Qaydasız döyüşün qaydasız fəsadları

Sağlamlığın qeydinə qalmaq vasitələrinin ən
önəmlisi idmanla müntəzəm məşğul olmaqdır. İdman insanın həm bədən quruluşuna,
həm də fiziki və mənəvi sağlamlığına müsbət təsir göstərir. Lakin bu heç də
həmişə belə olmur. Yəni idman növü düzgün seçilmədikdə, insanın həm fiziki, həm
də mənəvi sağlamlığına zərər verə bilir. İstənilən idman növündən istifadə
etmək əlbəttə, hər kəsin haqqıdır. İstər bədənin sağlamlığı və ya forması,
istərsə də karyera baxımından hər kəs öz seçimində sərbəstdir. İnsanın hansı
yaşda və xarakterinə uyğun olan idman növünün seçilməsi isə onun gələcəyi üçün
xüsusi əhəmiyyət daşıyır.
Qaydasız
döyüş
Hazırda yeniyetmə və gənclərin daha çox
maraqlandığı idman növlərindən biri də qaydasız
döyüşdür. Məlumat üçün deyək ki, bu idman növü "qarışıq üsullarla döyüş”ün
ən sərbəst növü kimi xarakterizə edilir. Qaydasız döyüşün xüsusiyyəti haqda
bunu demək olar ki, burada bir neçə müxtəlif əlbəyaxa döyüş növlərinin
fəndlərindən istifadə etməyə icazə verilir; boks, güləş, sambo, karate və s.
Adının "qaydasız” olduğuna baxmayaraq, burada da məhdudiyyətlər var, lakin
qaydalar minimuma endirilib.
Övladının qaydasız döyüş növü ilə məşğul olduğu bir
valideyn, Gülarə Mürsəlova bu idman
növünün gənc bir oğlan üçün uyğun olduğunu dedi. Gülarə xanım bildirdi ki,
oğlunun 16 yaşı var və bu idman növünə üstünlük verib.
"Əvvəlcə həyat yoldaşımın övladımızın belə bir
arzusunu yerinə yetirməsinə, onun, qaydasız döyüşlə məşğul olmasına icazə
verməsini yaxşı qarşılamadım. Lakin etiraz etməyə də gücüm çatmadı. Sonralar
başa düşdüm ki, mən bu məfhumu səhv anlamışam. Hazırda Bakıda MMA qaydasız
döyüş adı ilə gedən idman növündə bütün döyüş növlərindən istifadə olunur.
Boks, güləş, cüdo, karate, kinq boksinq. Burada məqsəd ondan ibarətdir ki, bir
insan özünü müdafiə etməyi bacarsın. Mənim oğlum oxumağa xarici ölkəyə getmək
istəyir. Orada tək yaşayacaq. Həm də oğlandır, gələcəkdə kişi olacaq. Özünü ,
lazım gəldikdə yanındakı qadın və ya uşağı müdafiə etməyi bacarmalıdır. Ola
bilər ki, ictimai nəqliyyatda hansısa bir terroristlə mübarizə aparmaq lazım
gəlsin. Və ya hansısa bir oğru, küçə xuliqanı ilə rastlaşsın. Yəni insan hər
şeyə hazır olmalıdır”.
Gülarə xanım əlavə etdi ki, oğlunun bu idman növü
üzrə məşqlərindən çox məmnundur. "Görürəm ki, bu, çox səliqə ilə aparılır. Yəni
uşağın aqressivliyi azalıb, əməyə hörməti artıb. Bizim qədrimizi daha yaxşı
bilir. Fiziki cəhətdən də möhkəmlənərək, çox yaxşı olub. Qaydasız döyüş heç də
bizim təsəvvür etdiyimiz kimi qorxunc bir idman növü deyil”.
İdman
ilk növbədə sağlamlıq deməkdir
Müraciət etdiyim mütəxəssislər isə uşaq və
gənclərin dəb dalınca deyil, məhz bədən və ruhun bir harmoniya halında
sağlamlığının qeydinə qalmasından ötrü idmana üz tutmalarını tövsiyə etdilər. Həkim-terapevt Ruqiyyə Məmmədova qeyd
etdi ki, müxtəlif bədən hərəkətləri orqanizmi möhkəmləndirir. İnsan özünü şən
və gümrah hiss edir. Gənclər, xüsusən, oğlan uşaqları bəzən özlərinin fiziki
gücünü nümayiş etdirərək, sağlamlıqlarını nəzərə almırlar. Yəni döyüş xarakterli
idman növlərində bədənin bu döyüşlərə hazırlanma prosedurları var. "Tibbi
baxımdan, əzələ işləyəndə müəyyən hormonlar, bioloji maddələr əmələ gəlir ki,
bu da insanda aqressivliyin azalması deməkdir, Əzələlərin işləməsi, bədən
hərəkətləri insanda xoşbəxtlik hissini artırır. Bunlar müəyyən bioloji
stimulyatorlardır. Oturaq vəziyyətdə əmələ gələn fiziki fəsadlar və ya vaxtın
boş keçməsi ilə əlaqədar yaranan mənfi fikir və emosiyalar artmasın deyə,
idmanla məşğul olmaq mütləq lazımdır. Bu, hər kəs üçün vacibdir. Lakin elə
idman növləri də var ki, adi bir ehtiyatsızlıq üzündən bədən hər cür travma
ala, məsələn, beyin zədələnə bilər. Qaydasız döyüşdə istifadə edilən hərəkətlər
hətta gözün çıxmasına və ya qulağın kar olmasına səbəb olar. Doğrudur, bu
hallar digər idman növləri üçün də xarakterikdir. Amma müəyyən qaydaları və
üsulları olan idman növlərindən fərqli olaraq, bu idman növündə idmançı
rəqibinin gözlənilməz zərbələrini dəf etməlidir. Bu halda, başa dəyən zərbə
beyinə qan sızması ilə nəticələnə bilər. Günəş kələfinə vurularsa, ölümlə
nəticələnmə halı qaçılmazdır. Bundan başqa, böyrək, qaraciyər çatışmazlığı,
oynaqlarda sınıqlar, sümük sınıqları, fəqərə sütununun, boyun nahiyəsinin
zədəsi, bədənin tam iflici baş verə bilər. Bu döyüşdə idmançı rəqibini elə
vurmalıdır ki, nokaut olsun. Bundan əvvəl isə idman məşqlərinə yazılan hər bir
gənc tibbi və psixoloji cəhətdən sağlam və hazırlıqlı olmalıdır ki,
qarşısındakına düşmən tərəf kimi və ya adi canlı kimi deyil, yalnız rəqib
olaraq baxmalıdır”.
Karyerada
peşəkarlıq şərtdir
Cüdo
güləşi üzrə idman ustası Abuzər İsmayılov bildirdi ki, əvvəllər idmanla məşğul olmayıb,
birdən-birə karyera baxımından istənilən idman növü ilə məşğul olmaq o qədər də
faydalı hesab edilmir. Qeyri-peşəkarlıq baxımından bu, hər halda, fəsadsız
ötüşməyə də bilər. "Bəzən görürsən ki, gənclər hər hansı bir idman növü ilə
müntəzəm məşğul olmaq əvəzinə, birdən-birə bu idmandan o idmana atılırlar. Bu
zaman həmin gənclərdə həm fiziki, həm də mənəvi cəhətdən sınmalar,
uğursuzluqlar baş verir. Belə hallar düzgün deyil”.
"İnsanın
xarakterindən çox şey asılıdır”
"Buta”
İdman Sağlamlıq Mərkəzinin müəllimi, boks üzrə idman ustası Rüfət Hacıyev dedi ki, klassik boks da əslində, "qaydalı” deyil.
"Klassik boks ən təhlükəli idman növüdür. Hamının hörmət bəslədiyi, Mayk
Taysonun vuruşduğu klassik boksda üz və baş nahiyəsinə də zərbələr endirilir.
