Rus professorları heyrətləndirən azərbaycanlı məktəbli - Olimpdəkilər
Murad Ağazadə: "Riyaziyyatda
kəşf olunmayan həll yollarını tapmaq arzumdur”
11-ci sinifdə oxuyur. 8-ci sinifdən isə olimpiadalara qatılır.
Qatıldığı 13 beynəlxalq olimpiadadan 11 medalla dönüb. Sonuncu dəfə isə onu
qızıl medaldan yalnız 1 bal uzaq salıb...
Müsahibimiz olimpiada qalibi Murad Ağazadədir. Murad 2002-ci
ildə Naxçıvanda anadan olub. 2009-cu ildə 220 saylı məktəb-liseyə daxil olub.
2016-cı ildən isə fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci
sinfində təhsil alır. O, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq
Jautikov Olimpiadasında (IZhO) gümüş medala layiq görülüb. Muradı digər şagirdlərindən
fərqləndirən cəhət onun qızıl medalı 1 bal fərqi ilə qaçırmasıdır: "Bu, sayca
iştirak etdiyim 13-cü beynəlxalq olimpiada idi. Bunların 11-dən medal
qazanmışam. 5 gümüş, 6 bürünc medalın sahibiyəm. Beynəlxalq Jautikov
Olimpiadasında keçən il də iştirak edib gümüş qazanmışdım. Bu il hədəfim qızıl
medal idi. Qızıla çox yaxın olsam da, onu 1 balla itirdim. Qızıldan sonra ilk gümüşün sahibi mən
idim”.
"Ən az hazırlaşdığım olimpiada idi”
Murad deyir ki, ilk günlər qızıl medalı 1 balla qaçırdığı üçün məyus
olub: "Ümumiyyətlə, bu olimpiada hər il yanvar ayında və eyni yerdə keçirilir.
Hər olimpiadadan əvvəl biz 1-2 ay müddətində uşaqlarla bir yerə yığışıb gündə ən
azı 10 saat, bəzən 12 saat dərs oxuyur, hazırılaşırıq. Sualları müzakirə
edirik, səhvlərimizin üstündə çalışırıq. Amma bu olimpiadada hazırlaşa bilmədik.
Səbəb isə artıq 11-ci sinifdə oxumağımız idi. Çünki universitet imtahanları
başlayırdı və müəyyən xarici universitetlərə baş vurmaq üçün artıq vaxt idi.
Buna görə də çox hazırlaşa bilmədik. Ən az müddətə hazırlaşdığım olimpiada idi.
İkinci dəfə idi ki, bu olimpiadada iştirak edirdim. Keçən il ümumilikdə 42 bala qarşı 17
toplayıb gümüş almışdım. Bu dəfə 29 bal topladım. Düzü, mən hədəf olaraq qızıl gözləyirdim.
Əlimdən gələnin ən yaxşısını etdim və 42 bala qarşı 29 bal topladım. Qızıl
medal isə 30 balla başladı. Mən bir balla qızılı qaçırdım. İlk günlər məyus
oldum. Amma olur da... Alınmayanda alınmır...”
"12 saat dərs oxuyuruq”
Olimpiada haqqında məlumat verən həmsöhbətimiz deyir ki, Riyaziyyat üzrə
4 istiqamət olub: Cəbr, Həndəsə, Ədədlər nəzəriyyəsi və Kombinatorika: "Azərbaycanlı
şagirdlərin çətinliyi həmişə sonuncu bölmədə olur. 6 sualdan 4-nü həll
etmişdim. Cavablaya bilmədiyim 2 sual isə Kombinatorikaya aid idi. Ümid edirəm
ki, məzun olana qədər keçiriləcək 2 olimpiada da layiqincə iştirak edib, istədiyim
nəticəni əldə edəcəyəm. Bu olimpiadalarda iştirak etmək xeyli zəhmət tələb
edir. Normalda 8 saat dərs oxuyuruq. Olimpiadadan öncə isə bunu 12 saata
çatdırmağa çalışırıq”.
Muradın ilk olimpiada həyəcanı 6-ci sinifdə olub. Məktəblərin fənn
müsabiqəsində birinci yerə layiq görülüb: "6-cı sinifdə oxuyurdum, 2014-cü ilin
axırı, 2015-ci ilin əvvəli idi. Məktəblərin fənn müsabiqəsi elan olundu.
Birinci fənn müsabiqəsi ilk dəfə o vaxt başladı. Hazırda da davam edir, hər il
keçirilir. Həmin müsabiqədə 6-cı siniflər arasında birinci yerə layiq görüldüm.
Sonra Təhsil Nazirliyi tərəfindən bizə xüsusi dərslər keçirilir, bizi
hazırlaşdırırdılar. Olimpiada macəram belə başladı”.
"Medaldan xeyli uzaq idim…”
Yuxarıda da qeyd etdiyimiz kimi, Murad qatıldığı 13 beynəlxalq
olimpiadadan yalnız 2-dən medal ala bilməyib: "Medal almadığım olimpiadalar
arasında ən prestijlisi dünya olimpiadası idi. Təxminən hər il 100-dən çox ölkə
iştirak edir. Bu il 115 ölkədən 650-yə yaxın şagird iştirak edir. Bu
olimpiadada 8-9-10-cu siniflərdə 3 dəfə iştirak etmişəm. 8-ci sinifdə iştirak
edəndə, təcrübəm az idi, ona görə müəyyən kiçik səhvlər edərək, medalı
qaçırdım. O zaman da medalı 1 balla qaçırmışdım. Növbəti il daha çox
hazırlaşdım. Bu dəfə də medaldan xeyli uzaq idim. İkinci cəhdimdə medal ala bilməmək
məni məyus etmişdi və çox pis oldum. Sonra keçmiş olimpiadaçı, Amerikadan Cəfər
Cəfərovla onlayn dərslərimiz başladı. Əvvəlcə etdiyim bütün səhvlərə baxdıq və
yenidən etməməyə çalışdıq. Demək olar ki, onları düzəltmişdik və çox sual tipləri
üzərində işlədik. Artıq 2009-cu ilin yayında üçüncü dəfə iştirak etdiyim
olimpiadada bürünc medalı qazandım”.
"Buna çox güclü
hazırlaşmalıyıq”
Müsahibimiz 11-ci sinifdə oxuduğu üçün olimpiadalara hazırlaşmağa çox
vaxt sərf edə bilmir. Amma ilin son iki olimpiadasına da qatılmağı qarşısına məqsəd
qoyub: "Əslində imtahandan əvvəl çox hazırlaşmağa vaxtımın olmadığını nəzərə
alsaq, hədəfimdə qızıl var idi, amma olacağına inanmırdım. Əvvəlki illərə
baxanda 29 həmişə qızıl olub. Fikirləşirdim ki, hədəfimə çata bilər və beynəlxalq
səviyyəli olimpiadadan qızıl medal ala bilərəm.
Artıq növbəti olimpiadalara hazırlaşıram. İlin son 2 olimpiadası qalıb.
Məzun olana qədər də iştirak edə biləcəyim ancaq bu iki olimpiada var. Biri
mayda, biri iyulda keçiriləcək. Onlara çox güclü hazırlaşmalıyıq. Rumıniya və
Rusiyada keçiriləcək bu olimpiadalarda, ümid edirəm ki, yaxşı nəticələr göstərə
bilərik”.
Murad deyir ki, olimpiadalarda iştirak edərkən istədiyi nəticəni almamaq
onu məyus etsə də, heç vaxt motivasiyasını aşağı salmır: "Olimpiada ilə məşğul
olmaqdan heç vaxt bezməmişik. Sadəcə, müəyyən olimpiadalardan yaxşı medal ala,
istədiyimizi əldə edə bilmirik. Belə olimpiada çox stressli olur, bir az da nəticələrə
görə məyus oluruq. Vətənə dönəndə yorğun olduğumuz üçün bəzən bir həftə istirahət
edir, özümüzü toparlamağa çalışırıq. Sonra yenidən hazırlıqlara davam edirik”.
"Gözləmədiyim yolla sualı
həll etdim”
Murad olimpiadalardan birində bütün münsifləri təəccübləndirən riyazi
həll üsulundan da danışdı: "Qafqaz riyaziyyat olimpiadasında həndəsə sualının
cavabını mən fərqli yolla tapdım. İmtahanlarda qarşılaşmadığım bir həll yolu ilə,
gözləmədiyim yolla bu sualı həll etmişdim. Rusiyalı professorlar bir xeyli təəccüblənmişdilər.
Hətta bağlanış mərasimində həmin sualın orijinal həllinə görə məni xüsusi
diplomla təltif etdilər. Bəzən olimpiadalarda belə hallar olur. Mövcud həllərdən
daha asan həllər tapılır. Riyaziyyatda kəşf olunmayan həll yollarını tapmaq arzumdur.
Daha orijinal, asan yollarla sualı həll etmək xəyalımdır. Mən də ilk dəfə bu xəyalımı
8-ci sinifdə gerçəkləşdirmişdim”.
"Hədəfim xaricdə təhsil
almaqdır”
Muradın hədəfi xaricdə təhsil almaqdır: "8-9-cu siniflərdə oxuyanda
bütün vaxtımı olimpiadalara hazırlığa sərf edirdim. Valideynlərim daha çox dərslərimə
fokslanmağımı tələb edirdilər. O vaxt keçən ilki qərar da yox idi ki, beynəlxalq
olimpiada qalibləri müsabiqədənkənar yerli universitetlərə qəbul olunur. İndi, ən
azından, yerli universitetlərə qəbul olduğumu bilirəm. Amma təbii ki, əsas hədəfim
xaricdə təhsil almaqdır. Buna çox vaxt lazım olmadığı üçün, sadəcə 11-ci sinfin
4-5 ayı hazırlaşmışam. Artıq bəzi universitetlərə də baş vurmuşam, cavabları
gözləyirəm. Ümid edirəm ki, müsbət cavablar alaram. Təqaüdlə təhsil almağı
düşünürəm. Alınmasa, Azərbaycan universitetlərinə müsabiqədənkənar qəbul
şansımdan istifadə edəcəyəm”.
Qeyd edək ki, 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı
şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz
informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2
gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal
qazanıblar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada
informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika
təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə
gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz
Hüseynov bürünc medal qazanıb.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika,
riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə
və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və
Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar
Quliyev isə bürünc medal qazanıblar.
Aygün ƏZİZ