• cümə axşamı, 28 mart, 20:28
  • Baku Bakı 13°C

“Saç tökülür ki, yerində yenisi bitsin” - Səhhət

01.05.20 15:30 4386
“Saç tökülür ki, yerində yenisi bitsin” - Səhhət
Həkim-trixoloq Aytəkin Quliyeva: "Saçımı həftədə bir dəfə yuyuram”
Deyirlər ki, gözəllik qurban tələb edir. Saçlarımızın gözəl olması üçün verdiyimiz qurbanlar da az deyil. Amma nə ediriksə, edək, saç tökülməsi olanda, gözəllik gözə görünmür. Saç tökülməsi yeddidən yetmiş yeddiyə hamının rastlaşdığı bir problemdir. Xüsusilə, yaz aylarında daha çox adam saç tökülməsindən şikayətlənir. Müxtəlif şampun və dərmanların köməyindən istifadə etsək də, çox vaxt bu, müvəqqəti olur. Bəs görəsən saç tökülməsinin ən əsas səbəbi nələrdir? Bunun qarşısını düzgün formada necə ala bilərik? Bu istiqamətdə suallarımızı həkim-trixoloq Aytəkin Quliyeva cavablandırdı.

- Saç tökülməsi bir qisim şəxs üçün adi hala çevrilib. Amma yaz aylarında saç tökülməsi ilə daha çox rastlaşırıq. Bunun səbəbi nədir?
- Saç tökülməsi artıq qlobal problemə çevrilib. Bir çoxları bunu gözəllik problemi kimi qəbul etsə də, əslində, bu, heç də belə deyil. Saç tökülməsi daxili xəstəliklərin saçda özünü büruzə verməsidir. Bəzən bir çoxları bunu ciddi qəbul etmir. Bir çox hallarda həkimə müraciət etmək əvəzinə, mövsüm dəyişikliyi ilə əlaqələndirib, üstündən keçilir. Əslində, saç tökülməsi normal bir şeydir, dərhal təlaşlanmaq olmaz. Çünki saçda fizioloji proses gedir. Saç tökülür ki, yerində yenisi bitsin. Tükün müxtəlif fazaları var. Biri töküləndə, digərində yenisi bitir. Saçda seyrəklik yoxdursa, bu, fiziolji tökülmə kimi qəbul edilməlidir. Əgər saç seyrəlir və yerində yenisi bitmirsə, bu, patoloji tökülmədir. Bunun üzərindən keçmək olmaz. Gün ərzində 70-80 saç tökülürsə, mövsümü keçidlərdə bu rəqəm 100-200-ə qədər arta bilir.

- Hamiləlikdən sonra xanımlarda saç tökülməsi problemi yaşanır. Bu, nə ilə əlaqədardır?
- Hamiləlik hormonları yüksək olduğuna görə, 9 ay müddətində fiziloji olaraq saçın qalınlaşması və uzanması müşahidə edilir, saçlar gurlaşır. Uşaq doğulduqdan sonra 6 ay ərzində anada saç tökülməsi başlayır. Bu da hamiləlik hormonlarının sürətlə düşməsi ilə bağlıdır. Normalda bu, 4-6 ay davam edir. Çünki ananın yuxu, qida rejimi pozulur, stress yaşayır. Bəzən bu müddət bir ilə qədər davam edə bilir ki, saç seyrəlməyə başlayır. Bu zaman müalicə təyin edilməlidir.
- Bəs tökülən saçların bərpası mümkündürmü? Mezoterapiya nə dərəcədə effektivdir?
- Əvvəlcə xəstəni trixoskopiya adlanan aparatla diaqnostika edirik. Saçın köklərinə baxıb, hansı fazada töküldüyünü müəyyənləşdiririk. Tökülmə səbəbi təyin olunur və sonra xəstəyə müalicə yazılır. Yəni mezoterapiya dərhal təyin olunmur. Bir aylıq müalicədən sonra dərialtına mezoterapiya inyeksiya edilir. Bu zaman mezoterapiya, plazmaterapiya, ozonterapiya, fizioterapiyalardan istifadə olunur. Əgər saç kökü yoxdursa, mezoterapiya faydalı deyil.
- Bəziləri saç əkməyə üstünlük verir. Elə olur ki, həmin saçlar da tökülür. Bu, nə ilə bağlıdır?
- Saç əkimi müasir dövrün cərrahi əməliyyatlarındandır. Lakin bu da əvvəlcədən müayinə əsasında təyin olunmalıdır. Əgər saç tökülməsi androgen mənşəlidirsə, yəni alın və təpə nahiyəsindəki saçlar tökülübsə, saç əkmək olar. Əkim üçün xəstə müayinə olunur. Donor bölgəsi sağlamdırsa və iki-üç köklüdürsə, transfer etmək olur. Əgər diffuz, yəni hərtərəfli saçtökülmə varsa, bunu araşdırıb müalicə etmədən saç əkdirmək faydasızdır. Müalicə edilmədiyinə görə, iki-üç ay sonra əkilən saçlar da tökülməyə başlayacaq.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər