Binənin ölüm saçan yolu - PROBLEM

Vaxtilə Xəzər rayonunun Binə qəsəbəsinin əsas avtomobil yoluna asfalt çəkiləndə piyadalar üçün səki qoymaq yaddan çıxıb. Nəticədə bu gün rahatlıq üçün çəkilən yollar təhlükə mənbəyinə çevrilib. Problemə əncam çəkən isə yoxdur.
Bir neçə il əvvəl Xəzər rayonunun Binə qəsəbəsinin əsas avtomobil yoluna asfalt çəkiləndə ərazidə yaşayan sakinlər çox sevindilər. İllərlə çala-çuxurlu, palçıqlı və narahat yollarla hərəkət etməkdən yorulan və bezən sürücülər də, sərnişinlər də, piyadalar da rahat nəfəs aldılar. Amma çox keçmədi, yollarda problemlər üzə çıxmağa başladı. Mətbuatda da “yeni çəkilən yolda kanalizasiya suları yığılıb”, “yol kənarındakı səkilər dağılıb” kimi xəbərlər yayıldı. Problemlər yarandıqca həll olunmaq əvəzinə üst-üstə qalandı və dərinləşdi. Əlaqədar qurumlar isə yaranan problemlərə nə özləri diqqət yetirdilər, nə də sakinlərin şikayətinə məhəl qoydular. Eynən qəsəbənin “Mehriban qonşular” adlanan (Südçülük sovxozuna gedən məhəllə) ərazidə yaranan problemlər kimi.
Piyada səkisi olmayan asfalt yol
İkitərəfli avtomobil yolu “Şəhid Məmmədov qardaşları”nın adını daşıyan ara küçə ilə birləşir. Yolun əvvəlindəki “Şəhid bulağı” həmin ara küçəyə girişdir. Şəhidlərin adını daşıyan ara küçəyə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən asfalt çəkilsə də, piyadaları yada salmaq unudulub. Asfalt yolun hər iki tərəfində piyadaların təhlükəsizliyi üçün səki nəzərdə tutulmayıb. Dar palçıq yolla irəliləyən piyadalar sürətlə şütüyən avtomobillərin qorxusunu yaşaya-yaşaya hərəkət edirlər. Ərazidəki dar körpünün üstündə iki il bundan əvvəl ölüm hadisəsi də baş verib. Qəsəbə sakinlərinin danışdığına görə, arxadan gələn avtomobil piyada qadını vuraraq aşağıdan axan arxa salıb. Hadisə zamanı faciə qurbanının körpünün kənarında qalan bir tay ayaqqabısı isə uzun zaman ərazidə yaşayan sakinlər üçün kabusa dönüb. Amma faciə nə avtomobillərin sürətinə təsir edib, nə də körpünü salan qurumun məsuliyyət hissinə. “Şəhid qardaşlar” küçəsində vəziyyət dəyişməz olaraq qalır. “Biz hər gün Allahı çağırıb yolumuza davam edirik. Ən çox da uşaqlarımıza görə narahatıq. Onlar məktəbə gedib-gəlirlər. Yolda isə avtomobillərin sürət həddi bilinmir...”, - deyə narahat valideynlər bildirirlər.
Real təhlükə və ölüm mənbəyi
“Şəhid qardaşlar” küçəsinin birləşdiyi, avtobusların və avtomobillərin daha çox hərəkət etdiyi əsas yol isə digər böyük problemdir. Yolda piyada zolağının, yol cizgi və yol göstərici xətlərinin çəkilməməsi avtomobillərin hərəkəti üçün xaotik vəziyyət yaradıb. Sürücülər nişansız yollarda sürət həddini aşır, piyadalar avtomobillərin və ya avtobusların önündən və arxasından o tərəf-bu tərəfə qaçırlar. Yol real təhlükə və ölüm mənbəyidir. Sakinlər bu yolda tez-tez avtomobil qəzalarının və faciəvi hadisələrin baş verdiyini bildirirlər. “Dəfələrlə hadisə baş verəndə lazımi orqanlara zəng də vurmuşuq. İcra hakimiyyətinə də müraciət etmişik, qəsəbə nümayəndəliyinə də, amma problemin həllinə fikir verən yoxdur. Uşaqlar, yaşlılar bu təhlükəli yoldan gecə-gündüz hərəkət edir və öz taleləri ilə oynayırlar. Başqa çıxış yolu da yoxdur, hansı yoldan hərəkət etsinlər?” - deyə yol kənarındakı obyektlərdən birinin satıcısı narahatlığını bildirdi.
Sakinlər də müraciət edir...
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Dəstəyi qaldıran xanım bizi Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yönləndirsə də, şöbədən əlaqə saxlamağa kimsə tapılmadı. Həftə ərzində nə telefona, nə İH-nin elektron ünvanına, nə də votsap nömrəsinə yazılan məktuba cavab verən oldu.
Millət vəkili problem barədə məlumatlıdır
Xəzər rayonu üzrə millət vəkili Gülşən Paşayeva problemdən xəbərdar olduğunu bildirdi: “Bu barədə yerli icra hakimiyyəti orqanlarına məlumat verilib və aktuallığı gündəmdədir. Həmin ərazidə yaşayan vətəndaşlar kollektiv şəkildə yazılı müraciət etsinlər və müvafiq qurumlara sorğular veriləcək”.
Binə qəsəbə bələdiyyəsi sədrinin müavini Ramin Feyziyev də problem barədə məlumatlı olduğunu bildirdi: “Sakinlərdən də dəfələrlə şikayətlər daxil olub. Amma problemin həlli bizim səlahiyyətimizdə deyil. Biz vəziyyətlə bağlı yerli icra hakimiyyətinə bir neçə dəfə müraciət etmişik. Sakinlər də öz növbəsində yaranan təhlükə ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Həmin əraziyə işıqfor da qoyulmalıdır. Orada həm piyadalar, həm də sürücülər üçün təhlükəli vəziyyət var”.
AYNA: “Əraziyə baxış keçiriləcək”
Problemlə bağlı ünvanladığımız suala Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin cavabı qısa oldu: “Silinən nişanlanma xətləri mərhələli qaydada yenilənir. Sözügedən əraziyə baxış keçiriləcək. Müvafiq tədbirlər görüləcək”.
İşıqfor necə, olacaqmı?
Bəs sakinlərin və piyadaların təhlükəsizliyinin təmin olunması üçün əraziyə işıqforun quraşdırılması məsələsi həllini tapacaqmı? Hələlik bu sualın cavabı naməlumdur.
AYNA-nın cavablandırmadığı suala Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov belə cavab verdi: “Aidiyyəti dövlət qurumu ilə birlikdə ərazidə təhlil aparılacaq. Zəruri olduğu təqdirdə əraziyə işıqfor quraşdırılacaq”.
Nəqliyyat eksperti Yasin Mustafayev isə “yaşayış məntəqələrində ehtiyac olan yerlərdə piyada keçidi təşkil edilməlidir”, - deyə məsələyə konkret münasibət bildirdi.
Hər gün yüzlərlə insanların istifadə etdiyi yolla bağlı problem göz önündədir. Aidiyyəti orqanlar da problem barədə xəbərdardırlar. Amma təəssüf ki, problemin həlli üçün, necə deyərlər, kimsənin tükü də tərpənmir.
Təranə Məhərrəmova
