Pomidor və xiyarı bahalaşdıran səbəb

Pomidor və xiyarın qiymətində gözlənilməz yüksəliş müşahidə olunur. Ekspertlər bunu daha çox mövsümi amillərlə əlaqələndirirlər. Onların fikrincə, yeni məhsullar bazara daxil olandan sonra qiymətlər stabilləşəcək.
Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar. Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin “baş qəhrəmanı” olub. Hər kəsi bir sual düşündürür: görəsən qiymətləri birdən-birə belə kəskin artıran nədir?
“Şimal bölgəsində məhsullar yağışın altında qalıb”
Sahibkar Eldar Hüseynov qiymət artımını hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirdi: “Qiymətlərin qalxmasının əsas səbəbi şimal bölgəsində əkilən məhsulların yağışın altında qalmasıdır. İstixanalarda olan məhsullar da demək olar ki, bitib. Yeni məhsullar isə yetişməyib. Hələ ki, ara boşluğu var. Xaçmazda yağan yağışlar imkan vermədi ki, ara boşluğu çöldə əkilən pomidorlar doldursun. Xiyarda isə səbəb köhnə istixanalarda məhsulların bitməsi, yeni istixanalarda məhsulların yetişməməsidir. O səbəbdən qəfildən xiyarın qiyməti artdı. Bir ara havalar tutqun keçdi. Xiyar da elə bitkidir ki, hava şəraiti tutqun olduqda məhsuldarlığa təsir edir. Mütləq günəş olmalıdır”.
E.Hüseynov bildirdi ki, bu səbəblərdən daxili bazarda qiymətlər hələ ki, yüksək olaraq qalmaqda davam edəcək: “Amma bir müddət, noyabr ayının sonuna kimi belə olacaq. Xiyarın qiyməti bəlkə enə bilər. Çünki Şəmkir və Salyan istiqamətində tikanlı xiyarlar yetişəcək”.
Mövsümi şərait, enerji xərcləri, ixrac...
Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, mövsüm amili burada böyük rol oynayır: “Tərəvəzçilik, xüsusilə pomidor və xiyar istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunun ən strateji istiqamətlərindən biridir. Bu məhsullar daxili bazarda ən çox istehlak olunan tərəvəzlər olmaqla yanaşı, ölkənin ixrac portfelində də əhəmiyyətli yer tutur. Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı isə həm istehlakçıları, həm də fermerləri narahat edib. Son illərin statistikası göstərir ki, pomidor istehsalında illik dəyişikliklər 5-12 faiz diapazonunda dəyişir, xiyar üzrə isə 3-8 faiz arasında tərəddüd müşahidə edilir. Mövsümi şərait, enerji xərcləri və ixrac prioritetləri məhsuldarlığa birbaşa təsir göstərir”.
“Süni bahalaşma da var”
N.Əzizlinin fikrincə, pomidor və xiyarın qiymətlərinin dəyişməsində bir çox digər təsirlər mövcuddur: “Əsas hava şəraiti və mövsüm amilidir. Yağış, dolu və soyuq dalğaları məhsuldarlığı azaldır, qış mövsümündə isə açıq sahə məhsulu minimuma enir. İstixanaların enerji və gübrə xərcləri yüksəkdir, bu isə maya dəyərini artırır. Azərbaycan pomidor ixracında region ölkələri arasında aparıcı mövqedədir. İxracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu, topdan-pərakəndə marjaların yüksək olması qiymət fərqlərini şərtləndirir. Qısa müddətli çatışmazlıq fonunda satıcıların qiymətləri süni artırması da müşahidə edilir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıda pərakəndə satış qiyməti arasında 2–3 dəfəyə qədər fərq yaranır. Bu, həm nəqliyyat xərcləri, həm də bazar strukturlarındakı qeyri-bərabər bölgüdən qaynaqlanır. Payız-qış mövsümündə açıq sahə məhsullarının azalması qiymətləri yüksəldir. İstixanaların qızdırılması üçün enerji sərfiyyatının artması istehsal xərclərini də qaldırır. Beləliklə, mövsümi olaraq qiymətlərin artması təbii hesab olunur. Qiymət artımının əsasən mövsümi xarakter daşıdığı qəbul edilir. Lakin ixrac prioriteti və bəzi hallarda topdan-pərakəndə şəbəkələrinin spekulyativ yanaşmaları süni təsirlərin də mövcudluğunu göstərir”.
Qiymətlərin sabitləşməsi mümkündür
Müsahibimiz qiymətləri sabit saxlamaq üçün atılmalı olan addımlara da toxundu: “Qiymətlərin sabitləşməsi üçün mövsümi idxalın asanlaşdırılması, istixana istehsalçılarının enerji subsidiyaları ilə dəstəklənməsi, bazar nəzarətinin və anti-spekulyasiya tədbirlərinin gücləndirilməsi, fermerlər üçün risk sığortası və yeni texnologiyaların (damcı suvarma, müasir istixanalar) təşviqi vacibdir. Qısa müddətdə, yəni 1-2 ay üçün mövsümi məhsul bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma mümkündür. Orta müddətdə, yəni 3-6 ayda, payızın sonu və qış mövsümündə qiymətlərin yenidən yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə istixana sektoruna yatırımlar və logistika infrastrukturunun inkişafı qiymətlərin sabitləşməsini təmin edə bilər”.
Zərif Salmanlı
