• cümə, 26 Iyun, 03:55
  • Baku Bakı 25°C

“Qırmızı metal” bahalaşır

26.06.26 02:22 17
“Qırmızı metal” bahalaşır

Dünya bazarında misin qiyməti bütün zamanların maksimumuna yaxınlaşıb. Geosiyasi gərginliklər və logistik problemlər səbəbindən təchizat zəncirində yaranan qırılmalar elektrotexnika, avtomobil və tikinti sektorlarında ciddi qiymət artımı təhlükəsi yaradır.

Artan təchizat riskləri ilə əlaqədar olaraq dünya bazarında misin qiyməti bir ton üçün 14 min dollar səviyyəsini keçərək ilin əvvəlində qeydə alınan tarixi zirvəyə yaxınlaşıb. Misə olan tələb, xüsusilə dünyanın ən böyük istehlakçısı olan Çinin alışı hesabına dayanıqlı qalır. Ölkədə elektrik şəbəkələrinin genişlənməsi, bərpa olunan enerji investisiyaları və süni intellekt sektorunun inkişafı misə tələbatı dəstəkləyir. Güclü tələb, təchizat problemləri də misin bahalaşmasına səbəb olur. Neft emalı zavodlarından əlavə məhsul kimi əldə edilən kükürdün daşınmasında da problemlər yaranıb. Afrikadakı “Mis kəməri”ndə (Zambiya və Konqo Demokratik Respublikası) yerləşən istehsal xətləri filizin ayrılması üçün lazım olan sulfat turşusunun istehsalında bu kükürddən asılıdır. Logistikadakı çətinlik qlobal mis təklifini birbaşa təhdid edir. 

Zəncirvari reaksiya

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, mis qlobal sənayedə ən çox tələb olunan və iqtisadiyyatın nəbzini təyin edən əsas xammallardan biridir. Son günlər onun qiymətinin bir ton üçün 14 min dolları keçərək tarixi zirvəyə yaxınlaşması bütün dünyada ciddi narahatlıq yaradıb: “Kəskin bahalaşma və təchizat əlaqələrin qırılması zəncirvari reaksiya ilə bir çox məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Söhbət elektrotexnika və elektronika, məişət texnikası, avtomobil sənayesi, yüksək texnologiyalar və tikinti sektoru kimi həyati əhəmiyyətli sahələrdə istehsalın ləngiməsi, yekun olaraq istehlak qiymətlərinin qalxacağı ehtimalından gedir. Müasir dövrdə mis sadəcə bir metal deyil, həm də gələcək texnologiyaların təməl daşıdır. Xüsusilə son illərdə elektromobillərin (EV) və hibrid maşınların kütləvi istehsalı misə olan tələbatı dəfələrlə artırıb. Ənənəvi daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq, bir elektromobilin istehsalında 3-4 dəfə daha çox mis xammalı tələb olunur. Bundan əlavə, bərpa olunan enerji infrastrukturunun, günəş panellərinin, külək turbinlərinin və süni intellekt məlumat mərkəzlərinin (Data Center) sürətli inkişafı bazarda bu metala olan ehtiyacı pik həddə çatdırıb. Xammal bahalaşdıqca zavodların istehsal xərcləri də artır. Bu da son nəticədə rəflərdəki məhsulların qiymət etiketlərinə birbaşa təsir göstərir. Biz daxili istehsalımızla xammal iştirakçısı olsaq da, yekun istehlak mallarını xaricdən alırıq. Vətəndaşlarımızın gündəlik həyatda istifadə etdiyi məişət texnikası (xüsusən tərkibində geniş mis boru şəbəkəsi olan kondisionerlər, soyuducular), müasir elektronika (smartfonlar, kompüterlər) və ən əsası, avtomobillər ölkəyə kənardan hazır şəkildə gətirilir. Odur ki, misin bahalaşması səbəbindən maya dəyərinin artması yaxın gələcəkdə daxili bazarda da qiymət artımına gətirib çıxaracaq. Eyni zamanda, ölkədə sürətlə inkişaf edən tikinti sektorunda geniş istifadə olunan elektrik kabelləri və isitmə-soyutma sistemlərinin də xərclərinin artması mənzil təmiri xərclərini yüksəldəcək”.

Geosiyasi gərginlik səngiməlidir

P.Heydərovun fikrincə, mis ilə bağlı yaranmış bu böhranın tezliklə aradan qalxması üçün ilk növbədə geosiyasi gərginliklər zəifləməlidir: “Xüsusilə Yaxın Şərqdə, İran ətrafındakı müharibə riski və qlobal dəniz ticarətinin şah damarı sayılan Hörmüz boğazındakı blokada təhlükəsi aradan götürülməlidir. Təchizat zəncirində yaranan istənilən fasilə qlobal təklifi məhdudlaşdırır”.

Azərbaycan üçün müsbət tərəfi də var 

İqtisadçı bildirdi ki, Azərbaycan özü də mis istehsalçısı və ixracatçısı olan ölkədir. Gədəbəy və digər zəngin yataqlardan hasil etdiyimiz mis məhsulunun beynəlxalq birjalara çıxarılması ölkəmizə xarici valyuta gətirir və dövlət büdcəsinin gəlirlərini artırır: “Qlobal bazarda qiymətlərin tarixi maksimuma çatması respublikamızın qeyri-neft sektoru üzrə ixrac göstəricilərinə və makroiqtisadi balansına müsbət təsir edən sevindirici amildir”.

“İran xüsusilə önəmli və spesifik yer tuturdu”

İnşaat eksperti Elnur Azadovun sözlərinə görə, dünyada mis ixracı ilə məşğul olan bir neçə aparıcı ölkə var ki, onların arasında İran xüsusilə önəmli və spesifik yer tuturdu: “Uzun illər ərzində formalaşmış iqtisadi konyunktura və daxili istehsal resurslarının bolluğu İranda misin qiymətinin qlobal bazarla müqayisədə kifayət qədər aşağı olması ilə nəticələnmişdi. İrandan xammal və ya yarımfabrikat şəklində bu məhsulları əldə edən həmin tranzit dövlətlər isə öz növbəsində əsl vasitəçi rolunda çıxış edirdilər. Onlar ucuz qiymətə tədarük etdikləri mis və digər sənaye məhsullarını yenidən qablaşdırır, mənşə sənədlərini dəyişdirir və fərqli adlar altında qlobal bazara daha yüksək qiymətlərlə çıxarırdılar. Beləliklə, dünya bazarlarına daxil olan misin mühüm bir hissəsinin ilkin mənbəyi birbaşa və ya dolayısı ilə məhz İran bazarı idi”.

Bahalaşan tək mis deyil

E.Azadov hesab edir ki, misdən başqa qlobal miqyasda istifadə olunan bir çox vacib inşaat materiallının, tikinti xammalının ixracı da bilavasitə İranla bağlı idi. Bu bölgədən ənənəvi olaraq yüksək həcmdə və büdcəyə uyğun qiymətə tədarük edilən materiallar bir çox region ölkələrinin, hətta irimiqyaslı infrastruktur layihələrinin tikinti smetalarının formalaşmasında həlledici rol oynayırdı: “İlin əvvəlindən etibarən geosiyasi vəziyyətin kəskinləşməsi, logistikadakı çətinliklər və beynəlxalq ticarət əlaqələrindəki qeyri-sabitlik səbəbindən bu mürəkkəb ticarət zəncirinin qəfil pozulması baş verdi. Tədarük qrafiklərində yaranan uzunmüddətli fasilələr və bağlanmış ticarət müqavilələrinin ləğvi hazırda dünya bazarına çox mənfi təsir göstərməkdədir”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər