• cümə axşamı, 15 may, 10:33
  • Baku Bakı 16°C

Qadınlar əsgər getsə...

24.02.15 11:43 1125
Qadınlar əsgər getsə...

Qadınların hərbi xidmətə cəlb ediləcəyi barədə xəbərlərə münasibət birmənalı deyil
Son günlər mətbuatda və sosial mediada Azərbaycan qadınlarının hərbi xidmətə cəlb ediləcəyi xəbəri gündəmdən düşmür. Belə ki, ölkə vətəndaşları özlərinin razılığı ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Həmçinin Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək.
Qeyd edək ki, qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı dünya praktikasında kifayət qədər nümunələr var. Məsələn, Norveç parlamenti qadınların həqiqi hərbi xidmətə çağırılması barədə qanun qəbul edib. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna görə, qadın çağırışçılar 2016-cı ilin yayından etibarən ordu sıralarına cəlb olunacaqlar. Norveç qadınların məcburi hərbi xidmət keçmələri haqqında qanun qəbul edən ilk Avropa dövləti və ilk NATO üzvüdür. Bu qanuna əsasən, orduya 18 yaşından yuxarı qadınlar cəlb olunacaq və onlar 19 ay hərbi xidmət keçəcəklər. Əvvəllər şəxsi heyətin 12,5 faizini təşkil edən norveçli qadınlar orduda könüllük əsasında xidmət edirdilər.
Bundan əlavə, hazırda qadınlar üçün məcburi hərbi xidmət İsrail və Myanma dövlətlərinin silahlı qüvvələrində də tətbiq olunur. Belə ki, 1986-cı ildə qəbul edilmiş qanuna əsasən İsrail ordusunda 18 yaşdan yuxarı, ərdə olmayan sağlam qadınlar 24 aylıq hərbi qulluğa çağırılırlar. Hərbi qulluqdan imtina onların cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Hazırda qadın hərbçilər İsrail ordusunun 33 faizini təşkil edir. Myanmada isə 18-27 yaş arasında olan qadınlar 2011-ci ildən hərbi xidmətə çağırılırlar.
Bir çox ölkələrdə isə qadınlar hərbi xidmətə könüllük əsasında cəlb olunurlar. ABŞ-da 1942-ci ildən başlayaraq qadınlar xüsusi təyinatlı hissələr istisna olmaqla bütün qoşun növlərində xidmət edə bilərlər. Hazırda ABŞ ordusunun 20 faizini zərif cinsin nümayəndələri təmsil edir.
Qadınların könüllük əsasında hərbi xidmətə cəlb olunması praktikası Kanadada 1895-ci ildən, Böyük Britaniyada 1917-ci ildən, Almaniyada 1975-ci ildən, İsveçrədə 1980-ci ildən, İspaniyada isə 1989-cu ildən tətbiq edilir. Avropada 22 faizlik göstərici ilə ən “feminist” orduya Fransa malikdir. Fransız qadınlarına 2014-cü ildən hərbi əməliyyatlarda iştirak etmək hüququ da verilib. İranda isə daxili işlər idarəsinin nəzdində qadınlardan təşkil olunmuş xüsusi təyinatlı yarımhərbi birləşmə - “Əz-Zəhra” taboru İslam Keşikçiləri Korpusunun bayrağı altında fəaliyyət göstərir.
Həmçinin Rusiya Dövlət Dumasında ölkənin qadın vətəndaşlarının öz arzusu ilə orduda müddətli hərbi xidmət keçməsini nəzərdə tutan qanun layihəsi hazırlanır.
Məqsəd Rusiya ordusunda əsgər çatışmazlığı problemini həll etməkdir.
Bizim ölkəmizdə isə qadınların hərbi xidmətə çağırılmasının müsbət nəticələr verəcəyinə inanmayanlar və ya bunu məqbul hesab etməyənlərlə yanaşı, qadınların kişilər kimi döyüşkən olması fikrində olanlar da var. Bütün hallarda qadınların hərbi xidmətə çağırılması məsələsinə münasibət birmənalı deyil. Bəs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik xanımların hərbi xidmətə cəlb olunmasını nəzərdə tuturmu?
Ənənəyə qayıdış?

