• çərşənbə, 13 Noyabr, 07:38
  • Baku Bakı 9°C

Prezident Azərbaycanın dəyişməz mövqeyini yenidən dünyaya nümayiş etdirdi

16.08.21 16:00 230
Prezident Azərbaycanın dəyişməz mövqeyini yenidən dünyaya nümayiş etdirdi
Avqustun 14-də "CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin II Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi və geostrateji reallıqların fonunda bütün qonşu ölkələrdən, eləcə də dünya birliyindən baş verənlərə obyektiv münasibət bildirmələri və bundan sonrakı proseslərdə qarşılıqlı əməkdaşlıq zəminində iştirakları üçün adekvat mövqelərdən çıxış etmələri gözləntisində olduğumuzu bir daha açıq şəkildə bəyan etdi. Eyni zamanda da bu müsahibə, əslində, Azərbaycana qarşı düşmən mövqelərdə duran, ölkəmiz üçün yeni təhdidlər xülyasında olan bütün qüvvələr üçün aşkar xəbərdarlıq mesajları vermiş oldu.
Bu sözləri Trend-ə verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, "CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində Azərbaycan Prezidenti üçtərəfli 10 noyabr Bəyanatının bütün müddəlarına qeyd-şərtsiz əməl olunmasının Cənubi Qafqazda bundan sonra davamlı sülhün, sabitlik və inkişafın bərqərar olması üçün zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoyub: "Azərbaycanın Vətən müharibəsindəki qələbəsi həqiqətən də tarixi bir Zəfərdir. Dövlət başçımızın da öz müsahibəsində qeyd etdiyi kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu,həm böyük ədalətsizlik və həm də bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. 30 il ərzində nə ATƏT-in Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşdı, nə də BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu zaman kəsiyində aparılan danışıqların heç bir əməli nəticəsi olmadıqca, bu məsələnin faktiki olaraq dondurulması prosesi gedirdi. Azərbaycan Prezidenti bütün bu illər ərzində dəfələrlə demişdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Nəhayət, dövlət başçımızın dediyi sözlər öz yerini tutdu və Azərbaycan Vətən müharibəsinə başlayaraq öz tarixi torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət zəfər çaldı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
İndi əsas məsələ Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın davamlı olmasını təmin etməkdir. Bunun üçün isə bütün region ölkələri öz prinsipial və real mövqeylərini ortaya qoymalıdırlar. İlk növbədə, Ermənistan üçtərəfli 10 noyabr Bəyanıtnda nəzərdə tutulmuş bütün öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibəsində bu məsələyə bir daha toxunaraq vurğuladı ki, Azərbaycan artıq bir neçə dəfə öz mövqeyini aydın şəkildə bəyan edərək, Ermənistanla sülh müqaviləsi imzalanmasının tərəfdarı olduğunu bildirib. Dövlətimizin məqsədi budur ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası,müəyyən edilməsi prosesi də başlasın. Lakin müşahidə etdiyimiz proseslər bunu deməyə əsas verir ki, Ermənistan ya buna hazır deyil, ya da bunun əleyhinədir. Əlbəttə ki, Ermənistanın bütün əks cəhdləri yalnız bu ölkənin özünün ziyanına olacaq.”
K. Qafarov bildirib ki, bu gün regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan sonra ona verilən şansı düzgün dəyərləndirməsi artıq bütünlüklə Ermənistan hökumətinin məsələyə konstruktiv yanaşmasından asılı olacaq: "Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanıyarsa, bu zaman regiona uzunmüddətli sülh gələcək. Azərbaycan bunu istəyir. Həmçinin bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev, əslində, bu gün Ermənistana çox böyük bir şans verib. Ermənistan bu şansdan düzgün yararlanacağı təqdirdə iqtisadiyyatını inkişaf etdirə və xarici kapitaldan asılılığına son qoya bilər. Lakin təəssüflər olsun ki, bu ölkənin rəhbərliyində olanlar hələ də konstruktiv mövqe nümayiş etdirmirlər. Belə görünür ki, Ermənistan hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur.
Təbii ki, Cənubi Qafqazda regional sabitlik və davamlı inkişafın bərqərar olması üçün kommunikasiyaların açılması, ilk növbədə Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası zəruridir. Bu tələblər Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da iqtisadi inkişafına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Ancaq dövlət başçımızın dediyi kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya insanların və hakim dairələrin beyinlərini o dərəcədə zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi istənilən halda açılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.”
Millət vəkili Kamaləddin Qafarov deyib ki, Prezident İlham Əliyevin müsahibəsində yer alan ən əhəmiyyətli məqamlardan biri də erməni əsgərlərinin Laçın dəhlizi ilə Qarabağa göndərilməsi faktı barədə oldu: "Ermənistan hökumətinin qeyri-konstruktiv mövqey tutmasını sübut edən faktlardan biri də son vaxtlar bu ölkənin əsgərlərinin Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa göndərilmələridir. Öz müsahibəsində bu məsələyə də toxunan Ölkə Prezidenti cənab İlham Əliyev belə halların yolverilməz olduğunu və Azərbaycanın hər an adekvat tədbirlər görə biləcəyini açıq-aydın bəyan etdi. Dövlət başçısı bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Lakin bu proses davam edir. Azərbaycan artıq bir neçə dəfə şifahi qaydada öz iradlarını bildirsə də, bunun nəticəsi olmayıb. Nəhayət, Azərbaycan öz iradını rəsmi qaydada bildirdi. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Laçın dəhlizi ilə hərəkət edən bütün insanları və texniki vasitələri dəqiqliyi ilə müşahidə edə bilir, həmçinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri diqqətlə izləyir. Əgər Ermənistan yenidən müharibəyə hazırlaşarsa, onda dərhal adekvat tədbirlər görüləcək. Dövlətmizin başçısı Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə çalışan bütün qüvvələri bu barədə son dərəcə aydın şəkildə xəbərdar etdi. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onların hamısı üçün dərs olmalıdır.”
banner

Oxşar Xəbərlər