"Real", yoxsa "Borussiya"?
İngiltərənin məşhur “Uembli” stadionunda keçiriləcək oyunda İspaniya “Real Madrid”i və Almaniya təmsilçisi “Borussiya” (Dortmund) üz-üzə gələcəklər. UEFA Çempionlar Liqasının qalibi məhz bu oyundan sonra bəlli olacaq.
Avropada futbol mövsümü sona çatır. Bu gün UEFA Çempionlar Liqasının (ÇL) finalı ilə “köhnə qitə”nin klub futbolunda baş mükafat sahibini tapacaq. İngiltərənin məşhur “Uembli” stadionunda keçiriləcək həlledici oyunda İspaniya “Real Madrid”i və Almaniya təmsilçisi “Borussiya” (Dortmund) üz-üzə gələcəklər.
Ağır final yolu
Hər iki kollektiv finala qədər çətin sınaqlardan keçib. Düzdür, Madrid klubu qrup mərhələsini çox asanlıqla başa vurub. “Napoli”, “Braqa” və “Union”a rəqib olan Karlo Ançelottinin komandası maksimum nəticə - 18 xalla mərhələ adlayıb. “Borussiya” isə “ölüm qrupu”nda, bəlkə də, çoxları üçün gözlənilməz nəticə əldə edərək birinci olub. “Milan”, “Nyukasl” və PSJ ilə qarşılaşan dortmundlular 11 xalla qrupun ən güclüsü kimi mərhələ adlayıblar.
“Real Madrid” 1/8 finalda digər Almaniya təmsilçisi “Leypsiq”lə duellərdən çətinliklə qalib ayrılıb (1:0, 1:1). “Borussiya” isə bu mərhələdə PSV-ni iki oyunun cəmində 3:1 məğlub edib. Növbəti mərhələdə Edin Terziçin yetirmələri digər Madrid klubu “Atletiko” ilə ağır dueldən qalib ayrılıb. İlk oyundakı 1:2 hesablı məğlubiyyətin əvəzini 4:2 hesablı qələbə ilə almaq mümkün olub. “Real Madrid” isə ¼ finalda turnirin son qalibi “Mançester Siti” ilə dramatik görüşlərə çıxıb. İki oyunun nəticəsində qalib müəyyənləşməyib və yalnız penaltilər seriyasında “kral klubu” daha güclü olub. Yarımfinalda komanda mövsümdə üçüncü alman rəqibi – “Bavariya” ilə üz-üzə gəlib. Bu dəfə madridlilər iki oyunun cəmində 4:3 üstün olmağı bacarıblar. “Borussiya” isə qrup mərhələsində üstələdiyi PSJ-ni bu dəfə hər iki qarşılaşmada minimal hesabla məğlub etməyi bacarıb.
Rekordçu “Real Madrid”
“Uembli”dəki final tərəflərin Çempionlar Liqasının bu mərhələsindəki ilk qarşılaşmasıdır. Madrid təmsilçisi turnirin rekordçusudur. Daha əvvəl 17 dəfə final oynayan kollektiv bunların 14-də baş mükafata yiyələnməyi bacarıb. Müqayisə üçün qeyd edək ki, klubun ən yaxın izləyicisi İtaliya “Milan”ı iki dəfə az - yeddi dəfə turnirin qalibi olub.
“Borussiya” Londonda ikinci, ümumilikdə üçüncü ÇL finalına çıxacaq. Almanlar bir dəfə - uzaq 1997-ci ildə kuboku muzeyinə apara bilib. 2013-cü ildə isə elə “Uembli”də keçirilən finalda digər Almaniya təmsilçisi “Bavariya”ya güc gəlmək mümkün olmayıb.
Roys, yoxsa Kroos üçün mükəmməl vida?
Çempionlar Liqasının finalı onsuz da xüsusi qarşılaşmadır, amma iki futbolçu üçün bugünkü oyunun əhəmiyyəti daha artıqdır. 12 mövsümdən sonra Marko Roys yetirməsi olduğu “Borussiya”dan ayrılır. O, 2012-ci ildə komandaya qayıtdıqdan sonra doğma klubunda 170 qol və 131 məhsuldar ötürmə ilə yadda qalsa da, heç vaxt Bundesliqanın qalibi olmaq arzusuna çata bilməyib. Lakin indi o, Çempionlar Liqasının qalibi olmaq kimi mükəmməl sonluqla vidalaşmaq şansına sahibdir.
Madrid cəbhəsində isə digər alman Toni Kroos karyerasını zirvədə başa vurmağın xəyallarını qurur. Onsuz da onun “Real Madrid” karyerası nağıl kimidir. 2014-cü ildə İspaniya paytaxtına üz tutan yarımmüdafiəçi burada dörd dəfə Çempionlar Liqasının qalibi olub və saysız-hesabsız digər mükafatlara yiyələnib. O, “Borussiya” ilə görüşdən sonra klub karyerasını bitirəcəyini açıqlayıb.
Final öncəsi əsas suallardan biri məhz bu oyunçularla bağlıdır: Londonda pərdələr endikdə hansı ikonanın xəyalları gerçəkləşmiş olacaq?
Çuameni finalı buraxır
“Uembli”dəki görüş ərəfəsində komandalarda cəzalı oyunçu yoxdur. Ümumiyyətlə, hər iki kollektiv ideala yaxın heyətlə meydana çıxa biləcək. Yeganə problem “Real Madrid”də Orelyn Çuameni ilə bağlıdır. Fransalı yarımmüdafiəçi zədə səbəbindən oyunu buraxmalı olacaq.
Media komandaların oyun üçün üstünlük verəcəyi təxmini heyətləri yayımlayır. Amma xüsusən Çuameninin yoxluğunda Ançelottinin seçimlərini təxmin etmək çətindir. Həm “Papa Karlo”, həm də Edin Terziçin rəqibə sürpriz hazırlaması istisna edilmir.
Bellinqem keçmiş silahdaşlarına qarşı
Final üçün ən çox diqqət mərkəzində olan adlardan biri Cud Bellinqemdir. O, keçən ilin yayında məhz “Borussiya”dan “Real Madrid”ə transfer olunub və mükəmməl mövsüm keçirir. La Liqanı qazanan ingilisin növbəti hədəfi ÇL-dir. Yeri gəlmişkən, bəzi məlumatlara görə, “Real Madrid”in turnirin qalibi olacağı təqdirdə Bellinqem transferinin tərkib hissəsi kimi almanlara 25 milyon avro ödəməlidir. Bu isə turnirin qalibinə veriləcək mükafatdan da çoxdur. Lakin xəbərlər təsdiqini tapmayıb.
Bəzi mütəxəssislər finalı Bellinqemlə Yulian Brandtın dueli kimi xarakterizə edir. İngilis oyunçu kimi alman yarımmüdafiəçi də əla mövsüm keçirir. “Borussiya”nın bu mərhələyə gəlməsində ən böyük pay sahiblərindən biri məhz Brandtdır. Mövsümün oyununda hansının – Bellinqemin, yoxsa Brandtın orta xətdə daha effektiv olmasının yekun nəticədə böyük rol oynayacağı ehtimal edilir.
Favorit “kral klubu”dur
Mütəxəssislər “Real Madrid”i daha şanslı hesab edirlər. Lakin final bir matçdan ibarətdir və dəfələrlə tamamilə gözlənilməyən nəticələr qeydə alınıb. Üstəlik, bu mərhələyə qədər keçdiyi yolla “Borussiya” iddiasını tam ortaya qoya bilib.