Ən çox zədə alan, ölən də məhz klassik boksçular olur. Bununla belə, klassik
boks ən hörmətli idman növüdür. Qaydasız döyüşdə klassik boksdan fərqli olaraq,
sadəcə, ayaqla vurma hərəkətləri də var. Karatenin, məsələn, bir növündə yalnız
əl ilə vura biləcəyin halda, şotokanda əl və ayaqla da vura bilərsən. Fiziki
güc tələb edən əksər idman növünün peşəkarı olaraq güclü birisi olduğunu hiss
etdikdə və baxanda ki, qarşındakını məhv edə bilərsən, özünü cəmiyyətdə daha
yaxşı aparırsan. Beləsi sanki bir az da sakitləşir, tərbiyələnir. Lakin
əlbəttə, elə adamlar da var ki, bu hal onlara mənfi təsir edir. Hansı idman
növünü seçməsindən asılı olmayaraq, insanın xarakterindən, tərbiyəsindən və
hətta genindən çox şey asılıdır”.
Qaydasız
döyüş – qladiator döyüşləri
"Humel”
Psixologiya Mərkəzinin psixoterapevti Mikayıl Əliyev qaydasız döyüşün yaranması haqda qısaca məlumat
verdi: "Bu idman növü Qədim Yunanıstanda yaranıb və sonra qədim Romaya keçib.
Orada ilkin formada qladiator döyüşləri şəklində keçirilirdi. Daha sonra isə
güləşçilər cüdoçularla, boksçular karateçilərlə döyüşərək, öz idman sahələrinin
daha güclü olduğunu sübut etdirməyə çalışdılar. Nəticədə qarışıq idman döyüş
növü yarandı. 1990-cı illərin əvvəllərində rəsmi olaraq UFC tərəfindən MMA
döyüşləri keçirilir. Bizim ölkədə də bu idman növünə qarşı yetəri qədər maraq
var. Bir neçə ay bundan öncə keçirilən Həbib Nurməhəmmədovla Konon Makqreqor
arasında olan döyüşün maraqla izləndiyini deyə bilərik”.
Bu
idman növünə maraq nədəndir ?
"Əsas psixoloji amil əslində, bu idmanın daxilində
heç bir qaydanın olmamağıdır. Təbii ki, bəlli bir qaydası var, amma böyük
ölçüdə deyil. Məhz bu qaydasızlıq amili psixoloji olaraq bu idmana maraq
oyadıb. Ənənəvi psixologiyada şəxsiyyətin strukturunda belə bir anlayış var:
kölgə anlayışı. Yəni hər bir şəxsin heç
kimə göstərmədiyi, göstərməkdən çəkindiyi, gizlətdiyi əxlaqi və hüquqi
qaydalardan kənar öz instinktləri, istəkləri vardır və insanlar bunu bir
başqasına göstərməkdən çəkinir. Cəmiyyətin qaydalarına görə, bunlardan biri də
təcavüzkarlıq, bir başqasına zərər yetirmədir. Bu cür instinktin sahibləri və
ya aktiv şəkildə bu sahəyə maraq göstərərək izləyən insanlar televiziyadan bu
yarışa, bu cür döyüşə baxarkən belə, öz daxillərində basdırmış olduqları
aqressiyanı, gərginliyi məhz bu döyüşə baxaraq və ya bu döyüş növü ilə məşğul
olaraq özlərindən xaric edir, kənarlaşdırır və rahatlaşırlar”.
Lakin
bu, daxili rahatlıq deyil
Müasir psixologiya qeyd edir ki, insanda bu tipli
təcavüzkarlıq olarsa, bu o demək deyil ki, insan bunu edərək rahatlıq tapır və
ya aqressiyası getdikcə azalır. Modern psixologiya sübut edir ki, insanda hər
şey öyrənmə yolu ilə əldə olunur və təcavüzkarlığı, bu kimi davranışları
edərkən, artıq onda adət halını alır. Və o insan artıq bu tipli qaydasız
hərəkətləri edərək rahat olur, bu, onlar üçün adi hala çevrilir. Mənim dediklərim qaydasız döyüşə baxan
insanların ruhunda, psixikasında özünü göstərən neqativ amillərdir. Məsələnin
daha bir ziyanlı tərəfi budur ki, bu döyüşün maraq oyatdığı çox sayda uşaq və
yeniyetmələr var. Onsuz da müəyyən bir yaş dövründə uşaq və yeniyetmələrdə
özünü təsdiq etmə və gerçəkləşdirmə istəkləri olur. Fərz edək ki, 13-15 yaş
aralığındakı yeniyetmə özünü təsdiq etməyə can atır. Əgər həmin yeniyetmədə
uşaqlıqdan başlayan impulsiv davranışlar olubsa və bu sonradan davranış
pozuntusuna çevrilibsə, üstəlik, yeniyetməlik dövründə o insanda özünü
təsdiqetmə və özünü gerçəkləşdirmə ərəfəsində bu tipli bir sahəyə xüsusi
rəğbət, maraq yaranırsa, təbii ki, o insanın gələcəkdə yaşadığı həyat da daha
çox dağıdıcı olacaq. Yəni qaydaların əleyhinə gedən bir şəxs olacaq.
Ümumiyyətlə, bu sahədə olan insanların böyük əksəriyyəti antisosial şəxsiyyət
tipi olan insanlardır. Bu yaşda özlərinə ideal olaraq, gələcəkdə olmaq
istədikləri şəxsə, kimliyə işıq tutacaq şəxs kimi bu cür "qəhrəmanları”
görürlər. Onlar, bir növ "haqlıdırlar”. Çünki bu şəxslər bütün dünyada məşhur
olurlar. Böyük əksəriyyət tərəfindən sevilirlər. Yetəri qədər böyük pul
qazanırlar. Ən əsası, güclüdürlər və qarşı tərəfə "güclü” təəssüratı
verdiklərinə və eyni zamanda, qorxu təəssüratı yaratdıqlarına görə əksər insan
tərəfindən əsl kişi kimi qavranılırlar. Bu da təbii ki, özünü təsdiqetmə
mərhələsində olan bir yeniyetmə üçün ən bariz nümunə sayıla bilər”.
"Bəziləri
bu sahədə varlanmaq istəyənlərdir”
Müsahibim dedi ki, burada iqtisadi amili də qeyd
etmək lazımdır. Elələri də var ki, onların şəxsi bioqrafiyasına nəzər salanda,
bu sahəyə yalnız kasıblıq ucbatından gəldiyi məlum olur. "Konfliktli ailə
mühitində yetişənlər də özlərini bu sahədə "axtarırlar”. Yeniyetməlikdə yanlış
bir şəxslə özünü eyniləşdirmə məsələsini də buraya aid edə bilərik.
Ümumiyyətlə, insanın çalışdığı peşə onun
xarakterinə sistemli şəkildə təsir göstərir. İnsanın gələcəyinin daha sistemli,
yaradıcı olması üçün uşaqlıq və yeniyetməlik çağlarında onların üzgüçülük,
güləş, qılıncoynatma kimi idman sahələrinə üz tutmaları tövsiyə olunur”.
Məsələ ilə bağlı fikir söyləyən mütəxəssislərin
gəldikləri qənaət ümumilikdə belədir ki, uşaq və yeniyetmələrin düzgün bir
istiqamət alaraq formalaşmasında idman və bədən tərbiyəsinin rolu az deyil.
Yaxşı olar ki, 15-17 yaşında olan yeniyetmə öz fiziki gücünü yalnız dava-dalaşa
yönləndirməsin. Yalnız küçə döyüşlərində iştirak etmək və kimisə döymək, əzmək,
sındırmaq naminə qaydasız döyüşlərə atılmasın. Bu yaşda elmə, biliklərə
yiyələnmək daha vacibdir. Bu, baş vermədikdə isə sadəcə, bədənin və ruhun
sağlamlığı naminə daha faydalı idman növlərinə üz tutmaq şərtdir. Sağlam
bədəndə olan sağlam ruh sonradan istər karyera, istərsə də nüfuz baxımından
bədən sahibinə uğur gətirəcək.
Zeynəb
Əliqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün hazırlanıb
