“Ünsiyyətin aça bilmədiyi qapı yoxdur” - Uğur hekayəsi
Çalışqan, məqsədli, məsuliyyətlidir. Deyir ki,
insan arzularına çatmaq istəyirsə, gecə-gündüz çalışmalı, özünü inkişaf etdirməlidir.
Yenilikçi olmağın və daim öz üzərində işləməyin tərəfdarıdır.
Müsahibimiz Mosaic
Group və Good Group şirkətlərinin Marketinq, PR və Satış direktoru, Karen
Millen, LKBennett, French Connection, Oasis, Acoola Kids geyim brendləri, IL
Patio və Planet Sushi Restoranı, Le Kebab Old City Restoranının brend meneceri, Acoola Kids-in marketinq, PR və satış
direktoru, Good Group və 3SÖZ reklam agentliyinin təsisçisi və art direktoruElxan Mərdanlıdır. Həmsöhbətimizin 32 yaşı var.
Məktəb illərindən aktivliyi ilə həmyaşıdlarından
seçilib. Daha sonra ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılan
"Uşaq və Gənclərin sülh şəbəkəsi”ndə təhsil alıb: "Şəbəkədən sonra düşüncə tərzim,
həyata yanaşmam dəyişdi. Artıq cəmiyyətdə özümü söz hüququ olan şəxs kimi hiss
edirdim. Beləliklə, rayonlara, internat məktəblərinə səfərlərim olurdu.
Universitetə qəbul olunduqdan sonra, layihələr çərçivəsində "Ümidli Gələcək” gənclər
təşkilatı ilə tanış oldum. Dayanmadan işlədim. Xarici təşkilatlarla görüşdüm.
İşgüzar fəaliyyət nəticəsində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının
katiblik vəzifəsinə təyin etdilər. İşlədiyim bütün qurumlarda katiblik, rəhbərliyə
qədər gəlirdim. Əməkdaşlıqlar, əlaqələr insanın gələcək karyerasında çox yaxşı
rol oynayır. Daha sonra Avropa Şurasının müxtəlif layihələrində iştirak etdim.
Ay ərzində müxtəlif ölkəyə səfər edirdim. Dünyagörüşüm formalaşdıqca, biznesə
maraq göstərdim”.
- İctimai
sfera ilə biznes tam fərqlidir. İctimai sferada uğur qazandığınız bir vaxtda
necə oldu ki biznesə keçdiniz?
- Həmişə öz işimi özüm görməyə çalışmışam. İctimai
sektorda çalışanda bütün kompyuter proqramlarını öyrənmək istəyirdim.
Çalışdığım qurumun tədbirlərinin və lazımı reklam vəsaitlərinin hazırlanmasını özüm
edirdim. İşlər gəldikcə ictimai sektordan uzaqlaşdım.
Tələbəlik illərində yay aylarında kiçik bizneslə məşğul
olurdum. Bağçalarda uşaqları güldürmək üçün kloun, şaxta baba kimi fəaliyyət
göstərirdim. Yayda ən çox xoşladığım və məşğul olduğum iş dondurma satmaq idi.
5-6 soyuducu icarəyə götürürdüm. 20 yanvarda 6 dondurma soyuducum olurdu. Yayda
boş durmurdum. Açığını deyim, yaşıdlarım kimi nə futbol oynamağa maraqlı idim,
nə də "playsteyşn”ə. Ancaq pul qazanmaq haqqında düşünürdüm. Bir neçə dəfə
playsteyşn oynadım, sonra gördüm ki, yox, mən pul qazanmaq əvəzinə, itirirəm.
Axırda pleysteyşn klub işlətdim və qazanmağa başladım. Hər şeydən yararlanmağa
çalışırdım. Haradan gəlir gəlirdi, o işdə özümü sınayırdım. Sosial şəbəkələr o
qədər də yayılmadığı zamanlarda məlumatların insanlara çatdırılması üçün çap məhsulları
çox önəmli idi və bu imkandan yararlanaraq müxtəlif müəssisələr üçün bukletlər,
flayırlar, vizitka və s. çap məhsulları etdirməyə başladım. Həm dizayn edirdim,
həm də reklam fəaliyyəti ilə məşğul olurdum. Bu ərəfədə ticarət mərkəzləri təzə
açılmışdı. Gördüm ki, birdəfəlik şəkər tozları xaricdən gəlir. Araşdırıb,
qablaşdırma aparatı tapdım. Aparatın sahibi ilə danışdım. O istehsal edirdi, mən
ticarət mərkəzindəki icarədarlara paylayırdım. Özüm öz reklamımı apararaq, bu
biznesi genişləndirdim. Sonra düşündüm ki, böyük şirkətlərin pr sirlərini öyrənməliyəm.
"Mətanət A” şirkətinə düzəldim. Bir müddət çalışdım və "Nurgun Holdinq”də işimə
davam etdim. Orada da çalışa-çalışa kənarda
şəxsi reklam şirkətimi açdım. Sonra mənə "Mosaic Group” şirkətindən təklif gəldi. O zaman reklam nümayəndəsi kimi işə
başlasam da, çox qısa zaman ərzində şirkətin Marketinq, PR və satış direktoru vəzifəsinə
yüksəldim və bu illər ərzində şirkətin obyektlərinin sayını 6-ya qaldırdım. Daha
sonra öz şirkətimi – "Good Group”u yaratdım və "Acoola kids” markasını Azərbaycana
gətirdim. Karyerama baxanda görürəm ki, biznes əslində həyatımın hər anında
olub.
- Hazırda
ticarət mərkəzlərində bir neçə məşhur markanın brend menecerisiniz və daim müştərilərlə
ünsiyyətdə olursunuz. Maraqlıdır, azərbaycanlı müştərilər nə istəyir?
- Azərbaycan müştərisi fərqlidir. Dövlətin qoyduğu
qanunvericiliyə əks gedirlər. "Sən öl”, "mən öl”, "nə olar ki bizə bu endirimi
edin”, "oldu da”... kimi ifadələrdən bu qədər çox istifadə edən başqa ölkə yoxdur. İzah etmək
olmur ki, hər vaxt endirim mümkün deyil. Amma son dövrlər bizdə bu sahədə də inkişaf
var. 70 faiz müştərilərdən razıyıq. 30 faizini razı sala bilmirik ( Gülür-A.Ə).
Müştəriyə yaxşı təqdimat lazımdır. Onların hisslərinə yalandan toxunmaq olmaz.
Bizim müəllif hüquqluğu mənə məxsus olan "Santa Sale” adlı layihəmiz var. Müştəri
qutudan hansı nömrəni çıxarırsa, o qədər faiz endirimi olur. Onsuz da bayram ərəfəsi
bir çox brendlər endirim edir. Amma bunu fərqli təqdim etdikdə, müştərinin də
zövqünü oxşayır. Təqdimatdan çox şey asılıdır. İkincisi, satışın ən önəmli tərəfi
danışmaqdır. Sən insanları malının keyfiyyətinə inandıra bilirsənsə, sata biləcək
və bu sahədə uğur qazanacaqsan. Satışda uğur qazanmaq üçün müştərini razı
salmağı bacarmalısan.
- Kreativ
ideyalarınızla tanınırsınız. Maraqlıdır ideyanın yaranması üçün nə qədər vaxt sərf
edirsiniz?
- Mənim riyaziyyat müəllimim var idi. Misalları
verirdi, oturub fikirləşirdim. Bir gün müəllim mənə dedi ki, niyə fikirləşirsən?
Bir an ərzində həmin misal, məsələyə baxanda beyninə həlliylə bağlı bir faiz
belə nəsə gəlmirsə, fikirləşməyə dəyməz. İdeya da elədir. Bir anda gəlir və
icra edirəm. Böyük ideyalara gəlincə, gözümü yumuram və özümün onun içində hiss
edirəm. İdeya düşündüyüm anda ağlıma gəlməlidir. Etiraf edim ki, mən bir ideya
haqqında uzun müddət düşündükdə, ortaya maraqlı fikir çıxmır.
-
Dostlarınız sizin aktivliyinizdən danışır. Bir yerdə dayanmırsınız. Deyəsən, 24
saat sizə kifayət etmir...
- İnanın etmir. Gündüz də, axşam da işləyirəm. Ən pis
xüsusiyyətim isə evə gec gəlməyimdir. Gec gəlmək məni yorur. Amma telefon zəngləri
olmadığı üçün axşamlar işləmək gündüzdən daha rahatdır. Mən heç vaxt
dostlarımla çayxanaya çay içməyə getmirəm. Əslində elə dostlarım da mənim
kimidir. Xüsusi günlərdə yığışırıq. Düşünürəm ki, çay içməyə ayırdığım vaxtı
övladıma ayıraram. Vaxt çox önəmlidir. Əgər kim deyirsə ki, mən uğur əldə etmişəm
və onunla yanaşı hər şeyim paralel gedir, inanmaram. Mütləq nəyisə qurban vermək
lazımdır. Mən asudə vaxtımı qurban verirəm. Ailəmə istədiyim qədər vaxt ayıra
bilmirəm.
- Plan qurursunuzmu?
- Mütləq qururam. Plansız heç bir işi çatdırmaq
olmaz. Bundan əlavə, harada nəyi görürəmsə, özümdə qeyd edirəm. Bütün xərclərimi
yazıram. Məsələn, avtomobilimə nə qədər pul xərclədiyimi qeyd edirəm. Siz mənə
desəniz ki, avtomobilinə 2016-cı ildə nə qədər pul xərcləmisən, onu deyərəm. Hər
dəfə servisə gedəndə servis nümayəndəsi "kim yağın qiymətinin hansı ildə nə qədər
olduğunu bilmək istəyirsə Elxan bəydən soruşsun” deyir. (gülür-A.Ə). İstifadə
etdiyim çeklərin hamısını elektron formada saxlayıram. Ölkədə nə qədər
inflyasiya olub, bunu real görə bilirəm. Mən bilirəm ki, aylıq benzin xərcim
200 manatdır. Bu, dəyişmir. Əlavə xərci də telefona yazıram. Ağıllı telefonun
çox gözəl xüsusiyyətləri var. Mən ondan qeydiyyat kitabçası kimi istifadə edirəm.
Bundan əlavə, vaxtıma qənaət etmək üçün gömrük bəyannamələrinin hazırlanmasını,
vergi ödənişlərini, hesabatlarımın hamısını telefonla ödəyirəm.
- Elxan bəy,
sizcə işləyən insan üçün iş həmişə varmı?
- İş həmişə var. Sadəcə, fərasətli olub,
araşdırmaq, özünü inkişaf etdirmək lazımdır. İşsizlik gənclərin özündən
qaynaqlanan problemdir. Aktivləşmək lazımdır. Əgər bir insanda kompleks varsa,
o heç vaxt uğur əldə edə bilməz. Mən uşaqla uşağam, böyüklə böyük. İnsanda niyə
kompleks olmalıdır ki... Özünə güvənən, aktiv həyat tərzi sürən, daim axtarışda
olan insan işsizlikdən şikayət edə bilməz. İş həmişə var. İnsan bir yerdə bərqərar
olmaq istəyirsə, həmin yerdə gecə-gündüz çalışmalı, inkişaf etməlidir. Mənim Park
Bulvar və 28 Mall ticarət mərkəzlərində əlimdə parça çantaylala şəkər təklif
etdiyim zamanlar var idi, indi burada mağazalarım var. Bunu heç kimin dəstəyi
olmadan, təkbaşına etdim. Dövlət tərəfindən həyata keçirilən islahatlar bizim
kimi sahibkar gənclərə çox böyük yollar açır. Hər şeyin elektronlaşması, gömrük
və vergi sistemində şəffaflaşma bizə çox xeyirlidir. Vaxt qızıldır və vaxta qənaət
edirik.
- Sizcə,
işgüzar fəaliyyət üçün insanda hansı xüsusiyyətlər olmalıdır?
- Əvvəlcə özünə inanmalısan. İnsan gecə gündüz öz pr-nı aparmalı və özünü inkişaf etdirməlidir.
Özünü düzgün təqdim etməyi bacardığın an, diqqətləri də üzərinə çəkə bilərsən.
Əgər sən öz bacarıqlarını komplekssiz göstərə bilirsənsə, iş üçün sənə nə
day-day, nə də pul lazımdır. Ünsiyyətin aça bilmədiyi qapı yoxdur.
- 32 yaşınız
var və artıq 2 uşaq atasısınız. Sizcə, ailə karyeraya maneədir, yoxsa dəstək?
- İnsan gərək özünü tanıdıqdan sonra ailə qursun.
Biz həyat yoldaşımla eyni sektorun adamlarıyıq. Onun mənim həyatımda,
uğurlarımda çox böyük rolu var. Mənə yaxşını, pisi göstərə bilib. İnsan
resursları üzrə çalışdığı üçün insanlarla düzgün ünsiyyəti öyrədib. Onun dəstəyini
hər zaman hiss etmişəm. İnsanın özü kimi biri ilə ailə qurması, həyatında onu
anlayan birinin olması ən böyük uğurdur. Uğurlu ailə elə uğurlu karyeranın
başlanğıcıdır.
- Ənənəvi
sualımız. Uğur sirriniz nədir?
- İlk olaraq çox çalışmaq, məqsəd və özgüvən. Hesab edirəm ki, insan özünün nə üçün var olduğunu
bilir və mahiyyətinə varırsa, o zaman uğur əldə edir. Üçüncü ən önəmli faktor
isə ünsiyyət bacarıqlarıdır. Fikrini ifadə etməyi və özünü təqdim etməyi
bacardıqdan sonra, səni mütləq görəcəklər.
Aygün ƏZİZ