• çərşənbə axşamı, 16 aprel, 16:47
  • Baku Bakı 19°C

“O uşağa görə, yaxınlarını, bütün sərvətini itirir” - Onun film seçimi

26.10.19 12:45 2662
“O uşağa görə, yaxınlarını, bütün sərvətini itirir” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə"Autocapital-Azerbaijan”ın (Mercedes-Benz) satış və logistika şöbəsinin müdiri Rauf Şahverdiyevin məsləhət gördüyü filmləri təqdim edirik.
Onun ilk seçimi ABŞ istehsalı olan "Döyüş klubu” filmidir. Deyir ki, bu filmin fəlsəfəsini tam başa düşmək üçün bir neçə dəfə izləmək lazımdır: "Film 1999-cu ildə ekranlara çıxsa da, o vaxt uğursuz hesab edilir. İzləyicisi olmur deyə, kirayə film bazarından da çıxarılır. Amma film, yayımından 10 il sonra şöhrət qazanır. Bunun səbəbi də var. Belə ki, bu filmə bir dəfə baxmaqla tam şəkildə hər şeyi başa düşmək olmur. Məsələn, mən həmin filmə hardasa 15 dəfə baxmışam. Hər dəfə baxanda yeni nə isə görürəm. Hətta kitabını da oxumuşam. Bu film cəmiyyət, insanlar haqqındadır. Həftə içi 9-dan 6-ya qədər işləyən və qazandıqlarını necə xərcləyən insanların həyatı filmdə əks olunub. Orda belə bir fikir səsləndirilir: "Biz öz əşyalarımızın nökəriyik”. Filmdəki personaj elə bilir ki, gecələr yatmır, amma yatır. Sadəcə olaraq, yuxuya gedəndə, şizofrenik kimi olur, beyni gecə oyanır, özü üçün bir qrup formalaşdırır, bütün film boyu adam özünü məhv etməyə çalışır. Öz-özünə danışır, amma elə bilir ki, dostu ilə danışır. Özü özünə deyir ki, "Özünü inkişaf etdirmək - zəiflərin taleyidir, özünü məhv etmək - yaşamağa dəyər tək səbəbdir".
İkinci seçimi "Oldboy” oldu. Bu film isə Koreya istehsalıdır: "Bu kino sadə bir adam haqqındadır. Hansı ki, uşaq vaxtı çox danışan olub. Böyüyür, ailəsi, uşağı olur, bir gün bunu oğurlayıb 15 il balaca bir otaqda saxlayırlar. 15 il sonra otaqdan çıxarılır və ona qarşı bunu edənləri axtarmağa başlayır. Səbəbini öyrənmək istəyir ki, onu niyə 15 il bir otaqda saxlayıblar? Film ümumilikdə, cəmiyyət haqqındadır. Çox, artıq danışmaq, başqalarına böhtan atıb adına söz çıxarmaqdan bəhs edir. Bir az döyüş səhnələri, qan çoxdur, ağır kinodur, amma gözəldir”.
İngiltərə istehsalı olan "Revolver” onun üçüncü seçimi oldu. Film qumar oynayan, həmişə də udan bir adam haqqındadır: "Əsasən şahmat strategiyası üzərindən çəkilib. İngiltərədə qumar oynayan, həmişə də udan bir adam olur. Bir dəfə kazinodakı dostları buna tələ qururlar, özü də həbs edilir. Həbsxanada sol və sağ kamerada olan şəxslərlə dostlaşır. Üzlərini görməsə də, onlarla kağız üzərində şahmat oynamağı öyrənir. Burda udmaq, insanları oyunda necə aldatmaq mümkün olması ilə bağlı bütün strategiyaları öyrənir. Çıxandan sonra həbsxanadakı dostları, onun pullarını oğurlayır və o, üzünü görmədiyi həmin adamları, onun pullarını oğurlayanları axtarır. Kazinonun sahibi ilə görüşür, qumar oynayır. Şahmat strategiyası ilə oynayır. Çox fəlsəfi kinodur, başa düşmək üçün gərək 3-4 dəfə baxasan. Bir dəfə baxılanda, mənasız gələ bilər”.
Komiksləri sevən R.Şahverdiyevin növbəti məsləhət gördüyü film elə bu sıradan olan "Logan” oldu: "Komiksləri çox sevirəm. "Logan”ın bu cəhətdən mənim üçün xüsusi yeri var. Ancaq "Logan”ın son hissəsi dram janrında çəkilib. O bölməsi insan hissləri haqqındadır. Mövzu ata və uşaqla bağlıdır. Öz uşağı olmayan bir kişinin başqa bir uşağı qoruması filmdə əks olunub. O uşağa görə, yaxınlarını, bütün sərvətini itirir. Hətta ölür, ancaq balaca uşağa heç nə olmaması üçün çalışır. Bu hissə fantastik komiks kinosu kimi çəkilməyib”.
Onun sonuncu seçimi Fransız filmi olan "Cafe de Flore” oldu: "Dram janrında çəkilən bu filmin heç bir aktyoru tanınmış deyil, ancaq çox gözəl aktyor oyunu var. Filmin musiqisi də çox gözəldir. Bu filmə mütləq qulaqcıqla baxmaq lazımdır. Çünki həm musiqi, həm kino effektləri tez-tez dəyişir, sol və sağ qulaqcıqdan çıxır. İnsanların həyatda öz yarlarını tapmaları haqqındadır. Bu film göstərir ki, heç vaxt heç nə gec deyil”.
Aygün
banner

Oxşar Xəbərlər