AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir - Səttar Möhbalıyev

Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir - Səttar Möhbalıyev

Cəmiyyət
27 İyul 2021, 14:00 166
Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər uğurla davam edir və bu, bütün ölkəni əhatə etməkdədir. Qeyri-neft sektorunun davamlı inkişafı, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iri sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr və iş yerləri yaradılır. Bu da yerlərdə əhalinin məşğulluğunun artırılmasına, rifah halının yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarıb.
 
Regionlarda infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində cənab Prezident şəxsən özü iştirak edir, istehsal müəssisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir, qaldırılan məsələlərin həll olunması üçün müvafiq göstərişlər verir.
 
Trend xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, gənclərin sağlam ruhda tərbiyə olunması, pis vərdişlərdən kənar olması, bədən tərbiyəsinin inkişafı, həmçinin gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri məqsədilə ölkəmizdə yeni-yeni idman kompleksləri tikilməkdədir: "Dövlət başçısının Goranboy rayonunda açılışını etdiyi Olimpiya İdman Kompleksi burada yaşayan gənclərin idmana marağının artırılmasına, onların potensialının üzə çıxarılmasına, eyni zamanda idmanın kütləviliyinin təmin edilməsinə xidmət edəcək”.
 
"İşğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılanda cənab Prezident bəyan etmişdir ki, digər regionlarımızla bağlı nəzərdə tutduğumuz proqramlar və layihələr də paralel şəkildə icra olunacaq. Dövlət başçısının Naftalan şəhərinə, həmçinin Goranboy və Daşkəsən rayonlarına səfəri zamanı gördük ki, burada yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, yeni iş yerləri yaradılıb. Müxtəlif sahələri əhatə edən görülən işlər bu regionun da hərtərəfli inkişafına təkan verəcək, sakinlərin həyat səviyyəsinin yüksəlməsinə xidməd edəcək. Görünən odur ki, pandemiya səbəbindən dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə iqtisadi yüksəliş sürətlə davam edir. Bütün bunlar güclü dövlətimizin iqtisadi qüdrətindən xəbər verir”, - S.Möhbalıyev bildirib.

Deputat qeyd edib ki, Vətən müharibəsində işğalçı Ermənistan Azərbaycan Ordusunun qarşısında aciz duruma düşərək məğlubiyyətlə üzləşərkən bizim dinc sakinləri hədəf almağa başladı: "Cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhəri raket hücumlarına məruz qaldı. Xeyli mülki şəxs həlak oldu və yaralandı, infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Azərbaycan Ordusu isə müharibə qanunlarına tam əməl edərək Ermənistanın çirkin əmələrinin qisasını döyüş meydanında artıqlaması ilə aldı. Dövlət başçımız qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gedərək raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış oldu, həlak olan dinc sakinlərin xatirəsinə ehtiramını bildirdi. Bu, şəhidlərə, həlak olanla, ümumiyyətlə, müharibədən zərərçəkənlərə dövlətin diqqət və qayğısı ilə yanaşı, Ermənistan dövlətinin xain siyasətinin dünyaya nümayişi idi”.
 
"Hazırda işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır, mədəni və dini abidələrimiz bərpa edilir, elektrik xətləri çəkilir. Bərdə-Ağdam, Füzuli-Şuşa, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzulu-Hadrut, Füzuli-Cəbrayıl, Zəfər və digər yolların tikintisi davam etdirilir. Ərazilərin işğalçı Ermənistan tərəfindən minalanması və minalanmış ərazilərin xəritələrinin tam şəkildə Azərbaycana verilməməsi görülən işlərin daha tez başa gəlməsinə mane olur. Qeyd edim ki, müharibə başa çatandan indiyədək 150-yə yaxın vətəndaşımız minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Bu, Ermənistan dövlətinin terrorçu xislətini açıb göstərir. Dünya dövlətləri tərəfindən isə Ermənistana mina xəritələrinin verilməsi ilə bağlı heç bir təzyiq görmürük, - AHİK sədri əlavə edib.