• şənbə, 20 Aprel, 09:21
  • Baku Bakı 14°C

“Qayıdanda, ilk işim oğlumu evləndirmək olacaq”

21.11.20 11:38 2450
“Qayıdanda, ilk işim oğlumu evləndirmək olacaq”

"İndiyə qədər də Kəlbəcərdən danışanda, bütün gözəllikləri üçün burnumun ucu göynəyir”
Kəlbəcərin dağlarını, yaylaqlarını gəzə-gəzə böyüyüb. Bu gün uşaqlıq, gənclik xatirələrini danışanda, doğma torpağını xatırlayır. 28 yaşı olanda isə Kəlbəcər işğal edilir və bütün kəlbəcərlilər kimi onun da məcburi köçkün həyatı başlayır. Həyat yoldaşı ilə birlikdə övladlarını çətinliklə böyütdüklərini, oxutdurduqlarını deyir. Kəlbəcərdən ayrı qalmağın özü isə daha böyük əziyyət olur.

Amma 27 il sürən ayrılıq artıq sona çatır. Çünki Kəlbəcər rayonu işğaldan azad olunub. 15 noyabra qədər artıq düşmən bu ərazini tamamilə tərk etməli idi. Daha 10 gün vaxt istədilər və bu müddət 25 noyabrda başa çatır. Bu o deməkdir ki, bir neçə gündən sonra Kəlbəcərdə düşmən ayağı qalmayacaq. Həmin günü səbirsizliklə gözləyən kəlbəcərli Familə Ağalarova ilə elə doğma torpağından danışdıq.

F.Ağalarova 1965-ci ildə Kəlbəcər rayonunda anadan olub, 28 yaşına – məcburi köçkün olana qədər orda yaşayıb. Uşaqlıq, gənclik illərinin hər bir anında Kəlbəcərin xatırlandığını bildirir: "Altı da, üstü də təbii sərvətlərlə bol olan bir rayonda böyümüşəm. Buna görə, uşaqlıq, gənclik illərimdən danışanda, mütləq Kəlbəcəri xatırlayıram. Biz Kəlbəcərin mərkəzində yaşayırdıq. Atam bizi tez-tez dağlara aparırdı. Ən çox xoşuma gələn dağlara getmək idi. Mayın 1-ini heç vaxt evdə qeyd etmirdik, atam həmişə bizi yaylaqlara gəzməyə aparırdı. Əsasən İstisuya, Turşsuya gedirdik. Hər axşam biz İstisuya gedib su içmək istəyirdik. Başqa şəhərlərin, ölkələrin adamları turist kimi gəlirdi, biz o gözəlliklə əhatə olunan mühitdə yaşayırdıq. Ailə həyatı qurandan sonra evimiz dağın ətəyində, çox gözəl mənzərəli yerdə idi. Mən öz uşaqlarımı dağa çıxarırdım, dağları gəzdirirdim. Bulaq başına getməyi çox sevirdik. İndiyə qədər də Kəlbəcərdən danışanda, bütün gözəllikləri üçün burnumun ucu göynəyir. İndi ən çox istədiyim isə Kəlbəcərdə pəncərədən baxanda gördüyüm dağda bitən Maralçiçəyidir”.

Qarda, çovğunda 3 gün yol
Familə xanımın 28 yaşı olanda, Kəlbəcər işğal edilir. Deyir ki, evlərindən, sadəcə, uşaqları təhlükəsiz yerə aparmaq üçün çıxıblar, amma bir daha qayıda bilməyiblər: "Bizim evimiz Kəlbəcərdə Yuxarı düz deyilən məhəllədə idi. Ermənilər toplarla, qradlarla mülki əhaliyə atəş açırdı. İlk vaxtlar atılan qrad bizim evlərin yanına düşürdü. Qrad elə silah növüdür ki, səsi də çox vahiməlidir. Uşaqları təhlükəsiz yerə aparmaq, o səsdən uzaq tutmaq üçün atam gilə tərəfə gəldik. Qətiyyən evimizi tərk etmək, Kəlbəcərdən çıxmaq fikrimiz yox idi. Ona görə, evdən heç nə götürmədən çıxmışdıq. Ancaq sonra Kəlbəcər işğal olundu, məcbur hamı tərk etməli oldu. 14 nəfər o vaxtın "Vilis” maşınında Murov yolunda, qarda, çovğunda 3 gün yol gəldik. Maşında çox çətinlik çəkmişik. Balaca uşaqlarla, qar-çovğunda, heç nəsiz yola çıxmaq zülm idi”.

