• cümə, 29 Mart, 12:36
  • Baku Bakı 14°C

Paşinyanın yalanları Qərb mətbuatında

17.10.19 17:32 1133
Paşinyanın yalanları Qərb mətbuatında
Nikol Paşinyanın hökuməti yenidən Qərb mediasının diqqət mərkəzindədir. Qərbin nüfuzlu "EurasiaNet” nəşri Ermənistandakı mövcud durum və baş nazir Nİkol Paşinyanın düşdüyü mürəkkəb situasiyanı analiz edib. Müəllif əvvəlcə yazır ki, avqust ayında baş nazir Nikol Paşinyan elan etdi ki, uzun müddətdir müzakirə olunan qızıl yatağı ciddi tədqiq olunduqdan sonra reallaşır. Onun bu bəyanatı da dərhal ətraf mühit müdafiəçilərinin ciddi narazılığına səbəb oldu, nəticədə Paşinyan, üstündən iki həftə sonra səsləndirdiyi bəyanatdan geri çəkilməyə məcbur oldu: "Nəticədə mədənin taleyi yenidən havadan asılı vəziyyətə düşdü. Eləcə də, iyul ayında hökumət İstanbul konvensiyasını (qadınların məişət zorakılığından qorunmasını nəzərdə tutan razılaşma) ratifikasiya etmək niyyətini bildirdi. Lakin bundan sonra sosial konservatorlar, o cümlədən nüfuzlu kilsə açıq şəkildə buna qarşı çıxdı. Hökumət də sakitcə ratifikasiyanı bir kənara qoydu. Bu sənədlə də bağlı vəziyyət tam aydın deyil”. Müəllif əlavə edir ki, "inqilab” dalğası nəticəsində hakimiyyətə gələn hökumət artıq öz siyasətini hamının təəccübünə səbəb olacaq tərzdə, ehtiyatla yürütməyə başladı: "Hökumət tərəfdarları da bildirirlər ki, yeni hakimiyyət artıq qəti addımlar atmaq iqtidarında deyil, məhkəmə, vergi və digər sahələrdə vəd edilən qanunvericilik islahatları isə gözlənildiyindən də çox ləng gedir. Paşinyan Ermənistanın yeni tarixində ən populyar liderdir: əhalinin ən müxtəlif təbəqələri onun ölkəni "çürüməkdən” azad etmək çağırışını ruh yüksəkliyi ilə qarşıladılar. Lakin bu xalq mandatı özlüyündə iki sonluğa malikdir. Paşinyan potensial ağrılı islahatları həyata keçirməyə könülsüz gedir”. "Daha çox öz populyarlığından narahatdır və bir çox problemlər də məhz bundan sonra başlayıb”, - deyə nəşr adının çəkilməsini istəməyən məmurlardan birinə istinadən yazır. Həmin məmur əlavə edib ki, Paşinyan ictimaiyyətin dəstək vermədiyi mürəkkəb məsələlərdən çox qorxur. "Bu qorxu, səhv etməkdir, populyarlığı itirmək hissidir”, - deyə hökuməti dəstəkləyən qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsi qəzetə bildirib. Müəllif onu da bildirir ki, insanları narahat edən problemlərdən biri islahatların ləng getməsidir: "İnsanlar bu hökuməti onun inqilab təbiəti olduğuna görə müdafiə edirdilər və köklü dəyişikliklər gözləyirdilər. Lakin qaçılmaz kardinal dəyişikliklər ağrısız kompromis tələb edir”. "Nikol üçün sizin özünüz də müşahidə edirsiniz ki, "birinci” və "presedentsiz”, "indiyə kimi heç kimin edə bilmədiyini həyata keçirmək”, "tarixdə rol oynamaq” kimi tezislər mühüm əhəmiyyət kəsb edir”, - deyə həmin QHT nümayəndəsi nəşrə bildirib. Əlavə edib ki, bunu onun çıxışlarında da hiss etmək mümkündür: "Paşinyan demək istəyir ki, biz birinciyik, presedentsizik, dünyada belə demokratiya heç yerdə yoxdur və hamı bizdən öyrənməlidir və s. Bax onun şöhrətpərəstliyi – hakimiyyətə can atmağının daha bir stimuludur. Bütün bunlar da vəziyyəti mürəkkəbləşdirir. Çünki, əgər islahatlar istəyirsənsə, təəssüf ki, qeyri-populyar qərarlar qəbul etməlisən”.
Daha sonra bildirilir ki, islahatların ləngidilməsi Ermənistanın yeni hökumətinin strukturu ilə bağlıdır. "Paşinyan yalnız məhdud sayda olan tərəfdarına - əsas etibarilə də onu hakimiyyətə gətirən "Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə etibar edir. Bütün inqilab Paşinyanın brendi ətrafında toplaşmışdı”, - deyə Yerevanda anonimliyinin qorunub saxlanılmasını istəyən diplomatlardan biri bildirib. "Paşinyan onunla inqilab etməyənlərə, sonradan gələnlərə şübhə ilə yanaşır. Bu da Paşinyanla və onun nazirləri arasında etimad və şəxsi ünsiyyətin səviyyəsinə təsir edir”, - deyə diplomat bildirib. Buna parlaq misal da məhkəmə islahatı göstərilir.
Bir çoxları hesab edir ki, Paşinyanın atdıqları addımlar xeyli gecikib. İnsanlar sadəcə, islahatların ləng getməsindən narahatdırlar.
Yeri gəlmişkən, Nikol Paşinyana qarşı narazılıqlar pik həddə çatır. Dinc şəraitdə ölən hərbi qulluqçuların anaları və dul qadınları ilə görüşdə təzminat məsələsi ilə bağlı onlara müsbət cavab verməyib. "Sputnik-Ermənistan” xəbər verir ki, Paşinyan onlardan il yarım vaxt istəyib. Xatırladaq ki, ay ərzində qadınlar təzminat ödənilməsi ilə əlaqədar bir neçə dəfə etiraz aksiyası keçiriblər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış 30 min dram (6 min dollara yaxın) kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış ediblər. Paşinyanla görüşdə matəm paltarında olan səkkiz qadından yalnız biri - "Əsgər” insan hüquqları təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan çıxış edib. O deyib ki, 1 mart hadisələrinin qurbanları ilə digər ölmüş hərbçilərin ailələrinə fərqli yanaşmanın olması ədalətsizlikdir. "İnqilab oldu, indi ölkədə pul var. Tələbimizin mahiyyəti hər kəsə bərabər miqdarda vəsait ayrılmasıdır”, - Xaçatryan deyib. Paşinyan isə məsələni həll edəcəyini deyərək, onlardan il yarım vaxt istəyib.
O da bəlli olub ki, ABŞ Federal Təhqiqatlar Bürosunun bir qrup əməkdaşı müəyyən müddətdir Ermənistanda çalışır və ABŞ-da daimi yaşayış alan bəzi yerli vətəndaşların şəxsi işlərini tədqiq edir. Bu məlumatı "Jamanak” qəzeti yayıb. Məlumata görə, xəfiyyələr ABŞ-a köçəndən sonra burada bahalı daşınmaz əmlak alan və investisiya yatıran şəxslərlə maraqlanıb. FTB-nin bu şəxslərin sahib olduğu pulların mənbəyini öyrənməyə çalışdığı bildirilir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər