İşəgötürənlər peşəkar kadr ovunda

İqtisadiyyatda operativliyin və çevikliyin təmin olunması üçün kadr ehtiyatının formalaşdırılması vacibdir. Bizdə bu istiqamətdə işlər gedir. Ekspertlər bu sahədəki problemlərdən danışırlar.
Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatı yaradılması, davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir vurğulayıb ki, rəqəmsal transformasiyadan qaynaqlanan çağırışlar şəraitində yüksək peşə bacarıqlarına malik insan kapitalının formalaşması zəruridir.
Bəs görəsən, Azərbaycanda kadr bankının yaradılması istiqamətində hansı işlər görülür? Ümumiyyətlə, mövcud vəziyyəti necə qiymətləndirmək olar?
Dayanıqlı inkişafı hədəfləyən addım
Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti Emin Qəribli hesab edir ki, son illər Azərbaycanda bu istiqamətdə xeyli işlər görülüb. Onun sözlərinə görə, iqtisadiyyatda operativliyin və çevikliyin təmin olunması üçün kadr ehtiyatının formalaşdırılması vacibdir: “Artıq bir neçə ildir ki, ölkəmizdə "Yüksəliş" müsabiqəsi keçirilir. Bu müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə yaradılıb. Bununla gələcək idarəçilər formalaşdırılır. Prosesin rəqəmsallaşmasının da bir sıra üstünlükləri var. Həm bəzi neqativ hallar aradan qaldırılır, həm də əlçatanlıq təmin olunur. Hazırda bütün dünyada bu proses gedir və biz yeniliklərlə ayaqlaşmasaq, gələcəkdə daha böyük problemlərlə rastlaşa bilərik”.
Mütəxəssis deyib ki, hazırda bir çox sahələrdə kadr çatışmazlığı var: “Amma şəffaf bir sistemin yaradılması və bununla bağlı müvafiq tədbirlərin görülməsi mövcud problemlərin aradan qaldırılmasına imkan yaradır. Bu proses iqtisadiyyatda şəffaflığın təmin olunmasına, rəqabət mühitinin yaxşılaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində dayanıqlı inkişafa yol açacaq”.
Yeni işçi qüvvəsi problemlə üzləşir
İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov bildirib ki, hazırda əmək bazarı olduqca mürəkkəbdir: ”Əgər əvvəllər bir diplom və ya təhsillə ömür boyu işləmək mümkün idisə, indi insanların təhsil məsələsi davamlı olmalıdır. Ona görə əmək bazarı ilə təhsilin sıx əlaqəsi ən önəmli məsələlərdən biridir. Bu gün təhsil sferasının əmək bazarı ilə əlaqələndirilməsi baxımından təhsildə bir çox işlərin görülməsinə nail olmalıyıq”.
Ekspertin fikrincə, ali məktəblər sadəcə tələbə sayının artımına nail olmağa çalışırlar: “Elanını verdiyi ixtisasların 15-20 il sonra əmək bazarında nə dərəcədə aktual olacağı universitetlərin çoxunu maraqlandırmır. Onlar faktiki olaraq öz tələbə kontingentlərinin artırılmasına çalışırlar və bu gün dəbdə olan ixtisaslara uyğun qəbul həyata keçirirlər. Gələcəkdə həmin universitetləri bitirən insanların əmək bazarında necə yer tutacağı böyük sual doğurur. Digər tərəfdən, biz əmək bazarını mütləq şəkildə uzunmüddətli proqnozlaşdırmalıyıq. Ona uyğun da mütəxəssis hazırlığı aparılmalıdır. Yeni işçi qüvvəsinin əmək bazarındakı inkişafı ilə bağlı problemlərin həllinə çalışmalıyıq. Bir çox hallarda görürük ki, ölkə daxilində istedadlı gənclərin karyeralarının inkişafı ilə bağlı problemlər ortaya çıxır. Bəzən həm dövlət, həm də özəl qurumlarda rəhbər şəxslər gənclərin inkişafına paxıllıqla yanaşırlar. Onlar da məcbur olub ya xaricdə iş axtarırlar, ya da ümumiyyətlə motivasiyadan düşürlər”.
Əsas kriteriyalar nəzərə alınmır
Ekspert son illər əmək bazarında bəzi mənfi tendensiyaların ortaya çıxdığını da bildirib: “Bu gün peşəkar mütəxəssislərlə bağlı əsaslı kriteriyalar kənarda qalıb. Tutaq ki, mütəxəssisin peşəsini bilməsi, intellektual səviyyəsi, analitik və təhlil bacarıqları işə qəbul prosesi zamanı prioritet təşkil etməlidir. Təəssüflər olsun ki, özəl və bir çox dövlət qurumlarında işə qəbul prosesi zamanı namizədin xarici dil bilikləri və hansı xarici universitetdə oxuması əsas götürülür. Xüsusilə namizəd qərb ölkələrində təhsil alıbsa, onun işə qəbulu daha asan olur. Əslində bu, Azərbaycan təhsilinə, həmçinin ölkə əhalisinə qarşı qəbuledilməz bir yanaşmadır. Nəticədə gənclər gələcəkdə iş tapmaları üçün məcbur olub hansısa xarici universitetə müraciət edirlər. Bu, həm ölkədən valyutanın çıxması, həm də perspektivli gənclərimizin faktiki olaraq həmin ölkələrin iqtisadiyyatında iştirakı deməkdir. Bununla bağlı dövlət qurumlarının konkret ciddi və prinsipial yanaşması olmalıdır. Universitetlərimizin mütəxəssis hazırlığı səviyyəsindən razı deyiliksə, onu gücləndirməliyik. Məsələni “kim xaricdə oxuyur, ona iş var” şəklində qoymaq düzgün deyil. Yalnız xaricdə təhsil almış, hansısa müsabiqələrdə qalib olmuş insanlarla əmək bazarını lazımi səviyyədə mütəxəssislə təmin edə bilmərik”.
“Özlərini inkişaf etdirmək barədə düşünmürlər”
İnsan resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, son illər Dövlət Məşğulluq Agentliyi və digər qurumlar kadr bankının formalaşdırılması istiqamətində işlər görürlər: “Buna baxmayaraq, bəzi boşluqlar da mövcuddur. Birincisi, işaxtaranların böyük əksəriyyəti özünü inkişaf etdirmək barədə düşünmürlər. Bunun nəticəsində işəgötürənin tələblərinə tam cavab verə bilmirlər. İkinci əsas məsələ şirkətlərin üzərinə düşür. Əslində şirkətlər sosial məsuliyyət çərçivəsində yeni məzun olmuş şəxslərin, iş təcrübəsi olmayan namizədlərin iş mühitinə hazırlanmasına dəstək verməlidirlər. Amma bunu müşahidə etmirik. Əksinə, işəgötürənlər daha təcrübəli kadrlara üstünlük verirlər. Təcrübəli kadrlarsa hazırda limitli saydadır. Şirkətlər həmin kadrları bir-birindən oğurlamaqla məşğuldurlar”.
İ.Mirzəzadənin sözlərinə görə, yerli universitetlər bazarın deyil, işəgötürənlərin tələblərinə uyğun kadr yetişdirməlidirlər: “Ali məktəblərdə boşluqlar nəzərə çarpır. Bununla bağlı hərtərəfli işlər görülməlidir. Artıq süni intellekt dövründəyik. Bu dövr həm iş, həm işsizlik gətirəcək. İşsizlik gətirəcək ona görə ki, bəzi sahələr avtomatlaşacaq, insan əməyinə ehtiyac qalmayacaq. Amma paralel olaraq bu sahəni bilən mütəxəssislərə tələbat artacaq”.
Sevinc Abbasova
