• şənbə, 27 Sentyabr, 23:53
  • Baku Bakı 16°C

Qanları ilə Zəfər tarixini yazanlar

27.09.25 04:25 338
Qanları ilə Zəfər tarixini yazanlar

Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin xatirəsi daim böyük hörmət və ehtiramla anılır. Onun döyüş yolu, qəhrəmanlıqları gənclər üçün örnəkdir. 

“Atam Hörmət Həsənzadə Birinci Qarabağ müharibəsinin və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Qardaşım Məhəmmədəli bunu bildiyi üçün əlinə keçən hər fürsətdə atamı sorğu-suala tutar, keçdiyi döyüş yolu, üzləşdiyi hadisələr, hərbçilərimizin şücaəti barədə bacardıqca çox məlumat öyrənməyə çalışardı. Atam da həvəslə danışardı. Biz o zamanlar bunu adi ailə söhbəti kimi qəbul edərdik. Sən demə, Məhəmmədəli atamı özünün qəhrəmanına çevirib, onun kimi Vətən torpaqlarının azadlığı uğrunda savaşda iştirak etmək həvəsinə düşübmüş. Ona görə də müharibə, hərbi əməliyyatlar barədə daha çox məlumat toplayır, özünü həmin ana hazırlayırmış. Biz bunu onun Qusardakı hərbi hissəni tərk edib ön cəbhəyə yollanması zamanı bildik”. Bu barədə Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin qardaşı Sahil Həsənzadə bizimlə söhbətində bildirdi. 

“Toya gedirik, haqqınızı halal edin”

Qeyd etdi ki, qardaşı Məhəmmədəli çox vətənpərvər, məsuliyyətli gənc olub: “1993-cü ildə Qubadlı rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal ediləndə ailəmiz Qilican kəndindən köçməyə, Sumqayıt şəhərində məskunlaşmağa məcbur olub. Qardaşım Məhəmmədəli də 1999-cu ildə bu şəhərdə anadan olub, 2016-cı ildə Qubadlı rayonu Yuxarı Mollu kənd orta məktəbini bitirib. 2016-2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” ixtisası üzrə ali təhsil alıb. Ali təhsilini başa vurduğu il əsgərliyə yollanıb və Qusar rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayanda qardaşım cəmi üç ayın əsgəri olub. Onun cəbhə xəttindən uzaq hərbi hissədə qalıb xidmətini davam etdirmək imkanı var idi. Lakin o, müharibəni seçdi. Ön cəbhəyə yollandığı gün də atamla qısa telefon əlaqəsi saxlayıb. Şifrəli danışaraq deyib ki, toya gedirik, özünüzü qoruyun və haqqınızı halal edin”.

“Arzularından biri də üzünü görmədiyi ata-baba yurdumuza qayıtmaq idi”

S.Həsənzadə qardaşının keçdiyi döyüş yolundan da danışdı. M.Həsənzadə 44 günlük müharibədə tank əleyhinə taqımda qulluq edib. O, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda hərbi əməliyyatlarda iştirakçı olub: “Məhəmmədəli məcburi köçkün ailəsində dünyaya gəlmiş, böyümüşdü. Təbii ki, arzularından biri də üzünü görmədiyi ata-baba yurdumuza qayıtmaq, oranı yağı tapdağından azad etmək idi. Fikrimcə, onun taleyini döyüşlərə, müharibəyə bağlayan hisslərdən biri də məhz bu idi. O, Qarabağı, o cümlədən Qubadlını azad görmək, özünün qəhrəmanı hesab etdiyi qazi və şəhidlərimizin qisasını almaq istəyirdi. Döyüş yoldaşlarının bizə söylədiklərinə görə, hərbi əməliyyatlarda çox böyük şücaət, qorxmazlıq nümayiş etdirib, mərdi-mərdanə vuruşub. Oktyabrın 23-də növbəti əməliyyat zamanı düşmən mərmisi onun yaxınlığında partlayıb. Qardaşım və döyüş yoldaşı Azər Yarıyev yaralanıb. Məhəmmədəli özü yaralı ola-ola hərbçi yoldaşını döyüş meydanından çıxarıb, onun həyatını xilas edib”.

“Qürur duyuram ki, Məhəmmədəli bu şanlı tarixin bir parçasıdır”

S.Həsənzadə qardaşı Məhəmmədəlinin hərbçilərimizlə birlikdə Xocavənddən Şuşa istiqamətinə irəliləyərkən düşmən gülləsinə tuş gəldiyini, şəhidlik zirvəsinə ucaldığını bildirdi: “Qardaşım öz seçdiyi yolda şücaəti və qəhrəmanlığı ilə milyonların qəhrəmanına çevrildi, şəhidlik zirvəsinə ucaldı. O, Vətən müharibəsinin sona çatmasına cəmi dörd gün qalmış – noyabrın 6-da Qırmızı bazar ərazisində şəhid oldu və noyabrın 8-də Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olundu. Hər bir insan itkisi ağırdır və bu dərdi daşımaq çox çətindir. Amma bizim təskinliyimiz var ki, Məhəmmədəli və onun kimi digər şəhid oğul-qızlarımız Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda ediblər. Onlar biz və bizdən sonrakı nəsillərin xoşbəxtliyi naminə özlərini odun-alovun içinə atıblar, öz qanları ilə Zəfər tariximizi yazıblar. Qürur duyuram ki, Məhəmmədəli bu şanlı tarixin bir parçasıdır”.

Şəhidin adı Qubadlıda da əbədiləşdiriləcək

S.Həsənzadə şəhid ailəsi kimi dövlətin onlara diqqət və qayğısından da bəhs etdi. Söylədi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla qardaşı Məhəmmədəli Həsənzadə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Sumqayıt şəhərində Yaşıl Dərə Bağları adlanan ərazidə şəhid M.Həsənzadənin abidəsi ucaldılıb. Vaxtilə ali təhsil aldığı Azərbaycan Turizm və Menecment Universitetində şəhid M.Həsənzadəyə aid guşə yaradılıb, auditoriyaya onun adı verilib.

Bundan başqa, Qubadlı rayonunun Kavdadığ, Xocahan, Yuxarı Mollu kənd tam orta məktəblərində, Sumqayıt şəhərindəki 7 nömrəli tam orta məktəbdə şəhidin adına siniflər yaradılıb. Gələcəkdə Qubadlı rayonuna köç baş tutacağı təqdirdə, orta məktəblərdən birinə də şəhid Məhəmmədəli Həsənzadənin adı veriləcək. Eyni zamanda Qubadlı rayonunda əsas küçələrdən biri şəhidin adını daşıyacaq. Bütün bunlar şəhid M.Həsənzadənin adının əbədiləşdirilməsinə, xatirəsinin daim uca tutulmasına yönəlik addımlardır.

Ərturan İSMAYIL

 

banner

Oxşar Xəbərlər