• şənbə, 20 Iyun, 03:14
  • Baku Bakı 28°C

Kənd təsərrüfatında yeni dövr

20.06.26 01:40 11
Kənd təsərrüfatında yeni dövr

Orqanik məhsul istehsalının artırılması, ixrac imkanlarının genişləndirilməsi və ekoloji dayanıqlılığın gücləndirilməsi yeni Dövlət Proqramının əsas hədəflərindəndir. Ekspertlər məqsədlərə çatmaq üçün maarifləndirmə ilə yanaşı, maliyyə və texnoloji dəstəyin də vacib olduğunu bildirirlər.

Azərbaycan kənd təsərrüfatında ekoloji təmizliyə yönəlmiş yeni bir dövrə qədəm qoyur. Təsdiqlənmiş Dövlət Proqramına əsasən, 2026−2030-cu illərdə ölkədə orqanik kənd təsərrüfatı məhsulları istehsalının əsaslı şəkildə genişləndirilməsi hədəflənir. Sənədə görə, ilk növbədə ölkənin orqanik istehsal gücü qiymətləndiriləcək, potensial məhsullar və prioritet regionlar müəyyənləşdiriləcək. Seçilmiş ərazilərdə fermerlərin məlumatlılıq səviyyəsinin artırılması üçün təbliğat-təşviqat tədbirləri həyata keçiriləcək, təlim proqramları təşkil olunacaq və əyani təcrübə üçün pilot orqanik təsərrüfatlar yaradılacaq. Bu fundamental keçid prosesi bir sıra mühüm suallar gətirir. Kağız üzərindəki hədəflər praktikada necə icra olunacaq? 

“Məqsəd əlverişli ərazilərdə uğurlu modellər formalaşdırmaqdır”

Kənd Təsərrüfatı Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Dövlət Proqramının icrası mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə orqanik istehsal potensialının qiymətləndirilməsi aparılacaq, beynəlxalq təcrübə öyrəniləcək: “Növbəti mərhələlərdə seçilmiş regionlarda intensiv maarifləndirmə tədbirləri təşkil olunacaq, nümayiş xarakterli nümunəvi pilot təsərrüfatlar qurulacaq. Bu proseslər aidiyyəti dövlət qurumları, elmi-tədqiqat institutları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində reallaşdırılacaq. Pilot təsərrüfatların yaradılmasına proqramın icrasının ilk illərində start veriləcək. Proqramın əhatə edəcəyi regionların konkret sayı əvvəlcədən məhdudlaşdırılmayıb. Əsas məqsəd sadəcə geniş coğrafiyanı əhatə etmək deyil, orqanik istehsal üçün əlverişli ərazilərdə tam işlək, uğurlu modellər formalaşdırmaqdır. Buna görə də regionların sayı aparılacaq qiymətləndirmələrdən və ayrılacaq resurslardan asılı olacaq”.

Həmçinin bildirildi ki, regionların və məhsulların seçimi zamanı torpaq örtüyünün vəziyyəti, iqlim şəraiti, ərazidə gübrə istifadə xüsusiyyətləri, ixrac potensialı, daxili bazarın tələbatı və fermerlərin marağı kimi əsas meyarlar nəzərə alınacaq. İlkin qiymətləndirmələrə əsasən, meyvə-giləmeyvə, tərəvəz, çay, arıçılıq və dərman bitkiləri kimi sahələrə xüsusi diqqət yetiriləcək: “İstehlakçı etimadının yüksəldilməsi üçün beynəlxalq standartlara cavab verən sertifikatlaşdırma mexanizmləri yaradılacaq. Sertifikatlaşdırılmış orqanik məhsulların istehsal həcminin artması və daxili bazarda xüsusi paya sahib olması kimi daha geniş iqtisadi nəticələr isə proqram dövrünün sonuna doğru və ondan sonrakı illərdə özünü aydın göstərəcək”.

“Fermerlərə texnologiyaları əyani öyrənmək imkanı verəcək”

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, məqsəd Azərbaycanda orqanik kənd təsərrüfatının sistemli şəkildə inkişaf etdirilməsidir. Praktik baxımdan bu prosesə ilk növbədə müxtəlif bölgələrdə orqanik istehsal potensialının qiymətləndirilməsi ilə başlanması məqsədəuyğundur: “Növbəti mərhələdə pilot təsərrüfatların yaradılması və fermerlər üçün praktiki təlimlərin təşkil olunması tövsiyə edilir. Maarifləndirmə çox vacib olsa da, təkbaşına kifayət etmir. Orqanik istehsala keçid fermerlər üçün müəyyən risklər və əlavə xərclər yaradır. Keçid dövründə məhsuldarlığın müvəqqəti azalması, sertifikatlaşdırma xərcləri və yeni texnologiyaların tətbiqi əlavə maliyyə yükü deməkdir. Məhz bu səbəbdən, dövlət tərəfindən subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi, sertifikatlaşdırma xərclərinin qismən qarşılanması və bazara çıxış imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”.

N.Əzizli bildirdi ki, hazırda əsas problemlərdən biri fermerlərin orqanik istehsal texnologiyaları barədə məlumatlılıq səviyyəsinin yetərli olmamasıdır: “Bir çox istehsalçı kimyəvi gübrə və pestisidlərdən imtina edəcəyi təqdirdə məhsuldarlığın kəskin azalacağından ehtiyatlanır. Digər mühüm məsələ sertifikatlaşdırma sisteminin mürəkkəbliyi və bununla bağlı yaranan xərclərdir”.

Real nəticələr 2029–2030-cu illərdə hiss olunacaq

Ekspertin fikrincə, Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycanda yüksək əlavə dəyərə malik kənd təsərrüfatı məhsulları istehsalının artacağı gözlənilir: “Dünya bazarında orqanik məhsullara tələbat ildən-ilə artır və bu məhsullar ənənəvi analoqları ilə müqayisədə daha yüksək qiymətə satılır. Bu baxımdan, proqram ixrac potensialının genişlənməsinə və fermerlərin gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Orqanik kənd təsərrüfatı qısa müddətdə ani nəticələr verən sahə deyil. İlkin nəticələrin 2027–2028-ci illərdən etibarən özünü göstərəcəyi proqnozlaşdırılır. Proqramın daha geniş iqtisadi və sosial təsirləri isə sonrakı mərhələdə – 2029–2030-cu illərdə aydın hiss olunacaq. Bu müddətdə istehlakçılar bazarda yerli orqanik məhsul çeşidinin artmasını, fermerlər isə yeni bazarlara çıxış imkanlarını müşahidə edəcəklər”.

Düzgün icra mexanizmi təmin olunarsa…

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların, eləcə də balıqların saxlanıldığı təsərrüfatların 2027-ci ildən etibarən 5 il müddətinə manatla aldıqları kreditlər üzrə faizlər və investisiya layihələrinin dəyəri "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC tərəfindən subsidiyalaşdırılacaq: “Eyni zamanda, heyvandarlıq təsərrüfatlarındakı heyvanların birdəfəlik identifikasiyası dövlət büdcəsi hesabına aparılaraq elektron sistemlərə daxil ediləcək, təsərrüfatların su təminatının təkmilləşdirilməsi təmin olunacaq. Fermerlərin bu yeniliklərin real nəticələrini nə vaxt hiss edəcəyi ilk növbədə həyata keçiriləcək pilot layihələrin effektivliyindən asılıdır. Düzgün icra mexanizmi təmin olunarsa, 2030-cu ilə qədər həm yerli kənd təsərrüfatı məhsullarımızın çeşidini, həm də ixrac bazarlarının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olacaq”.

İqtisadçının fikrincə, hazırda Azərbaycanda orqanik istehsalın inkişafına mane olan bir sıra obyektiv amillər mövcuddur. Torpaqların şoranlaşması, dəyişkən hava şəraiti, qəfil leysanlar, sel suları və külək axınları qeyri-kimyəvi vasitələrlə məhsul yetişdirməyi xeyli çətinləşdirir: “Dünya təcrübəsində bu problemlərin texnoloji həlləri mövcuddur”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər