• çərşənbə, 16 Oktyabr, 02:35
  • Baku Bakı 16°C

Risk etməyə dəyər - Uğur hekayəsi

04.02.14 13:40 8007
Risk etməyə dəyər - Uğur hekayəsi
Rubrikamızın budəfəki qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynovdur. Müsahibimiz bu vaxta kimi bir çox uğurlu işlərə imza atıb. Ən maraqlısı isə odur ki, həmişə çalışmaq üçün yeni yaradılmaqda olan qurumlarda işə başlayıb.
Doğum tarixi: 03.08.1981
Bitirdiyi orta məktəb: Bakı şəhəri, Nərimanov rayonu 212 saylı orta məktəb.
Təhsil aldığı ali məktəb və ixtisas: Qafqaz Universiteti, şərqşünaslıq fakültəsi (bakalavr). Qafqaz Universiteti, politologiya (magistratura).
2004-2009-cu il: İctimai Televiziya və Radio Yayımları Şirkətində tərcüməçi, redaktor, rus informasiya departamentində rus xəbərlərinin aparıcısı, aparıcı redaktor
2009-2012-ci il: Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, xarici siyasət məsələləri şöbəsində elmi işçi, mətbuat xidmətinin rəhbəri.
2012-ci il: Jumeirah Bilgah Beach Hotel, İnsan resursları üzrə məsul şəxs
2013-cü ildən bu günədək: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.

- Necə oldu ki, “ASAN xidmət”də işləmək qərarına gəldiniz?

- Ölkə prezidentinin 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı sərəncamı oldu. Bu hadisə mediada geniş müzakirə mövzusuna çevrildi. “ASAN xidmət” mərkəzinin fəaliyyəti, iş prinsipləri diqqətimi cəlb etdi. Burada ictimaiyyətlə əlaqələr sahəsində çalışmaq, mediadakı təcrübəmə əsaslanaraq öz töhfəmi vermək üçün sənədlərimi təqdim etdim. Görüləcək işlərlə bağlı müəyyən ideya və təkliflərimi paylaşdım. Bir müddət sonra müsbət cavab aldım. Belə ki, hazırda çalışdığım vəzifəyə təyin edildim.
- Karyeranıza nəzər saldıqda görürük ki, yeni yaradılan qurumlarda işə başlamısız və əksəriyyətində ictimaiyyətlə əlaqələr bölməsini siz yaratmısız. Yeni yaradılan qurumda işləmək çətin deyil ki?

- Strateji Araşdırmalar Mərkəzi (SAM) 2009-cu ildə yeni yarananda işləmək üçün müraciət etdim və xarici siyasət məsələləri şöbəsində elmi işçi vəzifəsində fəaliyyətə başladım. Yeni yaradılan bu qurumda həyata keçirilən işlərin ictimaiyyətə təqdim edilməsi istiqamətində müəyyən işlər görülməli idi. Rəhbərlikdən bu qurumun mətbuat xidmətini yaratmaq təklifi irəli sürüldü və bu işin öhdəsindən gəldim.
Karyeramda beynəlxalq təcrübənin də rolu az olmayıb. Bir müddət Jumeirah Bilgah Beach Hotelində İnsan resursları üzrə məsul şəxs qismində çalışmışam. Bu müddət ərzində beynəlxalq idarəetmə sistemi ilə yaxından tanışlıq, yeni əlaqələr və təcrübə mübadiləsi gələcək yüksəlişim üçün çox faydalı oldu. Daha sonra Dövlət Agentliyində fəaliyyətə başladım. Fəaliyyət göstərdiyim bütün qurumların açılışdan öncəki dövründə bütün proseslərdə iştirak etmişəm. Nəyisə sıfırdan yaratmaq həqiqətən çox çətin və məsuliyyətli işdir ki, bu işdə faydalı ola bilmişəmsə özümü xoşbəxt hiss edə bilərəm. Nə qədər ki, o potensial, o güc bizdə var, ondan maksimum dərəcədə istifadə etməliyik.
- Anar bəy, karyeranızdan da görmək olur ki, siz iş yerinizi tez-tez dəyişirsiniz. Bunun səbəbi nədir?

- Fərqli mühitlərdə, fərqli insanlarla çalışmağı xoşlayıram. Yəqin ki, bu, işimdən irəli gəlir. Bəzən gənclər karyeralarında yenilik etməkdən çəkinirlər. Lakin, zənn edirəm ki, yeni mühit və yeni insanlar, hər yeni təcrübə və sınaqlar insanın həyatına rəng gətirir və gənc yaşında belə dəyişikliklər üçün risk etməyə dəyər.
- Gənc yaşınızda uğurlu karyera qurduğunuzu demək olar. Bunun sirri nədədir?

- Deməzdim ki, böyük uğura nail olmuşam. Hələ yolun əvvəlindəyəm. Hər bir işdə olduğu kimi daim çalışmaq, çətinlikləri dəf etmək və təslim olmamaq lazımdır. Qarşınıza məqsəd qoyub buna nail olmaq üçün səy göstərməlisiniz. Əgər məqsəd olmasa, pərakəndə həyat tərzi yaşamaqla uğurlu nəticə əldə etmək qeyri-mümkündür. Sadəcə, insan nə istədiyini bilib bütün enerjisini ona sərf etməlidir.
- Gənc yaşında rəhbər vəzifəyə çatmaq üçün nə lazımdır?

- Həyat və iş təcrübəsi. Düşünürəm ki, bu, çox vacib amildir. İnsan həyatda və işdə müəyyən təcrübə qazanır və bu təcrübəni işində tətbiq edir. Mən öz kollektivimə komanda kimi yanaşıram, onlarla həm dost, həm də tələbkar rəhbər kimi davranıram. Xüsusilə işlədiyiniz komanda ilə sıx əlaqədə olmalı, əməkdaşların fikirlərinə dəyər verməlisiniz. Rəhbər öz komandası ilə sıx münasibət qurarsa, daha ciddi uğurlara imza ata bilər.
- Sizcə, Qafqaz Universitetində deyil, başqa təhsil müəssisəsində təhsil alsaydınız, karyeranızda bu qədər uğura imza ata bilərdinizmi? Ümumiyyətlə, uğurlu karyera qurmaq üçün təhsilin önəmi nə dərəcədədir?

- Təhsil insanın gələcəkdə qazanacağı uğurların tərkib hissəsidir. Mən məktəbdə və universitetdə əlaçı olmamışam. Sadəcə, çalışmışam ki, mənə maraqlı olan sahəni mükəmməl bilim. Əlbəttə, insan öz dünyagörüşünü artırmalıdır. Amma öz sahəsini daha mükəmməl öyrənməlidir. Zənnimcə, bünövrə ailədə qoyulur, onun məntiqi davamı olaraq orta məktəb və universitet gəlir. Bunlar hamısı bir-birindən asılıdır. İnsan daim öz üzərində çalışmalı və özünə güvənməlidir. Potensialınızdan bilik və savadınızla birlikdə istifadə edib bir çox yeniliyə imza atmaq olar.
- Anar bəy, ailəlisiniz. Ailə ilə karyeranın ahəngini nədə görürsünüz? Ailəli ola-ola karyera qurmaq çətin deyil ki?

- Yoldaşımla İctimai Televiziyada tanış olmuşuq. Bir qızım, bir oğlum var. Mənim üçün ailə ilə birlikdə karyera qurmaq daha asandır. Çünki, yoldaşım Jurnalistika fakültəsini bitirib və biz eyni sahədə çalışırıq. İkimiz də eyni sahədə çalışdığımız üçün işimizdə daha çox uğur əldə edə bilirik və bu, həm də çox maraqlı olur. Gün ərzində yeni ideyaları öz aramızda müzakirə edir, fikir mübadiləsi aparırıq. Ailəm mənə hər zaman dəstək olur. Üstəlik, gərgin iş rejimindən sonra evə gəlib bir az uşaqlarla oynadıqdan sonra gərginlik, stress yox olur. Hər kəsə belə bir balanslı həyat qurmağı arzulayıram.
Aygün ƏZİZ
Uğur hekayəsi"> Uğur hekayəsi">

banner

Oxşar Xəbərlər