• çərşənbə axşamı, 30 aprel, 21:06
  • Baku Bakı 25°C

“Qızıl Kəlmə” Ədəbi Mükafatının təqdimetmə mərasimi keçirilib - Fotolar

01.05.17 19:59 2315
“Qızıl Kəlmə” Ədəbi Mükafatının təqdimetmə mərasimi keçirilib - Fotolar
"Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin adları bir neçə gün öncə açıqlanmışdı. Ötən gün isə Beynəlxalq Muğam Mərkəzində qaliblərə mükafatların təqdim olunmasıyla bağlı tədbir keçirildi. İlk olaraq tədbirdə mükafatın tarixi ilə bağlı qısa məlumat verildi.

Bildirildi ki, "Qızıl Kəlmə” Ədəbi Mükafatı üzrə müsabiqələr 2008-2009, 2010-2011, 2012-2013, 2014-2015-ci illərdə keçirilib və hər dəfə də may ayının əvvəlində ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qaliblərin adları elan edilib, təntənəli təqdimat mərasimi təşkil olunub. Mükafat üzrə beşinci müsabiqəyə isə əsərlər 4 noyabr 2016-ci il - 10 aprel 2017-ci il tarixlərində təqdim edilib. 2015-ci ildə nazirliyin müvafiq əmri ilə mükafatın əsasnaməsində dəyişiklik edilərək uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası da əlavə olunub.

Daha sonra tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. O bildirdi ki, mükafatlandırmaya hər il təqdim olunan əsərlərin sayında artım olur: "Diqqəti cəlb edən məqamlardan birinə toxunmaq istəyirəm. Belə ki, birinci dəfə 2009-cu ildə biz bu mükafatı elan edəndə, cəmi 40 əsər daxil olmuşdu. Biz o əsərlərin içərisindən ən yaxşılarını seçmişdik. Bu il isə hər nominasiyaya görə 100-ə qədər müxtəlif əsərlər daxil olub. Bu, münfislər heyətinin seçim imkanını çətinləşdirib. Çünki təqdim olunan heç bir əsərin mükafata layiq olmadığını demək olmaz. Əsərlərin hamısı dəyərlidir. Ən yaxşılarını seçmək münsiflər üçün çətin olsa da, artıq seçim edilib. Münsiflər heyətinin qərarını hörmətlə qarşılamalıyıq. Müsabiqəyə dəyərli əsərlərini təqdim etdikləri üçün hər kəsə təşəkkürümü bildirirəm. Təki yaxşı əsərlər o qədər çox olsun ki, onların arasından ən dəyərlilərini müəyyən etməkdə çətinlik çəkək”.

Sonra mükafatların sahiblərinə təqdim edilməsinə başlanıldı. Təqdimatdan öncə hər bir qalib haqda ümumi məlumat verildi, daha sonra mükafatları təqdim olundu.

Şairə-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, "Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibi Sona Vəliyeva çıxışında bildirdi ki, bu mükafatlandırmanı çağdaş Azərbaycan ədəbiyyatına göstərilən əhəmiyyətli bir diqqət-qayğı hesab etmək olar: "O ki qaldı "İşığa gedən yol” romanıma, hesab edirəm ki, bu, bütövlükdə Həsən bəy Zərdabiyə, onun milllətinə olan təmənnasız sevgisinə, canını, sağlamlığını, mal-mülkünü el yolunda təmənnasız şəkildə xərcləməsinə verilən qiymətdir. Təsadüfi deyil ki, onun dəfn günü general-qubernator deyirdi ki, Həsən bəy gələndə Bakı kasıb idi, o varlıydı, indi o köçür, kasıbdır, amma Bakı varlı olub. Beləliklə, hesab edirəm ki, Həsən bəy Zərdabi xalqını təmənnasız sevdiyi üçün öz dəyərini alıb. Buna görə sizə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bu romanla bağlı aldığım bütün ödülləri Həsən bəyə həsr edirəm”.

Daha sonra digər qaliblərə də mükafatlar təqdim olundu. Qeyd edək ki, mükafatlandırma 5 nominasiya üzrə aparılıb. Nəsr əsərləri nominasiyası üzrə Sona Vəliyevanın "İşığa gedən yol” kitabı, Vaqif Nəsibin "Sənsizlik, mənsizlik, onsuzluq” romanı, Əkrəm Qaflanoğlunun "Talelər kəsişəndə” kitabı qalib olub. Poeziya əsərləri nominasiyası üzrə Firuzə Məmmədlinin "Seçilmiş əsərləri” kitabı, Vaqif Bayatlı Odərin "Hər iki dünyanın ən gözəli” silsilə şeirləri mükafata layiq görülüb. Bəsti Əlibəylinin "İkinci mətn” və Nərgiz Cabbarlının "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabları Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə birinci olub. Orijinaldan bədii tərcümə əsərləri nominasiyasının qalibləri Əyyub Qiyas (Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü” romanı) və Fərid Hüseyn (Orxan Kamalın "Nazim Hikmətlə 3 il yarım” əsəri) olub. Uşaqlar üçün yazılmış bədii əsərlərnominasiyası üzrə isə Zahid Xəlilin "Ağ leyləklər”, Qəşəm Nəcəfzadənin "Çiçəkli xalça” kitabları mükafat alıb. Daha bir nominasiya isə "Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində"Şans” ödülü idi. Buna isə Mirmehdi Ağaoğlunun "Alman malı” kitabı və Şəhriyar del Geraninin "Darıxmağın adı” kitabı layiq görülüb.

Aygün Əhmədova

banner

Oxşar Xəbərlər