Oxucusunu özü seçən kitab evi - MÜSAHİBƏ
Burada fəlsəfə, tarix, ədəbiyyatşünaslıq, din, yeni
kitablar, ən çox satılanlar, kültür, sənət və sair bölmələr var. Bu bölmələrə
baxa-baxa səhəri axşam etmək olar...
"Mephisto” kitab evi İstanbulun mərkəzində – İstiqlal
küçəsi, 125 ünvanında yerləşir. Bura mağazanın Bəyoğlu şöbəsi sayılır. Qeyd
edim ki, mağazanın digər şöbələri Beşiktaş və Bahariyədir. Book-cafe tipli bu kitab evi böyük oxucu kütləsinə
malikdir. Və demək olar, İstanbula yolu düşən hər kəsin üz tutduğu İstiqlal küçəsində
yerləşməsi də mağazaya xüsusi üstünlük verir, ona olan diqqəti artırır.
Qiymətlər əl yandırır
Üç mərtəbəli kitab evinin birinci mərtəbəsi nə qədər
sıxlıq olsa da, digər iki mərtəbələrində
oxucular qismən az olur. Eyni zamanda disklər, albomlar satılan bu mağaza həm də
musiqisevərlər üçün ziyarət ediləsi məkanlardandır.
Unutmamış deyim ki, bu kitab mağazasında qiymətlər əl
yandırır, türk lirəsinin dollara nisbətdə dəyərdən düşməsi kitab qiymətlərinə
çox təsir edib. Ona görə də, bir qisim alıcı mağazaya gələndə ötən illərdəki nəşrləri
axtarırlar ki, kitabın arxa qapağında qeyd olunan əvvəlki məbləği ödəyib ucuz ala
bilsinlər. Qiymətlərin bahalığı bəzi kitabsevərləri ikinci əl kitabların
satıldığı bukinistlərə üz tutmağa vadar edir. Məsələn, mən "Səsəfələr
ensiklopediyası” tarixi adlı kitabı 69 türk lirəsinə aldım, halbuki yaxın illərdə
həmin həcmdə kitabı 30 türk lirəsinə almaq olurdu.
Səhəri axşam etmək olar...
İkinci mərtəbədə isə ədəbi-elmi jurnallar satılır.
Diqqətimi çəkdi ki, Türkiyədə təkcə poeziyaya aid 20-dən çox jurnal var. Hələ ümumi
ədəbiyyat, sənət jurnallarını kənara qoyuram. Hər nə qədər özümüzü "şair xalq”
adlandırsaq da, təəssüf ki, bizdə hələ sırf şeir jurnalı, poeziyaya aid dövri nəşr
çap olunmur. Burada fəlsəfə, tarix, ədəbiyyatşünaslıq, din, yeni kitablar, ən
çox satılanlar, kültür, sənət və sair bölmələr var. Bu bölmələrə baxa-baxa səhəri
axşam etmək olar...
Nəzərə alsaq ki, Türkiyədə kitab evləri çoxdur,
onda onların hər birindən yazmaq maraqsız olar. Amma bu kitab evinin şöhrətini
nəzərə alaraq buradan yazı hazırlamaq, əməkdaşlarından biri ilə söhbətləşmək qərarına
gəldim. Mütaliə dairəsinin genişliyinə və təcrübəsinə görə digər satıcılar onun
müsahibə verməsini istədilər. Beləcə, təcrübəli kitabçı, gözəl kitab zövqü olan
və "Mephisto”nun satıcısı Sedat Barkınla söhbətləşdik.
Sevdiyi
janrı bilmək lazımdır
– Sedat bəy, bu kitab mağazasına təsadüfi
oxuculardan daha çox müştərilər üz tutur, artıq bu kitab evinin öz oxucuları
yetişib. Bu kitab evi öz şöhrətini nəyə borcludur?
– "Mephisto” kitab evi 25 ildən çoxdur ki, fəaliyyət
göstərir. Və artıq öz oxucu kütləsini formalaşdırıb. Oxucuların əksəri bu kitab
evindəki satıcıların kitab təqdimatlarına, tövsiyələrinə inanırlar. Yəni uzun illər
ərzində oxucularla səmimi münasibətlərimiz, istədiklərini bu kitab evində tapmaları,
yeni ədəbiyyatları buradan rahatca əldə edə bilmələri, sifarişlər və sair məsələlər
onlarla aramızda etibarlı əlaqələrin qurulmasına səbəb olub.
– Məsələn, kitab oxumağa yeni başlayan biri gəlib
sizdən "hansı kitabı mütaliə edim” deyə tövsiyə istəsə, hansı nəşrləri məsləhət
görərdiniz?
– Yeni oxucuya kitab məsləhət görməzdən əvvəl
sevdiyi janrı bilmək lazımdır. Əgər seçimi tamamilə mənim öhdəmə buraxsa, asan
qavranılan, zərif klassik nümunələrdən birini məsləhət görərəm. Sait Faiq,
Orxan Kamal, Səbahəddin Əli, Qoqol, Zolya və sair. Bu cür kitablar sürətlə
oxunur, oxucunu yormur, həm də yeni kitab oxumağa başlayan insanda mütaliə vərdişi
aşılayır.
Həmin oxucuları xoşbəxt sayıram
– Çətin oxunan, amma dəyərli kitabların satış
prosesi necə gedir, siz onların alınması üçün çalışırsınız?
– Uliyam Folkner, Roberto Balano, Tomas Bernard, Robert Müsil, Vladimir
Nabokovun kitablarını satmağı çox sevirəm. Onların kitablarını oxucuların əlində
görmək, oxunduğunu düşünmək mənə həzz
verir, həmin oxucuları xoşbəxt sayıram.
– Bu qədər işin içərisində kitab oxumağa vaxtınız
qalırmı?
– Həyatda ən çox sevdiyim şey kitab oxumaqdır. Ona
görə sosial şəbəkələrdən istifadə etmirəm, gecə rahatlığımdan kəsib oxuyuram,
ya da işə gələndə bir saat ərzində yolda mütaliə edirəm. Əsasən, ədəbi kitablar
oxuyuram, amma fəlsəfi, psixoloji əsərlər də mütaliə edirəm. Latın Amerikasını
çox sevirəm: Roberto Bolano, Mario Varqas Lyosa və sair. Ən çox sevdiyim yazıçı
isə Uliyam Folknerdir. Onun yazı dili, üslubu, istifadə etdiyi ədəbi priyomları
çox bəyənirəm.
Kitab nə qədər dözüm aşılasa da...
– Musiqiyə bu qədər
önəm verməyinizin səbəbi nədir?
– "Youtube” kanalları CD bazarını zəiflətsə də, hələ
də diskləri alanlar var. Amma son dövrlər vala qulaq asmaq yaman dəbə mindiyinə
görə, valların satışı artıb. Biz sənət zövqü olan adamları bir yerə toplayan
kitab eviyik.
– Pandemiyanın kitab mağazanızdakı satışlara mənfi
təsiri heç kəsə sirr deyil. İstərdim bu barədə danışasınız...
– Pandemiyanın ilk dönəmində mağazamızı bağlamalı
olduq. Eyni zamanda çölə çıxmaq qadağası da satışlara mənfi təsir elədi.
İndi-indi özümüzə gəlməyə başlamışıq. Kitab nə qədər dözüm aşılasa da, özü o qədər
tez bəlaya gəlir.
– Hansısa kitabın çox satılmasında bu kitab evinin
rolu olurmu?
– Əlbəttə. Həmin kitabları önə, çox satılanların,
yeni kitabların arasına qoyaraq ona qarşı oxucu diqqətini artıra bilirik. Çünki
hər gün bu kitab evinə minlərlə oxucu gəlir.
Söhbətləşdi: Fərid Hüseyn