“O nazir oğlu, bu da nazir qızı” - Məktəb illəri
Məktəb illəri həyatımızın ən gözəl, ən qayğısız illəridir desək,
yəqin ki, yanılmarıq. Hətta uzun illər keçsə belə, o anları şirin bir xatirə
kimi xatırlayırıq. Budəfəki "Məktəb illəri” rubrikasında millət vəkili
Gövhər Baxşəliyevanın tələbəlik illərinə qiyabi səyahət etdik.
Millət vəkili deyir ki, orta məktəbdə nə qədər
məsuliyyətli idisə, universitetdə də məsuliyyəti ilə müəllimlərinin hörmətini
qazanıb: "İnstituta imtahan verəndə, mənimlə eyni vaxtda adını çəkmək
istəmədiyim başqa bir nazirin oğlu da imtahan verirdi. Birdən komissiya
üzvlərindən biri nazir oğlunun yanına gəlib stolun altındakı "şparqalka”ları
çıxardı. Sən demə , köçürməyə cəhd edirmiş. Ancaq oğlanı otaqdan çıxarmadılar
ki, imtahana hazırlaşsın. Bir qədər sonra onu sualları cavablandırmaq üçün
çağırdılar. Bir dənə suala belə cavab verə bilmədi, "2” yazıb salondan çıxardılar.
Sonra məni çağırdılar. Bütün sualları cavablandırdım. İmtahanda oturan ağsaçlı,
ağbirçək bir müəllimə, səhv etmirəmsə, tarix müəlliməsi "o nazir oğlu, bu da
nazir qızı, niyə bu yaxşı cavab verir, o yox” sualını verdi.
Müəllimlərinin
nazir qızına hörmət etməsinə, dərslərində güzəştə getməsinə gəlincə,
G.Baxşəliyeva deyir ki, heç vaxt hansısa müəllimdən güzəşt gözləməyib və buna
ehtiyacı olmayıb: "Həmişə oxumağa maraq göstərmişəm. Orta məktəbdə olduğu kimi,
ali məktəb illərində də elə gün olmayıb ki, dərsə, imtahana hazırlıqsız gedim.
Bəzən imtahanqabağı, gecə də yatmırdım və həmişə də "5” alırdım.
Günel
Azadə