Gənc ailə böyük əziyyətlərlə tikdikləri evdə heç 5 il yaşamayıblar: "Yoldaşım mühəndis işləyirdi, özümüzə ev tikmişdik, məhəlləmiz var idi. Gənc ailə olsaq da, çox yaxşı düzən qurmuşduq. O evin bir daşına da dəymədən qoyub çıxmışıq. 3 uşaqla gəldik, heç birinə bir cüt corab da götürə bilmədik”.

"Paltomuzu uşaqlara yorğan-döşək etdik”
Familə xanım bildirdi ki, ilk olaraq Goranboy rayonunda bir bağçada yerləşirlər. Nə yatmağa yorğan-döşəkləri olur, nə də uşaqlara geyindirməyə paltar: "Heç nə gətirə bilməmişdik deyə, bizim üçün çox çətin oldu. Uşaqların paltarı belə yox idi. Yoldaşımla paltomuzu çıxarıb uşaqlara yorğan-döşək etdik. Birimizin paltosunu yerə sərdik, uşaqlar üstünə uzandılar, birimizinkini də üstlərinə sərdik. Sonra qohum-əqrəbanın köməkliyi ilə yorğan-döşəyimiz oldu. Hər şey çətinliklə başa gəldi”.

Ümumiyyətlə, məcburi köçkünlük dövrünün 23 ilində çətinlikləri çox olur: "Əvvəlcə Goranboy rayonuna gəldik, orda bağçada yerləşdik. Sonra yoldaşımın iş məsələsi ilə bağlı Bərdə rayonuna köçməli olduq. Meşəçilik institutunun binasında yerləşdik, 23 il orda yaşadıq, sonra bizə qəsəbədə ev verdilər, indi orda yaşayırıq. O vaxta kimi çox çətinliklərimiz oldu. Uşaqları min bir əziyyətlə böyütdük, oxutduq”.

Bütün gün evdə Kəlbəcərdən danışırdıq
Familə xanım deyir ki, yalnız böyük oğlu Kəlbəcəri xatırlayır, o biri uşaqlar kiçik olub: "Böyük övladım Aqildir, biz məcburi köçkün olanda, hələ məktəbə getmirdi. O, Kəlbəcəri bir az xatırlayır. Deyir ki, evimiz, məhəlləmiz yadımdadır. Digər iki uşaq kiçik idilər, onlar heç nə xatırlamırlar. Amma deyim ki, Kəlbəcərdən çıxanda, balaca oğlum Tacəddinin 4 yaşı var idi. Uşaqlığı, gəncliyi Bərdədə keçib, bütün dost-tanışları bərdəlidir, ətrafı Bərdədə formalaşıb, amma yenə də deyir ki, Kəlbəcərə qayıdacağam. Bütün günü sevinir, televizora baxır, geri dönəcəyimiz günü gözləyir. Ermənilərin köçməsi müddəti uzananda da, kefi pozulmuşdu. Yəni övladlarımızın harda böyüməsindən asılı olmayaraq, onları biz öz torpağımıza bağlı böyütmüşük, o sevgini aşılamışıq”.

Nəvələrini də Kəlbəcərlə bağlı məlumatlı böyütdüklərini dilə gətirdi: "Böyük nəvəmin 5 yaşı var, Kəlbəcər haqqında şeir deyir. Bayrağımızı öpür, "Kəlbəcərimi alıblar, Kəlbəcərə gedirik” deyir. Böyüklər qədər sevinir. Uşağın bu cür böyüməsinin səbəbi də odur ki, 30 il keçsə də, biz Kəlbəcər xatirəsi ilə yaşayırdıq, bütün gün evdə Kəlbəcərdən danışırdıq. Harda nə olduğu ilə bağlı o qədər danışmışıq ki, uşaqlar getməsələr də, artıq oralar haqqında məlumatları var. İstisuya getmək istəyirlər. Sual verirlər ki, İstisu necə idi? Nə cür qaynayırdı? Yerin altından isti su necə çıxır? Hər şeylə maraqlanırlar. "Dağlar nə qədər hündür idi? Meşələr necə qalın idi?” tipli sualları olur. Uşaqlara Kəlbəcərin şəklini göstəririk, abidələrimiz haqqında məlumat veririk”.

Torpağımızda düşmən ayağı qalmasın
Familə xanım deyir ki, evlərinin dağıdılıb-dağıdılmadığı ilə bağlı heç bir məlumatı yoxdur: "Amma şəkillərdən, videolardan da görünür ki, sökürlər, apardıqlarını aparırlar, aparmadıqlarını dağıdırlar, yandırırlar ki, bizə qalmasın. Yandırmaqlarına bir tərəfdən razıyam ki, yandırsınlar, onların izi-tozu Kəlbəcər torpağından silinsin. Kəlbəcərdə təbii kahalar çoxdur, onun qarşısına palaz tutub müvəqqəti yaşamaq da olar. Biz buna da razıyıq. Amma ermənilərin heç bir izi-tozu qalmasın”.

30 ildir ki, Kəlbəcərin xəyalı ilə yaşayan müsahibimiz bildirdi ki, artıq Kəlbəcərdə nə edəcəkləri ilə bağlı bir xeyli plan qurublar: "Torpağımız azad olundu, artıq nə edəcəyimizlə bağlı planlar qururuq, danışırıq. "Ev tikərik, məhəllənin filan yerində filan işləri görərik” deyirik. Yerləşmək, nələr etməklə bağlı hər şeyi danışırıq. Əvvəllər Kəlbəcərlə bağlı xatirələrdən daha çox danışırdıq, keçmiş zamanda söhbət edirdik. Amma indi gələcəyə köklənmişik. Çünki bilirik ki, düşmən torpağımızı tərk edir və o doğma torpaqlar bizə qayıdır. İndi əsas, düşünürük ki, ermənilər torpağımızdan çıxsın. Düzdür, qərar var, çıxırlar, amma müddətin 10 gün uzadılması bizim üçün heç də asan deyil. 10 gün neçə illərə bərabər gəlir. İstəyirik ki, torpağımızda düşmən ayağı qalmasın”.

Familə xanım qonaqpərvər olduğunu, Kəlbəcərdə qəbul edəcəyi qonaq siyahısının böyük olduğunu xüsusi vurğuladı: "Çox qonaqlarım olacaq. Mənim Bərdədə rəfiqələrim, tanışlarım var, hamısını indidən Kəlbəcərə dəvət edirəm. "Gələrsiniz, sizi filan yerə apararam” deyirəm. Bərdədə qohumlarımız da var. Oğlum bərdəli qız alıb. Gəlinimin ailəsinə də deyirəm ki, Kəlbəcərdə eviniz var. Bunların hamısını ürəkdən deyirəm. Çünki çox qonaqpərvərəm. Gözümü açandan belə qonaqpərvər mühitdə böyümüşəm. Kəlbəcərdə qonağa həmişə xüsusi yanaşılıb. Ən ali qonaqlara plov dəmlənib, kabab çəkilib. Çəpiş kəsib ətindən bozartma edirdilər. Bunları keçmişdə dedim, amma gələcəkdə də biz qonaqlarımızı belə qarşılayacağıq. Kim gəlsə, gözümüz üstündə yeri var”.
Familə xanımın Kəlbəcərə gedən kimi ilk işi isə oğluna toy etmək olacaq: "Oğlum Aqilin 34 yaşı var, hələ evlənməyib. Ondan kiçik oğlum və qızım ailəlidir. Ona görə, Kəlbəcərə qayıdanda, ilk işim oğlum Aqili evləndirmək olacaq. Arzu edirəm ki, hər kəsə doğma torpaqlarımızda xeyir iş etmək qismət olsun”.

Aygün
banner

Oxşar Xəbərlər