Rusiya nefti və qazı bazardan çıxarılarsa... - ŞƏRH
Ekspert
deyir ki, ABŞ-dakı neft emalı zavodlarının orta ağır neftə ehtiyacı var. Həm də
Avropadakı neft emalı zavodlarının tənzimlənməsi orta ağır neftə hesablanıb. Əgər
neft bazarlarında qeyri-müəyyənlik davam edərsə, onda yüngül və ağır neftin
balansını qoruyub saxlamaq mümkün olmayacaq.
Ukrayna ətrafında
baş verən geosiyasi gərginlik neft, bütövlükdə əmtəə bazarlarına təsir edib. ABŞ
prezidenti Co Bayden Rusiyadan enerji idxalına qadağa qoyub. Böyük Britaniya isə
2022-ci ilin sonuna qədər idxalı dayandıracağını vurğulayıb. Qadağa ehtimalı hələ
ötən aydan neftin qiymətini bahalaşdırıb. Enerji analitikləri xəbərdarlıq edir
ki, alıcılar Rusiya xam neftindən imtina etməyə davam edərlərsə, qiymətlər bir
barel üçün 160, hətta 200 dollara qədər yüksələ bilər. Bu da ABŞ-da benzinin
qiymətinin bir qallonunun (təxmini 4 litr) 5 dollardan çox olmasına gətirib
çıxarır.Rusiya
nefti və təbii qazına qadağa qoyulması Avropa üçün daha ağrılıdır. Çünki Rusiya
Avropanın təbii qazının, təxminən 40 faizini, neftinin isə dörddə birini verir.
Avropa rəsmiləri asılılığı azaltmağın yollarını axtarırlar, lakin bunun üçün
çox vaxt lazımdır. Bəs dünyada neftlə bağlı proseslər necə nəticələnəcək?
Rusiyadan neft-qaz alınması tam məhdudlaşdırılarsa, nə baş verəcək?
"İnflyasiya
risklərini artırır”
Enerji məsələləri
üzrə ekspert Zəfər Vəliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, neft qiymətləri iqtisadiyyatın bərpası
üçün müəyyən qədər risklər yaradır: "Avropa bazarlarında neft və təbii qaz qiymətləri
keçən illə müqayisədə kifayət qədər yüksəkdir. Eyni zamanda əlvan və qara
metalların qiymətləri də durmadan artır. Təbii ki, dünya bazarlarındakı qeyri-müəyyən
vəziyyət qarşıdakı aylarda həm enerji təhlükəsizliyinə, həm də xammal əmtəə
bazarlarına müəyyən qədər təsir edəcək. Yüksək neft qiymətləri nə istehsalçı, nə
də istehlakçı dövlətlər üçün məqbuldur. Çünki bu qiymətlər müəyyən risklər də
yaradır. İqtisadiyyatın bərpa prosesində sənaye, istehsal və nəqliyyat
aktivliyinə mənfi təsir göstərir. Bu da inflyasiya risklərini artırır”.
"Hasilat
siyasətində dəyişiklik edilməlidir”
Ekspert
vurğulayır ki, bazarda yaranmış balanssızlığı tənzimləmək üçün neft hasil edən
dövlətlər bazara sanksiyalaşdırılmış intervensiya etməlidirlər: "Yəni buraya şəxsi
maliyyə vəsaitləri qoymaqla iqtisadi təsir göstərilməlidir. OPEK və müttəfiq
dövlətlər özlərinin hasilat siyasətində dəyişiklik etməlidirlər. Amerika artıq
Rusiyanın enerji daşıyıcılarına idxalla bağlı məhdudiyyətlər qoyub. Böyük
Britaniya da Rusiya enerji daşıyıcıları ilə bağlı məhdudiyyətləri ilin sonuna
kimi həyata keçirəcək”.
Məhdudiyyətlər
davam edərsə...
Məhdudiyyətlər
davam edərsə, bazarda qeyri-müəyyən vəziyyətin yaranacağını bildirən mütəxəssis
vurğulayır ki, ölkələr alternativ mənbələrə müraciət etməlidir: "ABŞ Rusiyadan
il ərzində gündəlik ortalama 199 min barrel xam neft, 471 min barrel neft məhsulları
idxal edib. Rusiyanın Avropanın neft emalı zavodlarında da payı olduqca yüksəkdir.
Avropadakı neft emalı zavodlarının böyük əksəriyyəti, əsasən də, İtaliya, Niderland,
Polşa, Çexiya və digər dövlətlər Rusiyanın "Urals” markalı nefti ilə fəaliyyət
göstərir. Avropa dövlətlərinin əksəriyyətində mövcud emal yüklərinin gündəlik
xammalla yüklənməsi "Urals”a hesablanıb. Təbii ki, bu məhdudiyyətlər davam edərsə,
neft bazarlarında qeyri-müəyyən vəziyyət yaranacaq. Bazarda yüngül və ağır
neftin balansını təmin etmək üçün əlavə mənbələrə üz tutmaq lazım olacaq. Bu
boşluq hansı formada doldurulacaq, onu artıq qarşıdakı aylarda görəcəyik”.
"Neft
bazarlarında ciddi problem yaşanmayacaq”
Ekspert
hesab edir ki, neft bazarlarında ciddi problem yaşanmayacaq: "Düzdür, malın
çatdırılma müddəti baxımından müəyyən problemlər olacaq. Çünki Rusiyanın həm Baltik,
həm də Qara dəniz limanlarındakı terminalları birbaşa Aralıq dənizi və Qara dəniz
regionu ölkələri üçün nəzərdə tutulub. Bütövlükdə, Baltik dənizi üzərindən şimal-qərbi
Avropa ölkələrinin və ABŞ-ın ortalama neft ixracı 1,3 milyon barreldir. Qara dəniz
üzərindən isə gündəlik 400 min barel xam neft Qara və Aralıq dənizi
regionlarına ixrac edilir. Eyni zamanda "Drujba” neft kəməri vasitəsilə gündəlik
ortalama 800 min barreldən yuxarı neft Şərqi Avropa ölkələrinə ixrac edilir. Təbii
ki, bu ixrac həcmlərini əvəzləmək üçün alternativ mənbələrə üz tutulmalıdır.
Lakin malın çatdırılması baxımından problemlər yarana bilər. Yəni son məntəqəyə
neft həcmlərinin çatdırılma müddəti nə qədər
çox olarsa, neft təchizatında bir o qədər çox problemlər yaşanar. Qeyri-müəyyən
vəziyyət ilin sonuna kimi davam edəcək. Çünki həm ABŞ-dakı neft emalı
zavodlarının orta ağır neftə ehtiyacı var, həm də Avropadakı neft emalı
zavodlarının tənzimlənməsi orta ağır neftə hesablanıb. Əgər neft bazarlarında
qeyri-müəyyənlik davam edərsə, onda yüngül və ağır neftin balansını qoruyub
saxlamaq mümkün olmayacaq. Bu, artıq qeyri-müəyyənlik deməkdir”.
"Gəlirlərimiz
daha çox olacaq”
Azərbaycan
neftinə gəldikdə, mütəxəssis vurğulayır ki, bu il neft ixracından əldə edəcəyimiz
gəlirlər keçən illə müqayisədə kifayət qədər artıq olacaq: "Azərbaycan neftinin
ixracında və satış bazarında problemlər yoxdur. Narahatlıq yalnız Şimal ixrac kəməri
ilə bağlı yaşana bilər. Çünki dəniz nəqliyyatı və beynəlxalq sığorta şirkətləri
Rusiya neftinə maraq göstərmirlər. Bu baxımdan, düşünürəm ki, Azərbaycan nefti şimal
istiqamətində ixrac həcmlərini Bakı-Tbilisi-Ceyhana çevirməlidir. Ukrayna məsələsi
olmasaydı belə, bu il ölkədə neftin satış qiymətləri, haradasa 82 dollar
civarında dəyərləndirilirdi. Lakin Ukrayna ətrafında baş verən hadisələr bu
modeli bir az dəyişdi və yüksəlişə doğru getdi. Bu səbəbdən Azərbaycan neftinin
satışında ciddi problem olmayacaq və gəlirlərimiz daha çox olacaq”.
Aygün ƏZİZ