“Yaşıl Enerji Həftəsi 2025”

Bakıda keçirilən tədbirdə yaşıl enerji layihələri ilə bağlı regional əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hidrogenin tətbiqi məsələlərində lider mövqe tutur.
Bakıda "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri keçirilib. Tədbir çərçivəsində yaşıl enerji layihələri ilə bağlı regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tam proqnozlaşdırma mexanizminə ehtiyac var
"Azərişıq" ASC-nin külək enerjisi şöbəsinin rəhbəri Rasim Əliyev bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) ümumi enerji şəbəkəsinə inteqrasiyası üçün əsas alət olacaq sistemə, həmçinin tam proqnozlaşdırma mexanizminə ehtiyac var: "Bu gün ölkədə BOEM sahəsində çoxsaylı layihələr həyata keçirilir. Bu, gələcəkdə böyük əhəmiyyət kəsb edəcək. İstismar zamanı SCADA-nın məlumatlarına əsaslanan proqnozlaşdırıcı texniki xidmətin istifadəsi vacibdir”.
“Bu, pilot layihə deyil”
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) investisiya mütəxəssisi Vyaçeslav Qordiyenko qeyd edib ki, Azərbaycan üçün başlıca prioritet bərpa olunan enerji sahəsinə investisiyaların təmin edilməsi və şəbəkə infrastrukturunun inkişafıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq 1,7 giqavatt güc mövcuddur və 2027-ci ilədək olan dövrü əhatə edən layihələr üzrə bölüşdürülüb."Dünya Bankı Qrupu ilə sıx əməkdaşlıq çərçivəsində bərpa olunan enerji sahəsində irimiqyaslı investisiya proqramının həyata keçirilməsi ümidverici faktdır”. Ofşor layihələrə gəlincə, ekspert qeyd edib ki, 200 meqavatt gücün yaradılması müsbət qarşılanır: “Lakin vurğulamaq vacibdir ki, bu, pilot layihə deyil. Mövzunun mürəkkəbliyinə baxmayaraq, məhz gələcəkdə reallaşdırmaq üçün istinad nöqtəsi olacaq pilot ofşor layihəni başlatmaq faydalı olardı".
“Sıx əlaqələndirmə tələb olunacaq”
V.Qordiyenko bildirib ki, Azərbaycanın və regionun regionlararası səviyyədə həyata keçirilən daha irimiqyaslı bərpa olunan enerji layihələrinə ehtiyacı var. Onun sözlərinə görə, Qara dənizin dibi ilə enerji kabeli layihəsi böyük strateji əhəmiyyətə malikdir. "Lakin bunun həyata keçirilməsi üçün böyük səy və sıx əlaqələndirmə tələb olunacaq. Bu, Dünya Bankının mürəkkəb çoxtərəfli koordinasiya apardığı və ilkin araşdırmalar həyata keçirdiyi iş sahəsidir. Ümumiyyətlə, regiona dövlətlərarası əməkdaşlıq layihələri daha çox lazımdır. Əgər bu baş verərsə, Azərbaycan aparıcı elektrik enerjisi istehsalçılarından biri kimi daxili tələbatın hüdudlarını aşa biləcək", - IFC mütəxəssisi vurğulayıb.
Dəniz suyundan istifadə əlavə xərclər tələb edir
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova vurğulayıb ki, hidrogen istehsalında Xəzər dənizinin suyundan istifadə əlavə xərclər tələb edir. "Bizim nöqteyi-nəzərimizdən, hidrogenlə bağlı aparılan araşdırmalarda suyun istifadəsi aspekti də vacibdir, çünki Azərbaycan üçün sudan səmərəli istifadə xüsusilə önəmlidir. Bizim araşdırmamıza görə, Xəzər dənizinin suyundan istifadə etmək olar. Bəli, bu, şor sudur və açığı, yumşaq deyil, ona görə də təmizlənməsi lazımdır. Bu isə əlavə xərclər deməkdir. Bundan başqa, duzlu su ilə bağlı problem yaranır, onu Xəzər dənizinə geri axıtmaq olmaz, çünki orada artıq bir çox ekoloji problemlər mövcuddur", - o qeyd edib.
Azərbaycan lider mövqe tutur
MAIRE şirkətinin Mərkəzi Asiya, Xəzər və Türkiyə üzrə vitse-prezidenti Nikkolo Heilpernin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hidrogenin tətbiqi məsələlərində lider mövqe tutur: "Bizim üçün hidrogen diplomatiyası siyasi səviyyədən bir qədər fərqli mövqedədir. Bu, daha çox sənaye, istehlakçılar və dövlət qurumlarını dəyər yaratmaq üçün necə birləşdirmək lazım olduğu ilə bağlıdır. Bu dəyər ölkədə qalmalıdır - dövlət və əhali üçün, eyni zamanda şirkət üçün də rifah yaratmalıdır. Biz səhmdarlara gəlir gətirməliyik. Lakin eyni zamanda işlədiyimiz ölkələrdə də sərvət yaratmalıyıq. Buna görə də, bizim üçün hidrogen diplomatiyası bütün maraqlı tərəflər arasında bilik mübadiləsinə və uzunmüddətli layihələrin inkişafına imkan verən əməkdaşlıq platformasıdır. Azərbaycanda artıq digər sahələrdə də güclü tərəfdaşlığımız var" - o qeyd edib.
