbaycan şahmatı özünün
ən məhsuldar dövrünü yaşayır desək, yanılmarıq. Teymur Rəcəbovun Dünya
Kubokundakı möhtəşəm qalibiyyəti və 14 yaşlı vunderkind Aydın Süleymanlının
dünya çempionluğundan heç bir ay keçmədi ki, Batumidə baş tutan komandalararası
Avropa çempionatında ölkəmiz adına daha bir tarixi an yaşandı. Xəbər verdiyimiz
kimi, Günay Məmmədzadə, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova
və Türkan Məmmədyarovadan ibarət qadın seçməmiz 27 illik aradan sonra qitə
yarışının bürünc mükafatını qazanıb. Yarışa üçqat Avropa çempionu kimi qatılan
kişi millimizin uğursuzluğunu unutduran xanımlarımız, haqlı olaraq son günlərin
əsas gündəmini təşkil edir.
Yetişən
uğur
Bir çoxları
"bürünc"ü gözlənilməzlik kimi qələmə versə də, şahmatı yaxından
izləyənlər üçün bu, tam təbii qarşılanmalıdır. Xanım zəkalarımızın son illərdə
qazandığı ardıcıl nailiyyətlər, beləliklə, FİDE reytinqində əldə olunan mühüm
irəliləyiş uğurlu çıxış üçün əlverişli zəmin yaratmışdı. Təsadüfi deyil ki,
komandamız reytinqə əsasən, AÇ-nin iştirakçıları arasında tarixdə birinci dəfə
ilk "beşlik"də yer alırdı.
Yeri gəlmişkən, hələ ilin
əvvəlində ənənəvi "Portret" rubrikamız çərçivəsində yığmanın bir neçə
üzvü ilə söhbətləşmişdik. Onlar Batumi mücadiləsi haqqında yetərincə inamlı
danışmış; "Azərbaycan qadın şahmatı ən yaxşı dövrünü yaşayır",
"nəhayət, bu dəfə tilsimi qıracağıq" deyə, iddialı açıqlamalar
vermişdilər.
İspanlara
məğlubiyyətin favoritlərlə "sığorta"sı
Hərçənd, Avropa çempionatı
bizim üçün elə də yaxşı başlamadı. Belə ki, xanımlarımız ilk görüşdə autsayder
Latviyaya yerini göstərsə də (4:0), ikinci turda İspaniya seçməsinə uduzdu -
0,5:3,5. AÇ-nin iştirakçıları arasında 12-ci pillədə qərarlaşan pireneylilərlə
qarşılaşmada alınan böyük hesablı yenilgi, komandamızın yarışdakı taleyini
ciddi şübhə altına almışdı. Belə bir məqamda, ələlxüsus, psixoloji gərginliyi aradan
qaldırmaq tələb olunurdu ki, bunun öhdəsindən məharətlə gələn seçməmiz,
Avstriyaya da baltiklilərin aqibətini yaşadıb, Rumıniyanı minimal fərqlə
üstələdi - 2,5:1,5. Növbəti görüşdə ilk dörd turu bizim kimi 3 qələbə, 1
məğlubiyyətlə başa vuran İtaliya millisinə bir xal fərqlə qalib gəldiksə,
ardınca yarışın reytinq favoriti ruslarla dramatik mübarizənin yekununda
heç-heçəyə nail olduq:
Növbəti rəqib isə ruslardan heç də az təhlükə kəsb etməyən ev sahibləri idi.
Yarışın ikinci reytinq favoritinə də yenilməyən, nəticədə, üçüncü pilləyə
yüksələn xanımlarımız, səkkizinci turda güclü Fransa komandası ilə dueldən
qalib ayrıldı - 2,5:1,5.
Ermənilərlə
duelin qəhrəmanı: "Risk onlara baha başa gəldi"
"Bürünc" üçün son
turda bizi heç-heçə də qane edirdisə, rəqib Ermənistana yalnız qələbə lazım
idi. Lakin tarixi uğurun əhəmiyyətini birə-beş artırmaq istəyən millimiz,
sadəcə, qələbəyə köklənmişdi ki, bu da görüşün ta əvvəlindən özünü büruzə
verməyə başladı. Bütün qarşılaşmalarda üstünlük yaxalayan xanımlarımızdan üçü
son nəticədə riskə getməyib, heç-heçəyə razılaşdısa, birinci lövhədə mübarizə
aparan Günay Məmmədzadə Lilit Mkrtçyan üzərində qələbə ilə komandamızın bu
prinsipial dueldən də qalib ayrılmasını təmin etdi. Təəssüratlarını bölüşən 19
yaşlı qrossmeyster deyir ki, öz gücünə nə qədər inansa da, son partiya öncəsi
üzərində bir xeyli həyəcan hiss edib: "Medalı ermənilər üzərində qələbə
ilə qeyd etmək nə qədər qürurludursa, onlara uduzub əliboş qalmaq, bir elə
üzücü olardı. Bunu düşünəndə, istər-istəməz həyəcan yaranırdı. Konkret görüşə
gəldikdə, rəqib gedişatda vəziyyəti bir az düzəltdi, heç-heçə imkanı
yaranmışdı. Kapitanla məsləhətləşdi, lakin onlara qələbə hava-su kimi lazım idi
deyə, bununla razılaşmadı. Beləcə, risk onlara baha başa gəldi. Komandamla
Avropa üçüncüsü olduğum və bu vacib dueldə həlledici nəticəni qazandığım üçün
çox xoşbəxtəm".
Rekorda
doğru
Bu arada, 27 illik həsrətin
sona çatmasında əsas pay sahibi olan iki şahmatçımız, sonda öz lövhələri üzrə
ilk "üçlük"də yer aldı. Belə ki, dördüncü lövhədə yarışan Gülnar
Məmmədova 6.5 xalla ikinci oldusa, birinci lövhədə 8 oyundan 5,5 xal toplayan
Günay üçüncü nəticə göstərdi. O cümlədən, aktivinə 14,7 elo xalı yazdıran
Məmmədzadə, 8 pillə irəliləyərək, FİDE reytinqində 30-cu yerə yüksəlib. Bununla
da, o, özünə məxsus olan ölkə rekordunu (32-ci yer - 2018, iyun) yeniləmək
fürsəti yaxalayıb. Həmçinin ölkə şahmat tarixinin ən gənc xanım qrossmeysteri (14
yaş) adına sahib olan Günayın şəxsi məşqçisi Rəsul İbrahimov da yetirməsinin
çıxışından razı qalıb: "Performansı, məni böyük ölçüdə qane etdi. Üstəlik,
bir neçə görüşdə yaradıcı oyunu ilə fərqləndi ki, bunu vurğulamasam, olmaz.
Lakin bəzi problemlər də nəzərimdən qaçmadı. Çatışmazlıqlar üzərində işləyib,
Günayın qadınlar arasında top oyunçulardan biri olmasına çalışacağıq".
"Komanda
maraqlarını nəzərə alıb..."
Cari əmsalına 16 xal əlavə
edən Gülnara gəldikdə, o, erməni rəqibi üzərində qələbə qazansaydı, yarışı öz
lövhəsi üzrə ilk sırada bitirəcəkdi. 2009-cu ildən bu yana keçirilən bütün
komandalararası yarışlarda seçməmizin heyətində yer alan 27 yaşlı qrossmeyster,
fərdi nailiyyətini komanda maraqlarına qurban verdiyini deyir: "Reytinqə
görə beşinci olsaq da, hədəfə çatmaq asan deyildi. Əsas rəqiblərimiz Rusiya,
Gürcüstan, Ukrayna, Polşa, İtaliya, İspaniya, Fransa, Ermənistan sayılırdı. Son
illər komanda yarışlarında son 2-3 turda xal itirərək, medal şansını əldən
buraxırdıq. Ancaq hər dəfə ilk "10-luq"da yer alırdıq.
Kapitanımız məni dördüncü
lövhəyə daha çox qələbə qazanmaq və komandaya xallar qazandırmaq üçün
yerləşdirmişdi. Ümumilikdə, çıxışımdan tam razı qaldım. Lakin son turda da
qalib gələ bilərdim. Sadəcə, digər görüşlərin nəticəsinə görə, bizə heç-heçə də
kifayət edirdi. Kapitanla məsləhətləşdikdən sonra komanda maraqlarını nəzərə
alıb, aşkar üstün olduğum qarşılaşmanı heç-heçə başa vurdum. Əks halda, görüşün
gedişində səhv edib, məğlubiyyət riskini göz önünə almalıydıq".
Kiçik
Məmmədyarovanın böyük qayıdışı
Xanım Balacayeva və Ülviyyə
Fətəliyevanın çıxışını qənaətbəxş hesab etmək bir qədər çətindirsə, uzun
ayrılıqdan sonra yığmanın heyətində yer alan Türkan Məmmədyarovanın dönüşünü
uğurlu adlandırmaq olar. Keçirdiyi beş görüşün ikisini qələbə, ikisini heç-heçə
ilə bitirib, yalnız birində uduzan kiçik Məmmədyarovanın özü də oyunundan razı
qaldığını bildirir: "Analıq məzuniyyətimlə əlaqədar olaraq 2014-cü ildən
bu yana komanda ilə sadəcə, bir yarışda çıxış etmişdim. O da 2016-cı ildə
Bakıda keçirilən Olimpiadaya təsadüf etmişdi. Onda da əsas yox, ikinci
komandanın heyətində idim. Belə yarışlarda yetərincə təcrübəm olmasına
baxmayaraq, həyəcan hiss edirdim. Bu səbəbdən, son iki görüşə qatılmaq
istəmədiyimi dedim. Həlledici məqamda uduzmaqdan, komandanın əvvəlki illərdə
yaşadığı aqibətin təkrarlanmasından çəkindim. Ümumi götürəndə, əlbəttə, beş
görüşdən 3 xal pis nəticə deyil".
Muzıçuk
bacılarının yoxluğu, idman xoşbəxtliyi və əldən çıxan "gümüş"
Komandamızın
"bürünc" yolunu "Kaspi"yə şərh edən şahmat eksperti Rəsul
İbrahimov, tarixi medalı şərtləndirən amilləri də vurğulamağı unutmadı:
"Avropa çempionatlarında, adətən üç yığma - Rusiya, Ukrayna və Gürcüstan
digərlərindən fərqlənib. Lakin Ukrayna bu yarışa nisbətən zəif heyətlə
qatılmışdı. Muzıçuk bacılarının yoxluğunda üçüncülük uğrunda mübarizə aparmağın
mümkün olduğunu özüm üçün qətiləşdirmişdim. Azərbaycan yığması kifayət qədər
təcrübəli, belə böyük yarışlarda "bişmiş" şahmatçılardan ibarətdir.
Xanımlar bunadək bir neçə dəfə mükafatın bir addımlığından dönmüşdülər. Elə
ötən il Batumidə keçirilən Olimpiadada son turda Vyetnam üzərində qələbə
qazansaydılar, bəlkə, mükafatçılar sırasına da düşərdilər.
Açığı, hansısa qarşılaşmanı
xüsusi qeyd etmək çətindir. İki zəif komanda - Latviya və Avstriyanı çıxsaq,
digər görüşlərdəki qələbələr gərgin mübarizə şəraitində qazanıldı. Bu, onu
göstərir ki, yığmaların səviyyəsi bir-birinə yaxın idi. Düzü, Rusiya ilə
görüşdə idman xoşbəxtliyi də bizim tərəfimizdə oldu. Gedişat böyük ölçüdə məğlubiyyətdən
xəbər verirdi. Gürcüstanla dueldə isə heç-heçə yaxşı nəticə sayılsa da, qələbə
şansımız yetərincə idi. Bunu lazımınca dəyərləndirsəydilər, böyük ehtimalla,
medalın əyyarı gümüş olardı".
Sonda qeyd edək ki, ilk
yeri, gözlənildiyi kimi, 16 xalla Rusiya yığması tutdu. 9 görüşdən 7 qələbə, 1
heç-heçə, 1 məğlubiyyətlə ayrılan ev sahibləri isə bizdən sadəcə 1 xal artıq
toplayaraq (15), ikinci oldu.
Sahib