Şagirdlərin hamısını qazanmaq üçün...
Qoşqar Məhərrrəmov: "Bu imkanları şagirdlərə təqdim edə bilmək, məktəbin ən önəmli funksiyalarından biridir”
Demək olar ki, hər sinifdə, digərləri ilə müqayisədə nəticələri zəif
olan şagirdlərə rast gəlmək mümkündür. Bu cür uşaqların valideynləri bir çox
hallarda yaxşı oxuyan şagirdlərlə müqayisə aparıb uşaqlarını "motivasiya”
etməyə çalışırlar. Bəzi müəllimlərin çıxış yolu isə onları arxa partalara yola
salmaqdır. Bəs burda necə davranmaq lazımdır?
Təhsil mütəxəssisi Qoşqar
Məhərrrəmov deyir ki, ilk olaraq şagirdlərin bu nəticəsinin səbəbini araşdırıb
aradan qaldırmağa çalışmalıyıq: "Həm uğurun, həm də uğursuzluğun birdən çox
səbəbləri olur. Ona görə də, söhbət zəif nəticə göstərən şagirdlərdən gedirsə,
demək ki, həmin uşaqlarla xüsusi işləmək lazımdır. Əksər halda bu tip şagirdlər
sinfin arxa partalarına göndərilir və valideyn və sinif müəllimləri tərəfindən
"səndə bu niyə alınmadı?” kimi tənqid və ya bəzən də təhqir dolu fikirlər
səsləndirilir. Ancaq burda peşəkar iş ortaya qoyulmalıdır. Məktəbdə müəllim,
valideyn, məktəbin psixoloqu, əgər varsa, məktəbdə sosial pedaqoq, yaxud təhsil
kouçu bu uşaqlarla bir yerdə işləməlidir. İlk olaraq müəyyənləşdirilməlidir ki,
şagird hansısa fəndən zəifdir, yoxsa bütün fənlərdən. Çünki şagirddə ümumi bir
zəiflik də ola bilər, hansısa fəndən də. Bunun səbəbi həvəssizlik,
diqqətsizlik, öyrənmə pozuntusu, müəllimi və ya dərsi sevməmək, yaxud
ailədaxili bir problem və s. ola bilər. Zəifliyə səbəb olan problemi tapıb həll
etməyə çalışmaq lazımdır. Yəni uşaq müəllimi sevmədiyi üçün oxumursa, müəllimi
sevməsi üçün addım atılmalıdır. Fənni sevmirsə, fənni sevdirməyə çalışmaq
vacibdir. Əgər valideynlə problem varsa, ailədə, oxumaq üçün şərait yoxdursa,
aradan qaldırılmalıdır”.
Q.Məhərrəmovun sözlərinə görə, əgər bu kimi problem yoxdursa və uşaq
yenə də dərslərdən zəif nəticə göstərirsə, yenə də uşağa müsbət davranmağa
davam edirik: "Tənqid, təhqir, digər şagirdlərlə onları müqayisə etmək doğru
deyil. Müqayisə edərək onları əzmək olmaz. Məktəb, həyatın fərqli fəaliyyət
növlərinin təcrübə yeridir. Uşaqlar məktəbdə bunları sınayırlar. Məsələn,
tikiş, idman, musiqi, teatr və s. Məktəb həyatın özüdür. Şagird orda həyatın
fərqli sahələrini sınayır, özünü tapmağa çalışır. Bu imkanları şagirdlərə
təqdim edə bilmək, məktəbin ən önəmli funksiyalarından biridir. Özünü tapandan
sonra, artıq o, peşə sahəsində davam edəcək. Valideynlər və müəllimlər həmişə,
hər vəziyyətdə şagirdin yanında olsunlar, tənbəlliklə barışmasınlar,
uğursuzluğu şagirdin məsuliyyəti və ya məsuliyyətsizliyi kimi qələmə
verməsinlər. Uşağa təzyiq edərək ondan yaxşı nəticə gözləməkdənsə, onların
rəsm, idman, yaxud da başqa hansı qabiliyyətlərinin olmasını öyrənməli, o
istiqamətdə yönəldilməsi üçün iş aparılmalıdır. Məktəblərdə peşə istiqamətinə
yönəlmə ilə bağlı 8-ci sinifdən başlayaraq məlumatlandırılma aparılmalıdır.
Sosial pedaqoqlar, müəllimlər, valideynlər birgə, şagirdlərə istiqamət müəyyən
etməlidirlər ki, onlar gələcək həyatlarını o ölçüdə cızsınlar, çalışmalarını o
yöndə aparsınlar. Yəni dünyada məktəbdə fərqli iş sahələrinin, həyatın fərqli
mərhələlərinin təqdim olunması geniş təcrübədir. Bizim məktəblərimizdəki
məşğələlər, klublar sırf bu məntiqlə açılır. Bu yolla biz məktəbdə
şagirdlərimizin hamısını qazanmış olarıq. Təhsil sistemimizdə "artıq” anlayışı
yoxdur və ola da bilməz”.
Q.Məhərrəmov qeyd etdi ki,
"Dərslərini oxumursa, pis uşaqdı” anlayışından uzaq olmaq lazımdır: "Bu
anlayışı yıxıb, yerinə "O bir insandır, fərqli potensialı ola bilər, sadəcə biz
onu kəşf etməliyi” deyə düşünməkdə fayda var. Şagirdin özünü kəşf etməyinə
kömək olmalıyıq. Təhsil kouçları əsas bu işə baxır. Şagirdlərin özlərini
tapmalarına kömək etmək, uğur yolunda onlara yol-yoldaşı olmaq məsələsində
təhsil kouçları dünyada fəaliyyət göstərirlər. Ümid edək ki, biz də təhsil
sistemimizdə yaxın gələcəkdə təhsil kouçlarını və onların gördükləri işin
nəticəsini görəcəyik”.
Aygün