• çərşənbə, 01 May, 03:05
  • Baku Bakı 17°C

Qızlar bacardı!

09.12.23 02:46 3472
Qızlar bacardı!

B Liqasına yüksəlmək Avropanın ortababları sırasına qoşulmaq deməkdir. Orada millimizi daha ciddi sınaqlar, daha böyük rəqiblər gözləyir.


Qadın futbolçulardan ibarət Azərbaycan millisi tarixi uğura imza atıb. “Zəriflərimiz” Millətlər Liqasının C Liqasının 3-cü qrupunda rəqiblərini üstələyərək B Liqasına vəsiqə əldə edib. Bu, qadın futbolunun yeni olduğu Azərbaycan üçün olduqca böyük nəticədir.

Dünyada qadın futbolunun yüksəlişi

Futbol, ümumən, daha çox kişilərin oyunu kimi assosiasiya olunsa da, son illərdə bu yanaşma dəyişməkdədir. Ali futbol qurumları - FIFA və UEFA təbliğat kampaniyaları, beynəlxalq yarışların təşkili, maliyyə yardımları ilə bu sahədə inkişafa nail olmaqda maraqlıdır. İlk dəfə təşkil olunan Millətlər Liqası da bu istiqamətdə atılan növbəti addım idi.

Qadın futbolunun ümumi futbolda çəkisi getdikcə artır. Artıq qadın klublarının nümayəndələri beynəlxalq qurumlarda təmsil olunurlar. Son olaraq Avropa Klublar Assosiasiyası qərar qəbul edib ki, İdarə Heyətinə seçkilərdə bir yer məhz qadın klublarına ayrılır.
Beynəlxalq qurumlarla yanaşı, böyük futbol klubları da bu sahədə perspektivi hiss edərək, yatırımları artırırlar. Qadınlar arasında UEFA Çempionlar Liqası kifayət qədər nüfuzlu turnirə çevrilib. Təsadüfi deyil ki, ötən il İspaniyanın “Barselona” və Almaniyanın “Volfsburq” qadın komandaları arasındakı yarımfinal oyununu “Kamp Nou” stadionunda 91 min 648 azarkeş tribunadan izləyib.

Qitənin ortababına çevrilməkdə olan Azərbaycan millisi

Ölkəmizdə qadın futbolunun tarixi çox qısadır. 2010-cu ildə U-15 komandası formalaşdırılıb və bundan sonra addım-addım irəliləyiş əldə edilib. Düzdür, ilk vaxtlar acınacaqlı nəticələr olub. Milli komandanın 8, 13, hətta 15 qol buraxdığı oyunlar da olub. Lakin bunlar artıq uzaq keçmiş hesab edilə bilər. Son bir neçə ildə nəinki böyük hesablı yenilgilərin sayı azalıb, hətta ümumiyyətlə məğlubiyyətlər nadirən qeydə alınır. Komandamız son doqquz matçda rəqiblərinə uduzmayıb.
Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda yer alan Azərbaycan millisi altı matçın beşində qələbə qazandı və bir heç-heçə etdi. Qrup mərhələsini məğlubiyyətsiz başa vuran qızlarımız 16 xal topladılar və Monteneqronu dörd xal üstələyərək lider kimi B Liqasına adladılar. Ümumilikdə doqquz top vuran komanda qapısında cəmi ikisini gördü.
Əlbəttə, adıçəkilən rəqiblər Avropada elə də güclü hesab olunmurlar. Lakin onların hər birində qadın futbolunun təşəkkülü Azərbaycanla müqayisədə daha əvvələ söykənir. Digər tərəfdən, uzun illər yalnız məğlubiyyətlərə öyrəşmiş yığmanın qrup mərhələsini yenilgisiz başa vurması, ardıcıl beş qələbə əldə etməsi psixoloji olaraq da çox ciddi məqamdır. B Liqasına yüksəlmək Avropanın ortababları sırasına qoşulmaq deməkdir. Orada millimizi daha ciddi sınaqlar, daha böyük rəqiblər gözləyir.

Uğurun memarı

Azərbaycan qadın futbolunda bu gün üçün böyük hesab olunan uğurun əsas memarı komandanın baş məşqçisi Siyasət Əsgərovdur. Ümumiyyətlə, ölkə futbol ictimaiyyətində qadın futbolu dedikdə ağıla məhz onun adı gəlir. S.Əsgərov ilk vaxtlardan yığmanın başındadır və hazırkı komandanı tamamilə o formalaşdırıb. S.Əsgərov, həmçinin, Türkiyənin “ALG Spor” komandasının da baş məşqçisidir. Ötən mövsüm adıçəkilən klubda idman direktoru olan mütəxəssis çempionluğu bayram edib. Hazırda isə komanda “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” kimi klubların qadın komandaları ilə mübarizədə yenidən zirvədədir.
Türkiyə təcrübəsi S.Əsgərovun milli komandadakı işinə təsirsiz ötüşmür. Xüsusən son iki ildə nəticələrdə müşahidə olunan yaxşılaşma bunu demək üçün əsasdır. Mütəxəssis həm özünü inkişaf etdirir, həm də oyunçularını.

Perspektiv varmı?

Milli komandanın son oyunlar üçün heyətinə cəlb olunan 23 futbolçudan 17-si ölkə xaricində çıxış edir. Oyunçularımız Türkiyə, Yunanıstan, Rusiya kimi qadın futbol liqaları Azərbaycanla müqayisədə daha yüksək səviyyədə olan çempionatlarda oynayırlar ki, bu da yekunda onların ustalıq səviyyəsinin artmasına səbəb olur.
Ölkə daxilində keçirilən yarışların vəziyyəti isə o qədər də ürəkaçan hesab edilə bilməz. Aşağı yaşlarda kütləvilik olsa da, Yüksək Liqada komanda sayı azdır. Üstəlik iştirakçılar arasında səviyyə fərqi böyükdür. Rəqabətsiz mühit isə inkişafa mane olan amildir.
Millinin nəticələrindən görünür ki, azərbaycanlı qızların futbol oynamaq üçün kifayət qədər bacarığı var. Ölkədaxili yarışların səviyyəsinin yüksəldilməsi ilə prosesə daha da təkan vermək olar. U-14 liqasında yarışan komanda sayının çoxluğu artıq valideynlərin qızlarını futbola yönləndirməkdə istəkli olduğunun göstəricisidir. Onların inkişafının daha düzgün təmin edilməsi üçün digər yarışlarda həm kəmiyyət, həm də keyfiyyət artmalıdır. Federasiyanın qadın futboluna yanaşmada istifadə etdiyi şüar da çox maraqlıdır: “Qızlar bacarır!” Həqiqətən, bacarırlar və bacardılar da. Müəyyən çatışmazlıqlar aradan qaldırılarsa, gələcəkdə daha yaxşılarını da bacara bilərlər.

banner

Oxşar Xəbərlər