AZE | RUS | ENG |

“Oğluna bunun hamısının bir oyun olduğunu deyir” – Onun film seçimi

“Oğluna bunun hamısının bir oyun olduğunu deyir” – Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə isə BMT-nin Əhali Fondunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fərhad Hacıyevin məsləhət gördüyü filmləri təqdim edirik.
 
Onun ilk seçimi rejissor Rober Benini olan "Həyat gözəldir” oldu. İtaliya istehsalı olan film 1997-ci ildə ekranlaşdırılıb: "Mənim filmlərdən ibarət "Top-3” siyahıma müxtəlif nominasiyalarda üç "Oscar” mükafatı olan bu film daxildir.  Dram janrında olan film cavan və həyat dolu italiyalı Qvidodan (Guido) bəhs edilir. Gənc yəhudi Qvido varlı əmisinin dəvətilə onun restoranında ofisiant işləməyə başlayır. Bir sıra gülməli təsadüflər nəticəsində Qvido film boyu "şahzadə” dediyi Doraya vurulur. Bu iki optimistin sevgisi gözəl nikah və uşaqlarının doğulması ilə davam edir. Yalnız bu idilliyanı İkinci Dünya Müharibəsinin başlanması pozur. Cavan yəhudi ailə konsentrasiya düşərgəsinə yerləşdirilir. Qvidonu və Doranı ayırırlar və balaca oğulları atası ilə qalır. Balaca oğlunun müharibənin qəddarlıqlarını, ölümləri və işgəncələri görməməsi və bilməməsi üçün Qvido ona bunun hamısının bir oyun olduğunu deyir: uniformalar, düşərgəyə səyahətləri, yaşam şəraitləri və s. Baxmayaraq ki, müharibə tam şiddətlə davam edir, film boyu uşaq atasını həmişə gülərüz və müxtəlif rollarda görür, çünki atası bu "oyun” bitdikdən sonra ona hədiyyə olaraq real hərbi tank gətirəcəyini söz verib. Bu film mənə ailə, sevgi və təxəyyülün gücü barəsində dərs verdi”.
 
F.Hacıyevin ikinci məsləhət gördüyü film rejissor və ssenaristi Emil Quliyev olan "Pərdə”dir: "Son zamanlar Azərbaycan kinematoqrafiyasının istehsal etdiyi dərin sosial problemləri işıqlandıran bu filmi gənclərə tövsiyə edirəm. Filmdə bir gənc qadının ailə həyatı qurması üçün qərar vermə şansının kimə aid olduğu irəliyə çəkilir: filmdə heç göstərilməyən, amma həmişə barəsində qorxu ilə danışılan varlı ataya və ya qadının özünə. Əlbəttə, mütərəqqi cəmiyyətin aparıcı qüvvəsi olan qadınların hər zaman cəmiyyətdə hökm sürən stereotiplər və maneələrlə üzləşdiyini bilirik. Amma bunlarla çoxları mübarizə aparmaqdan çəkinir və buna göz yumulur. Eynən bu filmdə də qadının şəxsi xoşbəxtliyi ətrafdakılarının basqısı ilə qarşılaşdırılır. Təəssüf ki, bu mücadilədə əsassız sosial konstruktlar qalib gəlir”.
 
Müsahibimizin üçüncü film seçimi "Ağıl oyunları”dır: "Yenə də 4 "Oskar” alan 2001-ci ilin bioqrafik bir filmini diqqətinizə çatdırmaq istərdim. Film 1947-ci ildə gənc və ümidli tələbə Jon Neş barəsində bəhs edir. Jon tədqiqatla məşğul olur və qısa bir zamanda tanınmış universitetlərdən birində mühazirələr oxuyur. Bu zaman tələbəsi Alisiyaya vurulur. Günlərin birində Vilyam adlı bir şəxs Jonu Mərkəzi Kəşfiyyat İdarəsində işə dəvət edir. Jonun missiyası açıq mənbələrdə olan məlumatları təhlil etmək və gizli şifrələnmiş mesajları tapmaqdır. O, hər gün onda olan məlumatları idarəyə bir poçt qutusu vasitəsilə ötürür. Hətta bir dəfə məlumat ötürəndə sui-qəsdə məruz qalır. Qısa bir zamanda bir şey aydın olur: elədiyi işlərin hamısı onun fantaziyasının məhsuludur. Heç bir agent və idarədə iş mövcud deyil. Jon Neşə ağır şizofreniya diaqnozu qoyulur. Həyat yoldaşı ona dəstək olmağa çalışır və tədricən hallüsinasiyalar yoxa çıxır. Jon Neş yenidən elmə qayıdır. Elmi işləri ona dünya çapında məşhurluq gətirir. O, oyun nəzəriyyəsi sahəsində innovativ açılışları ilə məşhurlaşır. 1994-cü ildə isə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülür”.
 
Aygün


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779