• şənbə, 04 Oktyabr, 13:40
  • Baku Bakı 23°C

Az xərc, çox istilik

04.10.25 03:47 121
Az xərc, çox istilik

Enerji pasportu binanın enerji səmərəliliyi şəhadətnaməsidir. Yeni tikililərdə bu sənəd olmadan istismara icazə verilməyəcək. Reytinqi yüksək olan evlər həm daha az enerji xərcləyəcək, həm də bazarda daha baha satılacaq.

Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq. Bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni - 17.3-cü maddədə əksini tapıb. 

“Ən böyük paya malik ev təsərrüfatlarıdır”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradovun sözlərinə görə, hazırda enerji sərfiyyatının böyük həcmi yaşayış binalarının üzərinə düşür: “Enerji səmərəliliyi hazırda ən aktual problemdir. Sənayenin inkişafı, insanların gündəlik həyatında olan tələbatları enerji istehlakını hər gün artırır. Əvvəlki kimi bir mənzildə bir televizor, soyuducu olan dövr deyil. Bu səbəblərdən də ənənəvi enerji mənbələri sürətlə tükənir. İstehlak olunan enerjiyə nəzarət etmək, eyni zamanda ekosistemə dəyən zərəri minimuma endirmək üçün enerjiyə qənaət etməliyik. Yüksək sıxlıqlı yaşayışın olduğu şəhərlərdə binalarda enerji istehlakı istixana qazı emissiyalarının yaranmasına səbəb olur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, binaların istismarı zamanı istehlak olunan enerji ümumi istehlakın 30 faizinə bərabərdir. Enerji əsaslı karbon emissiyası 26 faiz təşkil edir. Buraya binanın istismarı zamanı istifadə olunan elektrik və istilik enerjisinin istehsalından yaranan emissiyalar da aiddir. Ölkəmizdə də enerji istehlakında ən böyük paya malik ev təsərrüfatlarıdır. Ən çox istehlak olunan enerji resursu təbii qazdır”. 

“Enerji səmərəliliyi tələb kimi qoyulacaq”

Millət vəkili bildirdi ki, bundan sonra inşa olunacaq binalarda enerji səmərəliliyi tələb kimi qoyulacaq: “Binada enerji effektivliyini təmin etmək üçün layihələndirmə zamanı istehlak göstəricisini hesablamaq lazımdır. Bina tikilmədən öncə hesablamalar nəticəsində enerjiyə qənaət etmək, karbon emissiyasını minimuma endirmək mümkündür. Tarixi mədəniyyət abidələrində bunu etmək olmaz, çünki onlar toxunulmazdır. Köhnə binalarda da mümkün deyil, çünki infrastruktur artıq var və onu sökmək mümkün deyil. Utilizasiyaya gedən binalarda isə yenisi tikiləndə bütün bunlar nəzərə alınacaq. Dövlətin tikdiyi binalarda enerji effektivliyinə riayət olunur. Amma özəl şirkətlərin tikdiyi binalar da artıq qanun qəbulundan sonra standartlara cavab verməlidir. Bu, tələb kimi tikilən binaların qarşısına qoyulacaq. Enerji effektivliyi materiala, kommunikasiya sistemlərinə bağlıdır. Yaşayış olan binalarda da insanlar buna maraq göstərsələr, idarəedicilərinə müraciət edərək kommunikasiya xətlərini dəyişə, binanın fasadını izolyasiya edə bilərlər”.

Enerji pasportu necə veriləcək?

R.Muradov enerji pasportunun necə veriləcəyinə də aydınlıq gətirdi: “Binanın enerji effektivliyini də müəyyən edən enerji pasportudur. Bu pasport həmin binanın enerji, eyni zamanda istilik texnikasının müvafiq normalarla təyin edilmiş göstəricilərin uyğunluğunu təsdiq edən sənəddir. Pasportlaşdırma enerji effektivliyini izləməyə, həm də ölkə üzrə enerji səmərəliliyi strategiyası və ona uyğun tədbirlərin müəyyən edilməsinə kömək edəcək. Binanın mülkiyyətçisi və idarəçisinin müraciəti əsasında enerji effektivliyi pasportu təqdim olunur. Pasportda həmin binada enerji effektivliyinin təmin olunması, orada görülən işlər hər biri öz əksini tapacaq”.  

“Dünya ölkələrində illərdir mövcuddur”

Deputatın fikrincə, enerji pasportu dünya ölkələrində illərdir mövcuddur və xeyli səmərəlidir: “Beynəlxalq təcrübədə bunun iqtisadi xərci olduqca aşağıdır. Pasportlaşdırma qiymətləri bina tipi və sahəsinə əsasən müəyyən edilir. Əgər sahə böyükdürsə, hər kvadrat metrə düşən qiymət aşağı olur. Böyük Britaniyada kvadratmetr artdıqca qiymət aşağı düşür. 100 kvadrat metrə qədər olan evlərdə pasportlaşma qiyməti 10,1 manatdır. 1000 kvadrat metrdə isə 1,32 manatdır. Türkiyədə isə 600 kvadratmetrə qədər olan sahə 1500 lirədir. Pasportlaşmaya çəkilən xərclər itirilmir. Qiymətlərin aşağı olması nəticəsində istismarda olan bina sakinlərində də pasport əldə etməyə maraq yaranacaq. Enerji effektivliyinə çəkilən xərclər 5-7 ilə geri qayıdacaq”. 

“Binalar bəzən tikilir, lakin düzgün izolyasiya edilmir” 

R.Muradov enerji pasportu və enerji səmərəliliyinin vətəndaşlar üçün yaradacağı imkanlardan da bəhs etdi: “Binalar bəzən tikilir, lakin düzgün izolyasiya edilmir. Yaxud beton üzərindən döşəmə vurulur, alçipan olur və məsafə qalmır ki, evdə olan enerji istiliyi saxlasın. Divar qalınlığı 40 santimetr olmayan evlərdə enerji səmərəliliyi zəifdir. Evi nə qədər qızdırmağa çalışsanız da, soyuyur. İzolyasiya tədbirləri nəticəsində enerji istehlakını 50 faizə qədər azaltmaq mümkündür. Yəni vətəndaşlar qışda kombi işlətdiyi üçün qaza 100 manat ödəyirsə, artıq 50 manat ödəyəcək. Nəzərə almalıyıq ki, enerjinin də qiyməti ildən ilə artır. Köhnə binaların əksəriyyətinin enerji effektivliyi çox aşağı səviyyədədir. 1 kvadratmetr ərazinin qızdırılmasına 250 kilovat/saat enerji sərf edilir. Az xərc çəkməklə daha yaxşı istilik əldə etmək mümkün olacaq. Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması gələcəkdə vətəndaşlarımızın həm sağlamlığının, həm həyat keyfiyyətinin yaxşılaşmasına, eyni zamanda enerjiyə qənaətə, karbon qazının emissiyasının azaldılması nəticəsində iqtisadiyyatımıza töhfə verəcək”.

“Əmlak qiymətləri artacaq”

İqtisadçı Xalid Kərimli isə düşünür ki, enerji pasportlaşmasından sonra əmlak qiymətləri arta bilər: “Enerji pasportu obyektin, evin enerji sərfiyyatını müəyyən edəcək. Enerji itkisini hesablamaq mümkün olacaq. Enerji itkisi daha az olanlara daha yüksək reytinq veriləcək. Avropada 20 ildən artıqdır pasportlaşma mövcuddur. Bizdə isə zərurəti ortaya çıxaran köhnə binalardır. Onlarda enerji itkisi çox olur. Binalarda istifadə olunan material, pəncərələrin kiplənməsi kimi məsələlər xeyli zəifdir. O səbəbdən bu binalarda enerji itkisi olur. Azərbaycan enerji istehlakının 40 faizə yaxını məhz binalardadır. Pasportlaşmanın dövlət büdcəsinə də faydaları olacaq. Enerji xərcləri azalacaq. Enerji pasportları əmlak bazarına da müsbət təsir göstərə bilər. Enerji pasportunda yüksək reytinq olduqda qiyməti də yüksələcək. Çünki insanların evi isitmək üçün xərci az çıxacaq”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər