• şənbə, 27 Aprel, 03:16
  • Baku Bakı 14°C

“Qazancmı evdə hamıdan xəlvət yığırdım”- Keçmişdəki mən

08.12.18 11:00 2261
“Qazancmı evdə hamıdan xəlvət yığırdım”- Keçmişdəki mən
Onun üçün dünya bir imtahandır: "İnsan dünyaya göz açandan vida yolçuluğuna qədər hər an imtahanla üzləşir. Əla qiymət alan vaxtlar da olur, kəsilən anlar da. Amma, sınaqlardan yan ötmək mümkün deyil. Həyatda yalnız bir böyük imtahan istisna olmaqla, hər şey nisbidir. Onu ömür kitabı sona yetəndə Tanrı dərgahına üz tutanda hər kəsdən fərdi qaydada götürürlər. Qalan böyüklü-kiçikli bütün sınaqlar hazırlıq mərhələsidir”.
Müsahibimiz əməkdar jurnalist, professor Etibar Babayevdir.

Ata olsam belə, ata istərəm...

1950-ci il dekabrın 15-də Bakıda görkəmli şair, dramaturq və tərcüməçi Adil Babayevin ailəsində anadan olub. Deyir ki, dünyaya gəlişi ilə atasına bir dünya sevinc gətirib: "Ona görə yox ki, ailənin ilk uşağı idim. Atam 6 aylıq olanda, atasını "xalq düşməni” kimi güllələmişdilər. Bir uşağın yetim qalması faciədirsə, sovet dövlətinin repressiya illərində "xalq düşməni” damğası ilə böyümək on qat faciə idi. Bir qayda olaraq ailə üzvləri mənən, ruhən, hətta fiziki cəhətdən incidilər, çox vaxt sürgün edilərdilər. Bu əzaba dözə bilməyən insanlar " xalq düşməni” kimi həbs olunan, yaxud öldürülən valideynlərindən, qohumlarından imtina etmək məcburiyyətində qalardılar. Xoşbəxtlikdən Adil Babayev üzünü görmədiyi, nəvazişini hiss etmədiyi, çörəyini yemədiyi atasından heç vaxt imtina etməyib. Məktəb vaxtı pionerə, gəncliyində komsomola götürməsələr də, atasına, millətinə şərəf gətirən oğul kimi böyüyüb. 1956-cı ildə, nəhayət, repressiya qurbanı olan 27 yaşlı Qafar Babayevin günahsızlığı məhkəmə qərarı ilə sübuta yetirildi və ona tam bəraət verildi. Şair Adil Babayev bu günü düz 31 gözləməli oldu və ondan sonra cəmi 20 il yaşadı”.


Onsuz min əzaba, min dərdə dözdüm.

Min yerdə pisliyə çəkildi adım.
Namərdlər yanında şad görünsəm də,
Mərdlərin yanında yanıb-ağladım.
***
Sən indi uşaqsan yaşa dolanda,
Bilərsən, böyükdür qəlbimdəki qəm.
Məni qınamasın dostlar, tanışlar,
Ata olsam belə, ata istərəm.
Bu misralar atasının oğlu Etibara ithaf etdiyi ilk şeirindəndir: "Mən doğulan gün yazıb. Onun mənə olan məhəbbəti yerə-göyə sığmazdı. Atama həm oğul, həm dost olmuşam. Ocağını sönməyə qoymamışam. Adımı Etibar qoyub. Çalışmışam ki, hər zaman, hər işdə əməlimlə bu adı doğruldam”.

"Xoşbəxtəm ki, gözü kölgəli yaşamadım”

Uşaqlıq illərini xatırlayır. Deyir ki, bizim arzularımız böyük, ürəyimiz geniş idi: "Uşaqlıq insan həyatının elə dövrüdür ki, hamı səni təmən­na­sız əzizləyir, diqqət-qayğı göstərir. Heç vaxt həddimi aşmamışam. Həmişə bö­yüklərin hörmətini gözləmişəm, öyüd-nəsihətinə qulaq asmışam. Uşaq bağçasında da, orta məktəbdə də nümunəvi idim. Yadımdadır, o illərdə mənzilimiz balaca idi. Bir neçə qonşu ilə kiçik həyət evində yaşayırdıq. Amma o balaca həyətin sakinlərinin ürəyində elə böyük sevinc, mehribanlıq, var idi ki, indi buna, sözün həqiqi mənasında, ancaq həsəd aparmaq olar... Süfrəmiz hər zaman qonaq-qaralı olardı. Atamın qələm dostları Bəxtiyar Vahabzadə, Cabir Novruz, İslam Səfərli, Əliağa Kürçaylı, Hüseyn Abbaszadə, Qabil İmamverdiyev bizə tez-tez gələrdilər. Biz də onlara gedərdik. Ziyalıların ailəvi dostlu­ğunun bizim üçün necə böyük tərbiyəvi əhəmiyyəti olduğunu böyüyəndə anladım. O dövrün insanları, asudə vaxtlarını səmərəli və mənalı keçirməyi, məncə, daha yaxşı bacarırdı. Atam dram teatrında ədəbi hissə müdiri idi. Axşamlar məni özüylə tamaşalara aparardı. Mən ulduzlarımızı uşaq vaxtlarından səhnədə və pərdə arxasında görmüşəm. 1960-70-ci illərin Bakısı, o dövrün ziyalıları... Sonra baş verən dəyişikliklər... Doxsanıncı illərin faciələri, dövlət müstəqilliyimizin bərpası... Bütün bunlar mənim də ömür kitabımda öz yerini tapıb. Cəmiyyətdə baş verən əsaslı dəyişikliklərin hər birimizin taleyinə bu və ya digər dərəcədə təsiri var. Bu hadisələr kiminin önünü açır, kimlərinsə qapısını bağlayır. Adam var, adını təmizə çıxarır, adam da var yalançı şəninə-şöhrətinə kölgə salır. Kölgə birini qızmar günəş şüasından qoruyar, digərini bir ömür gözükölgəli yaşadar... Xoşbəxtlikdən təlatümlü dəyişikliklərlə zəngin həyatımda kimsənin kölgəsində yaşamadım və gözü kölgəli də dolanmadım”.

"Əqidəsi düz olsun”

Məktəbə getdiyi ilk gündən onun solaxay olması müəllimləri seçim qarşısında qoyur. Sinif rəhbəri onun bu vərdişini dəyişmək üçün çalışır: "Südabə müəllimə o vaxt çox çalışdı ki, sağ əllə yazım. Hətta valideyn­lərimi məktəbə çağırıb bu barədə xeyli danışdılar. Amma atam xahiş etdi ki, onu incitməyin. Sol əllə yazırsa, qoyun solaxay qalsın. Hansı əllə yazmasının bizim üçün əhəmiyyəti yoxdur. Əsas odur sola­xay dü­şün­məsin. Düşüncəsi, tərbiyəsi, təhsili düz olsun. Məktəb illəri ömrün nisbətən qayğısız çağlarıdır. O illərin xatirələri unudulan deyil. Mən hələ də şəxsi arxivimdə sinifdən-sinfə keçərkən yazılan qiymət cədvəllə­rimi, aldığım fərqlənmə diplomlarını, attestatımı əzizləyib saxlayıram. Biz şagird olanda kompüterlər, mobil telefonlar, kiçik diktofonlar yox idi. Yaxşı-pis nə varsa, hafizəmizdə qalıb. O vaxt yeniyetmələr bir-birindən bəzəkli geyiminə, yaxud dalınca gələn bahalı maşına görə deyil, təlim-tərbiyə səviyyəsinə, ədəb-ərkanına görə seçilərdi”.
- Atanız özünün ağır uşaqlıq illərindən sizə söhbət açardımı?
- Onun məktəb illəri repressiya dövrünün ən gərgin vaxtlarına düşüb. O illərdə ayrı-ayrı adamlar, ailələr deyil, bəzi azsaylı xalqlar da ata-baba torpaqlarından sürgün edilib. Odur ki, insanlar daim qorxu içində yaşayırdılar. Totalitar rejim insanları həmişə mütiliyə, itaətə, satqınlığa sövq edər. Hamı bir-birini güdürdü, düşündüyünü söyləməkdən ehtiyat­lanırdı. Təbii ki, atmamın uşaqlıqda, gənclik dövründə ağrı-acılı günləri çox olub. Amma o, mənimlə bu barədə danışmazdı. O illərin lövhəsini öz gündəliklərinə köçürmüşdü. Hamıdan gizli saxlayırdı. Mən onları atamın vəfatından sonra oxudum. O qədər təsirlidir ki, həmin materiallar əsasında "Adil ömrü” adlı bir əsər də yazmışam. Bəlkə nə vaxtsa çap etdirdim. Atam o mürəkkəb illərdə də ədalətli, xeyirxah insan­ların varlığından, vəfalı dostların olduğundan ağız dolusu danışardı. O, şeirlərinin birində deyirdi:
Yaxşı ki, yaşayır yaxşı adamlar,
Yaxşı ki, onlara məndə inam var.
Yoxsa rast gəldiyim riya, xəyanət,
Açardı başıma minbir müsibət...

- Evdə böyüdüyünüz mühit, atanızın dostluqları sizi İncəsənət Universitetinə aparıb?

- Bəli, bir səbəb də bu idi. Çox fəal olmuşam. Birinci kursdan "sinifkom” seçilmişəm. Əlaçı olduğuma görə Cəfər Cabbarlı təqaüdünə layiq görüldüm. İkinci kursdan sonra Komsomol Komitəsi katibinin müavini idim. O zaman Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev gənclərin təhsilinə, rəhbər vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirirdi. SSRİ-nin ən qabaqcıl təhsil ocaqlarına hər il yüzlərlə oğlan və qız göndərilirdi. Hamı bilirdi ki, mükəmməl təhsil alsa, gələcəkdə gənc mütəxəssis kimi yaxşı işlə təmin olacaq, növbəsi yetişəndə mənzil alacaq. Tələbə ikən artıq mətbuatda yazılarım dərc olunurdu, radio və televiziya ilə əməkdaşlıq edirdim. Təhsilimi qırmızı diplomla bitirdim”.

"İlk qonararımı "Kirpi” jurnalının redaksiyasından aldım”

- Məktəb gündəliklərini bu günə qədər saxlayan insan yəqin ki, ilk maaşını da unutmaz.
- İlk qonorarımı 1967-ci ildə "Kirpi”də almışam. 1970-ci ildən başlayaraq radio və televiziyada yayımlanan verilişlərimə görə hər ay qonorar almışam. Özü də qazancımın hesabını dəqiqliklə aparardım. Tələbə yoldaşlarımızla kinoya, teatra, muzeyə gedərdik. Biletlərin qiyməti çox ucuz idi. Hərəmiz gündə bir-iki manatla kifayətlənərdik. Aldığımız təqaüd ehtiyacımızı ödəyirdi. Əlavə qazancımı evdə hamıdan xəlvət yığırdım. Atam söz vermişdi ki, ali məktəbi bitirəndə mənə maşın alacaq. Elə də oldu. O vaxt "Jiquli” markalı avtomobillər təzəcə satışa çıxmışdı. Eşidəndə ki, atam maşın almağa hazırlaşır, neçə vaxtdan bəri topladığım pullarımı dinməz-söyləməz masanın üstünə qoydum. Kimsə bunu gözləmirdi. Mənim bu hərəkətimdən atamın gözləri yaşar­dı”.

"İnformasiya bolluğunda məlumat kasıblığı yaranıb”

İncəsənət Universitetini bitirsə də, bizim yaddaşımızda jurnalist fəaliyyəti ilə dərin iz qoyub. Deyir ki, jurnalistin əsas öyrənmə mənbəyi həyatın özüdür: "Təkcə ali təhsil almaqla peşəkar jurnalist yetişməz. Həyatda baş verənləri fərqli görməyi, insanın xarakterini, hadisənin mahiyyətini açmağı, istənilən vəziyyətdə obyektiv, ədalətli mövqeyini qorumağı bacarırsansa, bu sahədə işləməyə dəyər. Kompyuter yeni nəslin nəsibidir. Bizim məlumat mənbəyimiz daha məhdud idi. Ən sevimli yerimiz isə kitabxana idi. İndi telefonla, internetlə bütün suallara cavab əldə edirlər. Biz məlumatlı insanlarla görüşər, faktı, məlumatı dönə-dönə yoxlayandan sonra KİV-də yayardıq. Qəribədir ki, indiki informasiya bolluğunda, nədənsə insanlarda məlumat kasıblığı yaranıb. Kalkulyatorlar kütləviləşəndən sonra vurma cədvəlini əzbər bilənlərin sayı azalan kimi...

- Heydər Əliyev, Turgut Özal, Sülyeman Dəmirəl kimi şəxsiyyətlərdən müsahibələr almısınız. Bu, necə hissdir?

- Bu insanlar bütün dövrlər üçün örnək ola biləcək şəxsiyyətlərdir. Hər birinin öz xalqının, dövlətinin tarixində əvəzedilməz xidmətləri var. Onlarla şəxsən görüşmək, müsahibə almaq mənim üçün böyük imtahan idi. Məlum məsələdir ki, onların hər biri mənə qədər daha nüfuzlu kütləvi-informasiya vasitələrinin yüzlərlə aparıcı jurnalisti ilə görüşüblər. Hər dəfə bu və digər məsələləri nəzərə alıb ciddi hazırlaşırdım. Bu sualın konkret və qısa cavabı yoxdur.
- Türkiyənin şou-biznesindən nadir simaları bizimlə görüşə gətirirdiniz. Verilişinizin qonaqları bu gün canlı əfsanələrdir... Yəqin ki, maraqlı xatirələriniz də var.
- Qonaq seçiminə xüsusi diqqət yetirirdim ki, tamaşaçı üçün maraqlı və yaddaqalan olsun. Təkcə səsi ilə deyil, şəxsiyyəti ilə də seçilən adamlarla görüşməyə üstünlük verirdim. Kababla, paxlava ilə, qutabla bağlı xatirələr dinləmək mənim aləmimdə əhəmiyyətsizdir və tez unudulur. Ağzı ləzzəti başqa, könül bağlılığı başqa. Könül bağlılığı möhkəm olanda, arada bir stəkan çay da kifayətdir. Xatirələrimin bir qismini tv-radio verilişlərində, mətbuat səhifələrində paylaşmışam. Türkiyə ilə bağlı xatirələrimi "Sözlü-nəğməli İstanbul” adlı yeni kitabımda tezliklə oxuculara təqdim edəcəyəm.

Barış Manço ilə bağlı xatirəsi...

Bir gün Barış Mançonu çay evinə apardım. Türklər çayı şəkərlə içirlər. Bizdə süfrəyə cürbəcür şirniyyatlar düzülmüşdü. O zaman Barışa dedilər ki, çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdir, dördü bəsdir, çıxdın beşə, vur on beşə... Bu sözlər yaman xoşuna gəldiyindən dəfələrlə təkrarlaya-təkrarlaya əzbərlədi. Azərbaycanda çay süfrəsi mədəniyyəti barədə ayrıca proqram da hazırladı.

- Etibar müəllim həm də babadır. Həqiqətən, nəvə övladdan da şirindirmi?

- Nəvə balamın balasıdır deyə, bal da demək olar. Dörd nəvəm var. Hamısı mənim üçün doğmadır. Oğlan nəvəm adımı daşıyır. O, mənə çox oxşayır. Necə baba olduğumu nəvələrimdən soruşa bilərsiniz. Mən babalıq borcumu yerinə yetirməyə çalışıram. Bu o demək deyil ki, onlara nəsə hədiyyə etməklə sevindirirəm. Yox əksinə, onları müstəqil yaşamağa çalışaraq, zəhmət çəkərək hər şeyə nail olmağa yönləndirirəm. İstəyirəm kimsənin əlinə baxmadan, özləri öz ehtiyaclarını ödəsinlər. Bəzi babalar deyir ki, mən özümdən sonra miras qoydum, ölənə qədər kifayət edər. Zənnimcə, kimsə maddi sərvətinə arxayın olub, övladını tam xoşbəxt edə bilməz. Ən böyük hikmət sahibləri də həmişə deyiblər ki, ən böyük sərvət elmdir, bilikdir. Mənim ən böyük arzum odur ki, nəvələrim sağlam, savadlı, əxlaqlı böyüyüb vətənə, millətə layıq övladlar olsunlar.

- Bəs gənclərə nə demək istərdiniz?

- Atalar, oğullar problemi ənənəvi problemdir. Ata bir dövrdə yaşayır, bala digər dövrdə. Hər dövrün özünün məhsulu var. Geyimlərə baxın, görün nə qədər dəyişib. Vaxt var idi paltarımız azca sökülsə, eşiyə çıxmazdıq ki, ayıbdır, gülərlər. İndi cavanlar cırıq-sökük şalvarla arxayın gəzirlər və deyirlər ki, bu, dəbdir. Bu məsələdə bir müddət sonra zaman öz hökmünü deyəcək. Dəb yenə dəyişəcək. Gənclərə məsləhətim odur ki, keçmişə daş atmasınlar, gələcəyə ümidlə baxsınlar. Heç vaxt çətinliklərlə rastlaşanda geri çəkilməsinlər. Hər çalınan havaya oynamadıqları kimi, hər əsən küləyə sarı dönməsinlər. Günahı zəmanədə görməsinlər, özlərində axtarsınlar.
Gənc jurnalistlərə isə arzum budur ki, Allahın bəxş etdiyi istedadı, zəkanı cılız mövzuları qələmə almaqla boşuna xərcləməsinlər. Əqlin, ədalətin, mərhəmətin pəncərəsindən dünyaya baxıb, təravəti solmayan yazılara imza atsınlar.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər