• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Regional və beynəlxalq aktorların mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür

21.07.21 21:30 279
Regional və beynəlxalq aktorların mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür
Vətən müharibəsindən sonra – noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra 2021-ci il yanvarın 11-də imzalanan, özündə iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan Moskva Bəyanatı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri də regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılması işinin sürətləndirilməsinə daha güclü təkan verəcək.
Kaspi.az xəbər verir ki, bunu Şəbnəm Həsənova deyib.
Politoloq vurğulayıb ki, qarşılıqlı fəaliyyətin, regional problemlərin önəmli istiqamətlərinin müzakirə edildiyi bu görüş olduqca mühüm əhəmiyyət daşıyır. Müsbət notlarla başlayan görüşdə regionda vəziyyətin nizamlanmasını ən mühüm məsələlərdən biri kimi dəyərləndirən Vladimir Putinin sözügedən məsələyə çox böyük diqqət və əhəmiyyət verərək kompromisli qərarların tapılması istiqamətində dövlətimizin başçısının səylərini yüksək qiymətləndirib. Putinin dövlətimizin başçısına təşəkkür etməsi onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür. Bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir. Bununla yanaşı, mövcud məsələlərlə elə Bakıda məşğul olmaq üçün Rusiyanın yaxın zamanda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırması aydın şəkildə göstərir ki, Rusiya, sadəcə, sənaye sahəsində deyil, eyni zamanda, nəqliyyat və infrastruktur məsələləri ilə bağlı da konkret addımlar atmaqda maraqlıdır. Nəzərə alsaq ki, regionda münaqişədən sonrakı vəziyyətlə bağlı iki ölkənin rəhbərləri daim əlaqə saxlayır, o zaman aydın olur ki, Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar, sadəcə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verməyəcək, eyni zamanda, regional kontekstdə hələ də həllini tapmayan məsələlərin çözümünə gətirəcək. Bu baxımdan hərbi əməliyyatların başa çatmasından sonrakı zaman çərçivəsində istər Moskvadakı daha əvvəlki görüşü, istərsə də iki ölkə liderinin telefon söhbətləri vəziyyətin sabitləşdirilməsi məsələsində mühüm əhəmiyyətə malikdir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır ki, burada mühüm əhəmiyyət kəsb edən amil prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasıdır.
Ş.Həsənova bildirib ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizindən birgə istifadə edir. Geniş həcmdə işləyən bu dəhliz vasitəsilə keçən illə müqayisədə bu il təqribən 20 faiz çox yük daşınıb. Eyni zamanda, Rusiya Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulub ki, bu da Rusiyanın Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır. Beləliklə, Azərbaycan yerləşdiyi coğrafi məkandan səmərəli istifadə edərək beynəlxalq layihələri reallaşdırır, bu proseslərdə təşəbbüs göstərir, işlərə dəstək verir.
"Regionda ümumi maraq kəsb edən məsələlərdə Prezident İlham Əliyev müharibədən sonra da qəti mövqe ortaya qoyaraq "indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır, biz buna hazırıq” bəyanatı ilə çıxış etməsi bir daha göstərir ki, bu, Ermənistan üçün yeganə xilas yoludur. Məsələnin məhz bu, yəni, Azərbaycanın təklif etdiyi istiqamətdə həlli istər regional aktorlar, istərsə də beynəlxalq təşkilatlar tərəfindən də başa düşülür. Kommunikasiya xətlərinin açılmasını ləngitmək Ermənistanı geri salır. Bu dövlət dərk etməlidir ki, ondan fərqli olaraq bu işdə maraqlı olan bütün aktorlar gələcəyə baxırlar. Sadəcə, şimal qonşumuzun deyil, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakı səfərində də "münaqişə” deyil, "mübahisə” ifadəsini işlətməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanmalı olduğunu rəsmən açıqlaması bunu aydın şəkildə üzə çıxardı. Çünki istər müharibədə hərbi cəhətdən məhv edilən, istərsə də yürütdüyü işğalçılıq siyasətinə görə iqtisadi blokadaya salınan Ermənistan qarşısında alternativin qalmadığını dərk edib, bərpa və əməkdaşlıq prosesinə qoşulmalıdır. Nəqliyyat və kommunikasiya xətlərinin açılmasında regional və beynəlxalq aktorlar maraqlıdır və bu qarşısıalınmaz prosesdir”, - deyə politoloq Ş.Həsənova qeyd edib.
banner

Oxşar Xəbərlər