• cümə, 26 Aprel, 10:05
  • Baku Bakı 12°C

Qaxda ilk dəfə keçirilən dağ yolu yürüşündə iştirakçılar 25 kilometr məsafə qət ediblər

03.10.16 10:46 1152
Qaxda ilk dəfə keçirilən dağ yolu yürüşündə iştirakçılar 25 kilometr məsafə qət ediblər
Qax rayonundakı "İlisu” pansionatında dağçılıq idmanına maraq göstərənlər üçün bu il xüsusi olaraq hazırlanmış dağ yolu marşrutunda ilk yarış reallaşıb.
AZƏRTACxəbər verir ki, Azərbaycan Alpinizm Federasiyası, Qax rayon Gənclər və İdman İdarəsi və "İlisu” pansionatının birgə təşkil etdikləri "İlisu-Kashkachay Golden Fall-2016” yürüşündə xüsusi hazırlıq keçmiş 23 iştirakçı İlisudan Qaşqaçay kəndinədək dağ yolu ilə uzanan 25 kilometrlik məsafəni daha tez qət etmək uğrunda yarışıblar. Yarışda ölkəmizin təmsilçiləri ilə yanaşı, 2 nəfər ingilis idmançı da iştirak edib. Məsafənin uzunluğunu və çətinliyini nəzərə alaraq, marşrut boyunca 4 yerdə nəzarət məntəqəsi təşkil olunub. İdmançılar bu məntəqələrdə qısa müddətə dayanıb, həkim nəzarətindən keçib, onlara isti yemək, çay və kofe verilib. İştirakçılardan iki nəfəri səhhətində yaranan problemlə əlaqədar yarışı yarımçıq tərk ediblər.
Yekun nəticələrə əsasən, məsafəni hamıdan tez – 3 saat 44 dəqiqəyə qət edən ingilis idmançı Qrehem Bruk yarışın qalibi adını qazanıb. Rəvan Əliyev və Rüfət Qocayev 3 saat 49 dəqiqə nəticə ilə ikinci və üçüncü yerlərə sahib çıxıblar. Qax rayonunun təmsilçisi Rəşadət Həşimov yarışı 4-cü pillədə başa vurub.
Qadınların yarışında isə Olqa Maşkova fərqlənib. O, məsafəni 5 saat 30 dəqiqəyə qət edib. Svetlana Uxova 5 saat 46 dəqiqə nəticə ilə ikinci, Fidan Mursaqulova isə 5 saat 52 dəqiqə nəticə ilə üçüncü yeri tutublar.
Qaliblərin mükafatlandırılması mərasimində Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Nizami Mursaqulov və "İlisu” pansionatının direktoru Nizami Həşimov çıxış edərək, rayonda ilk dəfə təşkil edilən bu yarışın ölkəmizdə dağçılıq idmanının inkişafına mühüm töhfə verəcəyinə, gələcəkdə iştirakçıların sayının daha da artacağına əminliklərini bildiriblər.
Sonda yürüşün qaliblərinə mükafatlar təqdim olunub.
banner

Oxşar Xəbərlər