• şənbə, 01 Mart, 22:09
  • Baku Bakı 4°C

Sistemsiz rəqəmsallaşmanın fəsadları 

01.03.25 16:10 0
Sistemsiz rəqəmsallaşmanın fəsadları 

Bəzən olur ki, hansısa dövlət orqanı öz datasını heç bir quruma vermək istəmir. Bununla malik olduğu elektron üstünlükləri “nümayiş” etdirməyə çalışır. Əslində, belə hallar vətəndaşların elektron xidmətlərə əlçatanlığını azaldır.

Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq. Bu məsələ Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb. Konsepsiyaya əsasən, 2025-2026-cı illərdə 12 dövlət qurumunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası həyata keçiriləcək. Bu məqsədlə dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılacaq. 
Maraqlıdır, görəsən, hazırda dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi necədir? Bu məsələdə hansı qurumlar daha çox geri qalır? 

İnkişaf üçün maddi resurslar mövcuddur

İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov hesab edir ki, dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi ilə bağlı birmənalı fikir söyləmək çətindir: “Əgər Azərbaycanı Estoniya kimi informasiya texnologiyaları sahəsində inkişaf etmiş ölkələrlə müqayisə etsək, geridəyik. Bu sahədə gediləcək uzun bir yolumuz var. Amma müqayisəni inkişaf səviyyəsi aşağı olan ölkələrlə aparsaq, rəqəmsallaşma səviyyəsinə görə kifayət qədər yaxşı vəziyyətdə olduğumuzu deyə bilərik. Biz bu yola gec çıxsaq da, inkişaf üçün maddi resurslarımız mövcuddur. Bu da ən yeni texnologiyaları ölkədə tətbiq etmək imkanı yaradır. Prinsipcə, hazırda bu proses gedir. Ona görə də rəqəmsallaşma sahəsində inkişafımızı qənaətbəxş qiymətləndirmək olar”.

Maliyyə, tibb, təhsil sahəsi geridədir 

Bu istiqamətdə daha çox hansı qurumların geridə olduğuna gəlincə, ekspert ad çəkmək istəmir. Amma vurğulayır ki, əhali tərəfindən ən az müraciət edilən orqanlar geridədirlər: “Həmin qurumlara müraciət az olduğundan kölgədə qalıblar. Onların inkişaf etməməsi üçün hər hansı səbəb yoxdur. Ola bilər ki, görünüş üçün yalandan hansısa fəaliyyətlər edirlər, amma bu, inkişaf sayıla bilməz. Bu cəhətdən güman edirəm ki, əhalinin müraciət etmədiyi və ya az müraciət etdiyi qurumlarda nöqsanların sayı digərlərinə görə daha çox ola bilər”.

Mütəxəssis bildirir ki, bir sıra ölkələr rəqəmsallaşma məsələsində xeyli önə çıxıb: “Biz də ümumi dünya inteqrasiyasına hazır olmalıyıq. Həmin yeniliklərin Azərbaycanda da tətbiqi mümkündür. Məsələn, bizdə  maliyyə, tibb, təhsil sahəsində rəqəmsallaşmanın inkişafını çox da qənaətbəxş saymaq olmaz. Gələcəkdə bu istiqamətdə yeniliklər ola bilər. Amma əsas problemlərdən biri odur ki, əhali bu prosesə tam hazır deyil. Əhalinin rəqəmsallaşma səviyyəsi dövlət qurumlarının rəqəmsallaşma səviyyəsindən xeyli geri qalır. Bu məsələdə Elm və Təhsil Nazirliyinin üzərinə də məsuliyyət düşür. Yeni Konsepsiyanın tələblərinə əsasən, bu qurum rəqəmsallaşmanın tədrisi ilə bağlı məsələlərə daha ciddi şəkildə diqqət yetirməlidir. Hesab edirəm ki, bu istiqamətdə hətta məktəbəqədər təhsil pilləsindən tədrisə başlanılmalıdır. Çünki rəqəmsallaşma artıq vərdişdir və vərdişlər də uşaqlıqdan qazanılmalıdır”.

Görülən işlər kifayət etmir

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, rəqəmsallaşma konseptual məsələdir: “Bunun üçün bütün tərəflər paralel şəkildə inkişaf etməlidir. Təbii ki, burada stimul verən tərəf dövlətdir. Dövlət tərəfindən qabaqcıl addımlar atılır, müəyyən konsepsiyalar hazırlanır və sair. Bir neçə ildir ki, Azərbaycanda müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyalar baş verir. 10 ilə yaxındır ki, ölkəmizdə dövlət qurumları artıq elektron sənəd dövriyyəsindən istifadə edirlər. Maliyyə kargüzarlıqları və dövlət qurumları tərəfindən göstərilən bir sıra xidmətlər rəqəmsallaşıb. Amma yenə də görülən işlər kifayət etmir”.

Gənclər rəqəmsal müstəvidə daha aktivdir 

Ekspert qeyd edir ki, rəqəmsal mədəniyyətin formalaşmasının əsas tərəflərindən biri də vətəndaşlardır: “Vətəndaşlarda mütləq yeni vərdişlər, alışqanlıqlar formalaşmalıdır. Rəqəmsal vətəndaş konsepsiyası bir çox ölkələrdə inkişaf etdirilir. Çünki texnologiya dövründə yaşayırıq. Rəqəmsallığın inkişafı üçün, ilk növbədə, rəqəmsal savadlılıq olmalıdır. Sonra rəqəmsal bacarıqlar əldə edilməlidir ki, “rəqəmsal vətəndaş” və “rəqəmsal cəmiyyət” anlayışına keçə bilək”.

Ekspertin fikrincə, bu istiqamətdə xüsusilə orta və yaşlı nəslin maarifləndirilməsinə ehtiyac var: “Gənclər rəqəmsal müstəvidə daha aktivdir. Amma nəzərə almalıyıq ki, ölkə tək gənclərdən ibarət deyil. Orta və yaşlı nəsil də rəqəmsal mədəniyyətin bir parçasına çevrilməlidir. Bu baxımdan Rəqəmsal İnkişaf Konsepsiyası sadəcə qanun toplusu deyil, mədəniyyət olaraq nəzərə alınmalıdır”.

Heç bir qurumda durum arzuolunan səviyyədə deyil 

Ekspert deyir ki, hazırda heç bir qurumda rəqəmsallaşma arzuolunan səviyyədə deyil: “Rəqəmsallaşma prosesi düzgün qurulmalıdır. Bəzi orqanlar var ki, onlar rəqəmsallaşma istiqamətində fərqli yollardan istifadə edirlər. Təəssüflər olsun ki, indiyə qədər olan sistemlə rəqəmsallaşma vahid konsepsiya üzərindən inkişaf etmədi. Hərə özü üçün bir sistem yaratdı. Məsələn, bir qurumun 7-8 ayrı-ayrı elektron xidməti var. Vətəndaş həmin xidmətlərin siyahısını yadda saxlamağa məcbur deyil. Əslində, bütün bu xidmətlər vahid bir məkanda toplanmalıdır. Tək vətəndaşların deyil, dövlət qurumlarının özlərinin də rəqəmsal mədəniyyətinin formalaşmasına ehtiyac var. Məsələn, bəzən olur ki, hansısa dövlət orqanı öz datasını heç bir quruma vermək istəmir. Bununla malik olduğu elektron üstünlükləri “nümayiş” etdirməyə çalışır. Əslində, belə hallar vətəndaşların elektron xidmətlərə əlçatanlığını azaldır. Azərbaycanda onlarla dövlət orqanı və onların da alt qurumları mövcuddur. Bunların hər biri özü üçün bir neçə sistem yaratsa, vətəndaş yüzlərcə elektron portalı yaddaşında saxlaya bilməyəcək. Bu halda ölkədə rəqəmsallaşma xaosa çevrilir. Baxırsan, elektron xidmət var, amma istifadə edilmir. Çünki vətəndaşın ona əlçatanlığı yoxdur”.

E.Abbasov hesab edir ki, bu problemlərin həlli üçün xüsusi konsepsiyaya ehtiyac var idi: “Artıq həmin konsepsiya mövcuddur. Bu konsepsiya yol xəritəsi olmalıdır. Bütün xidmətlər my.gov.az-da öz əksini tapmalı və vətəndaşların həmin xidmətlərə əlçatanlığı təmin olunmalıdır”.

Sevinc Abbasova 

 

banner

Oxşar Xəbərlər