Paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər? - Gənclərə məsləhət
Paraşütlən
tullanmaqla bağlı videoları izləyəndə, şəkillərə baxanda çox adamda bu idman növünə
maraq yaranır. Peşəkar şəkildə idman növü kimi məşğul olanlar başqa, amma bu
marağı həvəskar olaraq da reallaşdırmaq mümkündür. Bəs istəyən hər kəs paraşütlə
tullanış edə bilərmi? Ümumiyyətlə, paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər?
Həmsöhbətimiz,
həvəskar olaraq paraşütlən tullanma ilə məşğul olan Fuad Tağıyevdir. Tağıyev
deyir ki, paraşütlə tullanmaq fikrinə düşübsünüzsə, ilk olaraq sağlamlığınıza diqqət
yetirməlisiniz: "Təzyiq normal olmalı, bir də çiyin hissəsində travma
olmamalıdır. Təzyiq problemi yaşayırsınızsa, çiyində hər hansı problem varsa,
tullanış etməyə icazə verilməyəcək. Əgər qol nahiyəsində uşaqlıdan qalma hər
hansı travma varsa, paraşüt açılanda, çiyin zədələnə bilir. Bu da paraşütü yerə
endirməkdə çətinlik çəkməyə gətirib çıxarır. Yəni çiyində çıxma, təzyiqlə bağlı
problem yoxdursa, arzulayan hər kəs paraşütlə tullanış edə bilər”.
Müsahibimiz
bildirdi ki, sağlamlıqla bağlı problem yoxdursa, tullanış etməyə
hazırlaşırsınızsa, bütün prosesləri izah edirlər: "Tullanış edilən "drop zona”
adlanan yerə gəldiyinizdə hər bir şeyi izah edirlər. 4-5 saat nəzəri hissə öyrədilir.
Paraşüt, onun hissələri, əsas və köməkçi paraşütün açılması ilə bağlı məsələlər
çatdırılır. Sonra ekstra hallarda nə kimi tədbirlərin görülməsi ilə bağlı məlumat
verilir. Nəzəri hissə bitəndən sonra tandem tullanışı həyat keçirilir. Bu
tullanışda tək olmursan, təlimçi səni özünə bağlayır, bu cür tullanış edirsən.
Daha sonra professional şəkildə bu idman növünə keçid etmək və tək tullanış etmək
istəyirsinizsə AFF adlanan sertifikat almalısınız. AFF sertifikatın əldə etdikdə
siz havada rahat şəkildə uçmağı, dönmə əməliyyatlarını, yaxınlaşma və
uzaqlaşma, balansı pozduqdan sonra yenidən balansa qayıtma bacarıqlarına yiyələnəcəksiniz.
7 mərhələdən ibarət olan bu təlimin hər mərhələsində tullanış etdikdə, səmada təlimçilərə
imtahan vermiş olursunuz və növbəti mərhələyə keçib-keçməməyinizi onlar müəyyən
edir. Bitirdikdən sonra sərbəst şəkildə özünüz solo tullanış edə biləcəksiniz”.
İstəyən
çox olsa da, heç də hamı paraşütlə tullanmaq arzusunu reallaşdırmır. Tağıyev
bunun səbəblərindən də danışdı: "Əvvələr ölkəmizdə tullanış etmək üçün Balakən
rayonunda imkan var idi, amma indi yoxdur. Marağı olan adamlar digər ölkələrdə
tullanış edə bilərlər. Başqa ölkəyə gedib bunu etmək isə çox baha başa gəlir.
Ona görə, çox adam istəsə də, qiymətləri görəndə vaz keçir. Sözsüz, Azərbaycanda
belə bir mərkəzin olması üçün ölkəmizdə paraşütə maraq çox olmalıdır. Çünki
paraşütlə tullanışı qurmaq üçün külli miqdarda pul xərcləmək lazımdır. Onun
qarşılığını almaq üçün də kifayət qədər müştəri olmalıdır. Hələ o müştəri
olmadığı üçün bu işi qurub o qədər pulu xərcləmirlər.
Bir
qisim insan da maraqlı tərəfi ilə yanaşı, təhlükəli yönünü də fikirləşir. Çünki
bu ekstermal idman növlərində qəzalar, ölüm halları da olur. Bütün ölkələrdə
tullanışlar edəndə qarşımıza bir vərəq qoyulur, ona imza atırıq ki, hər bir məsuliyyətə
cavabdeh özüməm. Nə problem olacaqsa, məsuliyyəti özün daşıyırsan. Ekstremal
idman növüdür, problem yarana bilər. Və problemin yaranıb-yaranmaması da adamın
özündən asılıdır. Avtoqəza deyil ki, birdən gedib harasa dəyəsən. Bu elədir ki,
göydə qarşılaşacağın problemlərlə bağlı yerdə kifayət qədər öyrədirlər. Hər
hansı problem yaranırsa, artıq burda məsuliyyət sənin üzərində qalır. Bəzən
insanlar özləri təhlükəli tərəfini fikirləşib, addım atmırlar, bəzən də
doğmaları, pis nə isə olar deyə, bu addımı atmağa razı olmurlar”.
Tağıyev
qeyd etdi ki, paraşütlə tullanmaq istəyənlər üçün "Chimera” Azərbaycan Skydivinq
Klubunu yaradıblar: "Klubun www.chimera.az saytını da yaratmışıq və 2019-cu ilin avqust
ayının 9-22 aralığında yenidən Moskva şəhərinə tullanış etmək üçün yola düşəcəyik.
Maraqlananlara hər cür kömək göstərməyə
şad olarıq”.
Aygün Asimqızı