Millət vəkili Zahid Orucun sözlərinə görə, qanunda dəyişiklik hərbi sahədə çalışan və hərbi işi yerinə yetirən, mülki olmayan xanımlarla bağlı hərbi bilet daşımaq hüququnu təsdiq edir. Belə ki, son dəyişikliklər qadınların və əcnəbi şəxslərin hərbi mükəlləfiyyətli kimi orduya çağırılmasını nəzərdə tutmur: “Çox təəssüf ki, kütləvi informasiya vasitələrində yanlış təhlillər aparılır və düzgün olmayan qənaətlər cəmiyyətə çıxarılır. Bir çoxlarında belə fikirlər formalaşıb ki, yəqin dövlətin ordunun formalaşmasında komplektləşmə problemi var və bu ildən belə vasitəyə əl atılır. Ancaq məsələnin mahiyyəti daha çox onların fərdi qulluqçu kimi müxtəlif səlahiyyətlər altında xidmətə cəlb olunmasından gedir. Bu praktika onsuz da əvvəlki dövrlərdə mövcud idi. Yəni bunu yeni hadisə kimi təqdim etmək də yanlışlıq olardı”. Qadınların əsgər olaraq xidmətə cəlb olunmasının əleyhinə olan millət vəkili hesab edir ki, bu praktika ilə bağlı dünyanın müxtəlif ölkələrindən nümunə gətirilməsinə ehtiyac yoxdur. “Təkcə o mənada yox ki, bu xanımları öz obrazından çıxarır, onları daha sərt bir sistemin təmsilçilərinə çevirir və zəriflikdən uzaqlaşdırır. Məsələ bunda deyil. Bir tərəfdən nəzərə almalıyıq ki, hansı zərurətdən bu addımı atmaq olardı. Azərbaycan müxtəlif millətlərin sıra sayının azalması fonunda demoqrafik problem yaşasaydı, o zaman bu, həmin praktikaya keçid ola bilərdi. Və yaxud İsrail nümunəsindən danışılır. Orada tamam fərqli vəziyyətdir. Xalqın mental varlığı, əhatə dairəsi fərqlidir və bu mənada onu Azərbaycana tətbiq etmək də çox yanlış olardı. Məsələnin mahiyyəti çox sadədir. Müddətdən artıq xidmət edən hərbi qulluqçular (MAXEQ) kimi xanımların bu sferaya cəlb olunması nəzərdə tutulur”. Millət vəkilinin sözlərinə görə, 2008-2009-cu ilə qədərki dövrdə Ali Hərbi Məktəb qadınlara da yer ayırsa da, hazırda bu, tam qadağan edilib: “Söhbət bu əsnada onların hərbi xidmətindən gedir. Çoxları əski dövrə qayıdaraq «Hərb sənəti şərq qadınları üçün deyil» - deyir. Hərçənd ki, keçmişdə kişilərimizlə bərabər döyüşə atılan qadınlarımız da çox olub. Amma mən Azərbaycanın səngərlərində qadınlarımızı əsgər kimi görmək istəmirəm”. Z.Oruc hesab edir ki, bu, elə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin də məğzidir. Bu baxımdan son dəyişiklikləri də məhz bu yöndə təhlil etmək lazımdır.
Millət vəkili Jalə Əliyevanın fikirləri isə həmkarının fikirlərindən fərqlidir. Belə ki, millət vəkilinin sözlərinə görə, vətəndaşlıq mövqeyi baxımından ölkənin vətəndaşları qadın və kişiyə bölünməməlidir: «Tariximizin ən dərin qatlarında Azərbaycan qadını kişilərlə bərabər, hətta onlardan bir addım irəlidə döyüşə də gedib, qəhrəmanlıq da göstərə bilib. Torpaqlarımızı qorumaq üçün hökmdar, sərkərdə qadınlarımız da olub. Bu gün həmin ənənəyə qayıtmaq heç də yenilikdən xəbər vermir. Bu, bizim qanımızda, gen yaddaşımızda olan bir duyğudur. Bu, Azərbaycan qadınının hər bir sahədə, hətta, hərbi sahədə öz sözünü deyə bilməsidir. Burada hansısa bir məna axtarmağa dəyməz. Çünki tarixi köklərimiz bu faktlara əsaslanır». Millət vəkilinin fikrincə, torpaqlarında 20 ildən artıq müharibə gedən bir ölkənin qadın vətəndaşlarının hazırlıqlı olmasında heç bir qəbahət yoxdur: “Hələ sovet dövründə ali məktəblərdə hərbi kafedralar vardı. Hərbi dərslər keçirilirdi və orada sırf oğlanlar hazırlanırdı. Amma Rusiya universitetlərinin, o cümlədən ölkəmizdəki Şərqşünaslıq İnstitutunun qızları da tibb dərsi deyil, hərbi dərs keçirdilər. Məncə, burada heç bir mənfi şey yoxdur. Hər kəs öz vətənini qorumağı bacarmalıdır».
Məsələyə müsbət yanaşan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, qadınlar bütün dövrlərdə orduda xidmət ediblər. “Nazirlər Kabinetinin sonuncu qərarı ilə 19 yaşdan 40 yaşa qədər qadınların hərbi xidmətə qəbul olunması artıq rəsmiləşib. Bu gün Azərbaycanda general rütbəsini daşıyan bir neçə xanımımız da var. Hesab edirəm ki, əgər biz gender bərabərliyindən danışırıqsa, niyə də qadınlar kişilər kimi hərbi xidmətə yollanmasınlar?” Ekspertin fikrincə, qadınların hərbi xidmət məsələsinə «Qadınlar xidmətə mane ola bilərlər», «Onlar hansı tapşırığı yerinə yetirə bilərlər?» kimi fikirlərlə yanaşmaq düzgün deyil: “Bu gün kifayət qədər qadınlarımız var ki, kişilərdən də çox ixtisaslarını mənimsəyiblər, bilik və bacarıqları da çox yüksəkdir. Nədən onlara şərait yaradılmasın?».
Əgər qadın bu formanı geyərsə...

Azərbaycan xalqının Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Ziba Qəniyeva, Dürrə Məmmədova, Səidə Vəzirova, Raifə Həsənova kimi döyüş yolu keçən qəhrəman qadınlarının olduğunu bildirən publisist Şəmistan Nəzirlinin fikrincə, qadınlarımız həmişə hərbi xidmətdəiştirak ediblər. Belə ki, onların içərisində rabitə işçiləri, həkim və tibb bacıları da olub. Onlar böyük fədakarlıq göstəriblər. Onlar həmçinin silah götürərək vuruşublar. O zaman qızlarımız cəbhəyə könüllü yazılıblar». Ş.Nəzirli hesab edir ki, qadınların da hərbi xidmətə yazılması orduda vətənpərvərlik ruhunun artmasına kömək edə bilər: «Əgər bir orduda, alayda və ya batalyonda tənbəl əsgər və zabit varsa, fəal qadını gördükdən sonra onun kimi nümunəvi olmağa çalışacaqlar. Hərbi geyimin ağırlığını hər adam daşıya bilməz. Əgər qadın bu formanı geyərsə, deməli, məsuliyyət hiss edir».
Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Qarayeva qadınların hərbi xidmətə çağırılmasını düzgün hesab etmir: «İnsan nə qədər müasir olsa da, dədə-baba qaydalarının qulu olaraq yaşayır. Ona görə də Azərbaycan qadınını hərbi xidmətdə təsəvvür edə bilmirəm. Bizdə ictimai rəy çox önəmlidir. Hətta, könüllü gedənlər olanda belə cəmiyyətdə birmənalı qarşılanmır». Psixoloq hesab edir ki, Azərbaycan qadını nə qədər güclü olsa da, hərbi xidmət kifayət qədər ciddi işdir. Belə ki, bu işin öhdəsindən qadınların gələ biləcəyi o qədər inanılası görünmür.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər