• bazar ertəsi, 25 noyabr, 04:50
  • Baku Bakı 12°C

Polşada Azərbaycan həmrəyliyi

12.03.22 11:15 1259
Polşada Azərbaycan həmrəyliyi
Muxtar Şeyxzamanlı: "Düzü, belə axın da gözləmirdik. Bu qədər insanı təxliyə etmək, yerləşdirmək asan deyil. Amma şükür ki, bu gün küçədə qalan soydaşımız yoxdur, hamısını yerləşdirmişik”.
Ukrayna və Rusiya arasında yaşanan müharibə dalğası Ukraynada yaşayan azərbaycanlıların da həyatında dağıdıcı təsirini göstərir. Soydaşlarımız mümkün qədər artıq təxliyə olunmağa başlayıblar. Bu işdə Polşanın Krakov şəhərində yaşayan və fəaliyyət göstərən soydaşlarımız xüsusi fəallıq göstərirlər. Ukraynanın Xarkov şəhərindən təxliyə olunan soydaşımız – Xarkov Milli Radioelektronika Universitetinin baş müəllimi Vüsalə Muradova "Kaspi”yə bildirdi ki, təxliyə işlərində onlara "Xarıbülbül” dünya azərbaycanlıları mədəni assosiasiyası və şəxsən assosiasiyanın sədri Muxtar Şeyxzamanlı böyük dəstək göstərir. Muxtar bəylə əlaqə yaradıb fəaliyyətləri ilə bağlı məlumat əldə etdik.
"Biz onu Amerika səfirliyinə yönəltdik”
– Muxtar bəy, təxliyə işlərini necə qurdunuz?
–Artıq müharibə başlayandan iki gün sonra bizim prioritet işimiz orada – hücuma məruz qalan şəhərlərdə olan vətəndaşlarımız arasında koordinasiya yaratmaq oldu. Dəqiq informasiya ötürmək üçün bu, çox lazım idi. Sosial şəbəkədə qruplar yaradıldı. İnsanlar ora daxil olub harada toplaşmalı olduqları haqda məlumat ala bildilər. Məlumatlar operativ şəkildə yerləşdirilir və yenilənirdi. Həmin qruplarda insanlar özləri də bir-birləri ilə rahat əlaqə yarada bilirdilər. Məsələn, Xarkov şəhəri mühasirəyə düşəndə orada təxliyə qatarlarının olduğunu, harada və saat neçədə toplaşmalı olduqlarını, ora haradan və necə gəlmək lazım olduğu haqda məlumat qoyduq. İzləmək imkanı olmayanlara zəng edib məlumatlandırdıq. Bir az aralıda qalan vətəndaşlarımız üçün taksi məsələsini həll etdik. Pul köçürmələri məsələlərində köməklik göstərdik. Bunkerlərdə qalan, yeməyi bitən insanları imkanımız çatan qədər maliyyə ilə təmin etdik, su, yemək, çörək çatdırdıq. O vaxta qədər təxliyə qatarları gəlmişdi, vətəndaşları ora yönəltdik. İlkin olaraq öz vətəndaşlarımıza dəstək olmağa çalışsaq da, bir rus vətəndaşına da yardım etdik. Kiyevdə meydan hərəkatında iştirak edən həmin şəxs Rusiyaya qarşı idi. Biz onu Amerika səfirliyinə yönəltdik. O, Amerikadan sığınacaq istəyirdi. Onun üçün hər iki tərəf, əslində, təhlükəli idi. Çünki Rusiya tərəfi də, Ukrayna tərəfi də ona qarşı aqressiv idi.
– Bu işləri görmək üçün sizə kimlər dəstək olurdu?
– Özüm Krakovda işləri koordinasiya etsəm də, dörd dəfə sərhədə gedib inşaların təxliyə olunmasında iştirak etdim. Birinci işimiz qadınları, uşaqları təxliyə etmək idi. Özümə borc bilirdim ki, soydaşlarımızın yanında olum və şəxsən bu işdə iştirak edim. Bunların hamısını şəxsi vəsaitimiz hesabına edirdik. Bundan başqa, Krakov şəhərində adını bildirmək istəməyən bir azərbaycanlı iş adamı da bizə xeyli yardım göstərdi, vətəndaşlarımızı yeməklə təmin etdi. Burada restoran sahibi olan Rufan Səfərov da dəstəyini əsirgəmir. Vətəndaşlarımız üçün gündə bir dəfə yemək təşkil edir. Krakov Azərbaycan icması, burda yaşayan azərbaycanlılar da çox dəstək oldular. Nəqliyyat, mənzil təminatında çox yardımçı oldular. Amma qeyd edim ki, biz tələbəyik, dəstəyimiz, təminatımız sərhədsiz deyil.
"İlkin olaraq qadınlar, uşaqlar, xəstə insanlar göndəriləcək”
– Səfirlik sizə köməklik göstərirmi?
– Polşadakı səfirliyimiz operativ işləyir. Düzü, belə axın da gözləmirdik. Bu qədər insanı təxliyə etmək, yerləşdirmək asan deyil. Amma şükür ki, bu gün küçədə qalan soydaşımız yoxdur, hamısını yerləşdirmişik. Səfirlik bizə məlumatlar almağa, koordinasiya yaratmağa kömək edir. Tezliklə çarter reysləri təşkil olunacaq, vətəndaşlarımız Bakıya təxliyə olunacaqlar. İlkin olaraq qadınlar, uşaqlar, xəstə insanlar göndəriləcək. Amma Diasporla İş üzrə Dövlət Komitəsindən heç bir dəstək yoxdur. Tələbələr öz hesablarına bu işləri görürlər. Assosiasiyanın üzvü olmayan digər azərbaycanlılar da maddi, mənəvi – hər cür dəstək göstərirlər.
– Ümumiyyətlə, insanların təxliyədən sonra vəziyyətləri, psixoloji durumları necədir? Sonrakı talelərini necə düşünürlər?
– Bu dəqiqə təşviş içindədirlər. Biz onlara psixoloji dəstək göstərməyə, motivasiya verməyə çalışırıq ki, hər hansı bir ciddi psixoloji travma yaşamasınlar. Amma istər-istəməz sarsıntı keçiriblər. Bu, daha çox özünü uşaqlarda göstərir. Bir səs olanda, o dəqiqə diksinirlər, qorxurlar. Hətta əldən bir əşya yerə düşəndə belə dik atılırlar. İnsanlar canlarını qurtara bildiklərinə görə şükür edirlər. Çoxu da orda yaşayışını, işini qurmuş adamlardır. Azərbaycana qayıdanda nə edəcəklərini bilmirlər.
"Bir azərbaycanlı ailəni də orda yerləşdirmişik”
– Yerli sakinlərin münasibəti necədir?
– Yerli sakinlər bizə burda çox dəstək verirlər. İstər qida, istər ianə, istər mənzil məsələlərində hər cür dəstək verirlər. Hətta polyak bir vətəndaş evini təklif etdi. Bir azərbaycanlı ailəni də orda yerləşdirmişik. Polyaklar nəqliyyat vasitələrini də təklif edirlər, "gedək, insanları gətirək” deyirlər. Düzdür, ehtiyac olmadı, özümüz hamısını təşkil etdik. Amma sağ olsunlar, hər cür dəstək olmağa çalışırlar.
– "Xarıbülbül” dünya azərbaycanlılarının mədəni assosiasiyasının sədrisiniz. Assosiasiyanın işləri nədən ibarətdir?
– Burda bir ildən çoxdur ki, fəaliyyət göstəririk. Bizim əsas işimiz Azərbaycan mədəniyyətini Polşaya və eyni zamanda da dünyaya tanıtmaq, burda yaşayan potensiallı, istedadlı azərbaycanlı gənclərin akademik dairələrə yüksəlməsinə dəstək verilməsidir. İstəyirik ki, onlar ən prestijli universitetlərdə oxusun, fəaliyyət göstərsinlər. Bu da gələcəkdə lobbiçilik fəaliyyəti üçün çox önəmlidir. Noyabrın 8-də Zəfər günü ilə əlaqədar Qarabağ haqqında o qədər təbliğat aparmışıq ki, artıq yerli sakinlər Şuşaya getmək, o gözəl torpaqları görmək istəyirlər. Amma ən ümdə işimiz darda qalan azərbaycanlılara xidmət göstərmək, onlara yardımçı olmaqdır”.
Xanım Aydın
banner

Oxşar Xəbərlər