AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qiymət bahalaşır, amma qeyri-müəyyənlik də qalır

Qiymət bahalaşır, amma qeyri-müəyyənlik də qalır

İqtisadiyyat
08 May 2021, 09:30 1094
Ekspertlər yaxın gələcək üçün neft qiymətlərini proqnozlaşdırmaqda tərəddüd edirlər
 
Neft Azərbaycan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir və ölkənin ümumi ixracatının yarısını üstələyir. Düzdür, hökumətin iqtisadiyyatı şaxələndirmək üçün gördüyü tədbirlər bu vəziyyəti dəyişdirməyə başlayıb. Neft faktorundan asılılıq getdikcə azalır, lakin neft hələ ki, iqtisadiyyatımızın lider sahəsi olaraq qalır və bu sahədə kiçik da olsa bütün dalğalanmalar bütövlükdə iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir edir.

Son günlər dünya bazarında neftin qiyməti artır. Artıq qara qızılın bir barelinin qiyməti 70 dollara yaxınlaşır. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,5 faiz artaraq 69,59 dollar təşkil edib.

Bəs görəsən qarşıdakı dövrdə "qara qızıl”ın taleyi necə olacaq? OPEK+ ölkələrinin razılığından sonra yayda neft bazarını nə gözləyir? Ümumiyyətlə, hazırkı qiyməti reallığa uyğundurmu?

Hamıya məlumdur ki, 2020-ci ildə neft sahəsi bir neçə dəfə enmə dalğası yaşayıb. Buna səbəb tələbatın kəskin azalması şəraitində istehsalın həddən artıq yüksək olması və dünya ölkələrində pandemiya ilə əlaqədar tətbiq olunan lokdaun idi. Ötən ilin mart ayında neftin qiyməti iki dəfədən artıq ucuzlaşaraq bir barel üçün 20 dollara qədər düşüb.

Lakin payızın sonlarında koronavirusa qarşı peyvəndlərin uğurla sınaqdan çıxarılması və ABŞ-da keçirilən prezident seçkilərində Co Baydenin qələbəsi bazarda qiymətlərin artımına səbəb olub. Qiymət yanvar ayında son səkkiz ayda maksimum həddə çatıb və bu artım OPEC ölkələrinin növbəti qərarları və neft hasilatının məhdudlaşdırılması fonunda baş verib. Beləliklə, fevral ayında Brent markalı neftin bir barelinin qiyməti 65 dollara – böhrandan əvvəlki səviyyəyə çatıb.

Avropada koronavirusun üçüncü dalğası və lokdaun elan olunduqdan sonra mart ayında neftin  qiyməti 61 dollara düşüb. Məhdudiyyətlər bitdikdən sonra isə, yenidən artım müşahidə olunub.

"Bloomberg” agentliyinin araşdırmasında qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) hasilat artırma planlarına başlamazdan əvvəl aprel ayında neft hasilatını sabit saxlayıb. Agentliyə görə, OPEC ölkələrinin ortalama neft hasilatı keçən ay gündəlik 25,27 milyon barel olub. Bu, mart ayındakı göstəricidən sutkalıq təxminən 50 min barel azdır.

"Citigroup”a görə isə, qlobal neft tələbatı bu yay pandemiyadan əvvəlki səviyyəyə yüksələcək: "Dünya Çin və ABŞ başda olmaqla pandemiyanın qlobal yanacaq istehlakına da təsir etdiyi böhrandan çıxmaq ərəfəsindədir. Tələbat artmaqda davam etdikcə xammalın ehtiyatları sutkada 2,2 milyon barel azalmaqda davam edəcək. Nəticədə Brent markalı neftin cari ildə qiyməti 74 dollar və daha artıq olacaq.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevdeyir ki,əgər fiziki bazarlar hazırkı qiyməti qəbul etməsə, onda neftin qiyməti 67-68 dollar civarında dəyişəcək: "Brent markalı neftin qiymətinin 70 dollara yaxınlaşması ilə biz ilin əvvəlində də rastlaşdıq.Amma çox qısa müddətdə fiziki bazarlar bu qiyməti qəbul etmədi və neftin qiyməti 70 dollardan aşağı düşdü. Birinci rübdə neftə olan tələbatla ikinci rüb arasında fərq var. Yəni cari ilin birinci rübündə neftə olan tələbat 93,4 milyon barel civarında dəyərləndirilir. Bu,OPEC və kənar müttəfiq ölkələrin yaratdığı rəylərə əsasən formalaşıb. Eyni zamanda Beynəlxalq Enerji Agentliyinin də məlumatında göstərilir ki, cari ilin birinci rübündə neftə olan gündəlik tələbat 93 milyon 430 min barel civarında olacaqdır. İkinci rübündə artıq neftə olan tələbatda dəyişiklik baş verir. Yəni ikinci rübdə neftə olan tələbat ortalama 95 milyon barel civarında dəyərləndirilir. Deməli kifayət qədər artım var. İndi neftin qiyməti artıq 70 dollar civarındadır. Əgər fiziki bazarda neftin bu qiymətini qəbul edəcəklərsə, deməli, neftin qiyməti ikinci rübdə də70 dollar civarında qərar tutacaq. Yox əgər fiziki bazarlar bu qiyməti qəbul etməsə, onda neftin qiyməti 67-68 dollar civarında dəyişəcək. Bu qiymət həm neft hasil edən dövlətləri, həm də istehlakçıları qane edir. Əsas məsələ odur ki, qlobal neft bazarında neft qiymətlərindəsabitlik təmin edilib. Bu da bazarın düzgün tənzimlənməsi ilə bağlıdır.May ayından başlayaraq iyul ayının sonuna kimi OPEC və müttəfiq dövlətlər hasilatın artırılması ilə bağlı qərar qəbul ediblər. Bu ay qlobal neft bazarlarına əlavə olaraq, gündəlik 3ay ərzində 2,1 milyon barel neft daxil olacaq. OPEC+ və eyni zamanda Səudiyyə Ərəbistanı 3 ay müddətində neft bazarlarına əlavə 2milyon 140 min barel neft daxil edəcəklər. Əgər bu neft fiziki bazarlar tərəfindən qəbul ediləcəksə, onda neftin qiymətində müəyyən dəyişikliklər olacaq”.

Ekspert vurğulayır ki, neftin qiymətinə təsir edən digər bir amil pandemiya ilə bağlı ayır-ayrı dövlətlərdə sosial stimullaşdırma tədbirləridir: "Ayrı-ayrı ölkə hökumətlərinin fiskal  stimullaşdırılma tədbirləri və koronavirus peyvəndinin tətbiq dinamikası bir çox ölkələrin, məxsusən də inkişaf etmiş ölkələrin iqtisadi perspektivlərini yaxşılaşdırdı və qlobal ÜDM-in artım tempinə təkan verdi. Bu isə neftə olan tələbatın artmasına bir işarədir. Bu, dünyada mövcud olan neft emalı zavodlarının gündəlik xammalla yüklənməsində artımın baş verməsinə səbəb olacaq. Gələcək aylarda yol-nəqliyyat yanacağının növlərinə tələbat müşahidə olunacaq. Amma Azərbaycan nefti bu tələbatı ödəmək qabiliyyətindədir. Məsələn, 2020-cil ildə dünyanın gündəlik avtomobil benzininə olan tələbatı 41 milyon 300 min barel civarında dəyərləndirilirdisə, bu il o göstərici 45 milyon 100 min bareldir. Artım o deməkdir ki, artıq neft emal zavodlarının gündəlik xammalla yüklənməsi keçən illə müqayisədə bu il daha artıq olacaq. Hesab edirəm ki, ikinci rübdə də neftin qiymətləri 67-68 dollar bareldə sabit qalarsa, bu, fiziki bazarlara daha çox üstünlük verər. Neftin  qiymətinin süni şəkildə artırılması fiziki bazarlar tərəfindən qəbul edilmir. Çünki balans var. O balans qorunub saxlanılmalıdır. Biz gördük ki, neft bazarlarında qiymətin 67,68 dollar civarında olması daha yaxşıdır”.

İqtisadçı ekspert Pərviz Heydərov isə deyir ki, neftin dünya bazarlarında tələb və tətbiq nöqteyi nəzərindən mövcud durumu kifayət qədər uzaqmənzilli rəy bildirməyə imkan vermir: "Neftin qiyməti ilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil. Həm qlobal iqtisadiyyatda vəziyyət qeyri-müəyyəndir, həm pandemiya şəraiti ilə əlaqədar olaraq vəziyyət o qədər də aydın deyil, həm də ümumiyyətlə neftin dünya bazarlarında tələb və tətbiq nöqteyi-nəzərindən mövcud durumu kifayət qədər uzaqmənzilli rəy bildirməyə imkan vermir. Qlobal iqtisadiyyatda hazırda tədricən iqtisadi aktivlik, fəallıq bərpa olunmağa başlayıb. Yəni ilkin müşahidələr söyləməyə əsas verir ki, bu sahədə müəyyən işartılar görünür. Amma vaksinasiya prosesi ilə bağlı olaraq, mövcud durum hələki, tam nikbin olmağa əsas vermir. Məsələn, ən çox neft idxal edən ölkələrdən biri sayılan Hindistanda pandemiya pik həddədir. Bu da o deməkdir ki, bu ölkədə iqtisadiyyatın bərpa olunmasından, iqtisadi aktivlikdən söhbət gedə bilməz. Belə bir durumda Hindistan kimi ölkənin neft alışı zəifləyəcək. Bu isə tələbin aşağı düşməsi deməkdir. Amma ümumiyyətlə götürdükdə Amerika, Çin iqtisadiyyatında gedən prosesləri nəzərə alsaq, bu ölkələrdə iqtisadiyyat bərpa olunmaq istəyir və neftə tələbat getdikcə artır. Üçüncü amil ondan ibarətdir ki, Amerikada dolların kursu digər valyutalara nisbətdə, məsələn avroya qarşı nisbətdə ucuzlaşma meyli nümayiş etdirir. Dolların ucuzlaşması isə adətən neftin bahalaşması ilə nəticələnir. Ona görə də hazırda neftin 70 dollara yaxın qiymət nümayiş etdirməsi haradasa başadüşüləndir. Amma yay aylarında əgər pandemiya zəifləməkdə davam edərsə və turizmin bərpası istiqamətində müəyyən işartılar nümayiş olunarsa, bu, neftə olan tələbin artması ilə nəticələnəcək. Bunun nəticəsində qiymətlərin ucuzlaşması ehtimalı sıfırlanacaq”.

Ekspert vurğulayır ki, yaxın müddətdə neftin qiymətində ucuzlaşma gözləmir: "Lakin kəskin bahalaşma da gözlənilən deyil. Bu nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün cari ildə heç bir ciddi, mənfi mənada təzyiq və təsir amilləri gözlənilmir. Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülür. Hazırda isə qiymət 70 dollara yaxın səviyyədədir. İlin sonuna qədər bu vəziyyətin qalacağı ehtimal böyükdür”.

Birja eksperti Nikolay Podlevskikh deyir ki, neftin qiyməti hələ də çox dəyişkəndir və gələcəkdə onun başına nə gələcəyini təxmin etmək çətindir. Yeni nəqliyyat növlərinə keçid, elektrik enerjisi istehsalının yeni üsulları sayəsində neftə olan tələbin azalması - bütün bunlar neft qiymətlərini bir barel üçün 10 dollara qədər çökdürə bilər. Lakin, mütəxəssislərə görə, bunun yaxın 10-20 ildə baş verəcəyi ehtimalı azdır: "Bu il ərzində neft qiymətləri keçən yaz ərzində sarsılmış səviyyələri tamamilə düzəltdi. Həmin vaxt, nəqliyyat kollapsı və OPEC + içindəki fikir ayrılıqları səbəbindən, neft qiymətləri demək olar ki, kəskin bir eniş göstərdi.Tarixə baxsaq görərik ki, neft qiymətləri bu gün rifahımız üçün ölümcül görünən bir barel üçün təxminən 10 dollar səviyyəsini dəfələrlə aşıb. Aşağı neft qiymətlərinin neft ölkələrinin iqtisadiyyatını "metodik olaraq öldürdüyü"ni görmək üçün 90-cı illərdə qiymətlərin düşməsini xatırlamaq kifayətdir.  O vaxtdan bəri dünyada neftə olan tələb və təklif tarazlığı ilə bağlı vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Ancaq bu gün də neft qiymətləri çox dəyişkən olaraq qalır və onların hətta 2 dəfəyədək enməsini istisna etmək çətindir”.

Aygün ƏZİZ