• bazar, 29 Iyun, 09:37
  • Baku Bakı 17°C

Novruz – bayramların şahı

15.03.16 12:41 2685
Novruz – bayramların şahı
Şou əhli İlaxır çərşənbə günündə əsrlərcə yaşı olan bayram adətlərimizə əməl etməyi vacib sayır
Bu gün sonuncu çərşənbəni - torpaq çərşənbəsini qeyd edirik. İlaxır çərşənbə kimi tanınan bu çərşənbə ilə bağlı müxtəlif adətlər var. Biri-birindən maraqlı adətlərlə zəngin olan İlaxır çərşənbənin torpağın oyanması ilə bağlı olması heç də təsadüfi deyil. Deyilənlərə görə, ana təbiət torpağı su ilə isladıb, günəşlə isidib ki, onu əkinə hazırlasın. Ona görə də ilk yaz əkininin xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlanması təsadüf hesab edilmir.
Ümumiyyətlə, xalqımız Novruza bir ay öncədən hazırlaşır. Bayrama ciddi-cəhdlə hazırlaşanlar sırasında şou əhli də var ki, onlar bayram adətlərinə birə-bir riayət etməyə çalışırlar. Biz də əsas milli bayramımız olan Novruza hazırlaşan şou əhlindən bayram adət-ənənələrinə münasibətlərini, onlara əməl edib-etmədiklərini xəbər aldıq. Məlum oldu ki, bəzi sənət nümayəndələri Novruz adətlərini keçmişin qalığı hesab etsə də, bu bayramı öz övladlarına milli bayram kimi aşılayanlar da az deyil.
Xalq artisti Mənsum İbrahimov “Kaspi”yə açıqlamasında Novruz adətlərini uşaqlıqdan sevdiyini və indiyədək onlara riayət etdiyini dedi: “Hər il Novruz bayramı yaxınlaşanda uşaqlığımı xatırlayıram. Uşaqlığım Qarabağda keçib. O zamanlar bayramlarımız məxsusi keçirilirdi. Bayrama bir ay qalmış Novruza hazırlaşırdıq. Yumurta döyüşdürmək üçün bir ay öncədən yumurtaları yığırdıq. Bayramda müxtəlif oyunlar keçirirdik. Bir sözlə, Novruzun bütün ənənələrini qeyd edirdik. Novruzu ona görə sevirik ki, bu bayramda təbiət canlanır, insanın qanı qaynayır. Hər baxımdan bu bayram bizim üçün əzizdir”.
Xalq artisti Novruz adətlərini sevdiyini və onlara əməl etdiyini gizlətmir: “Hər bayram qohum-əqrəbalarımızın evinə qonaq gedirik. Bundan başqa, bayramda axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənir. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirir. Küsülülər barışır, nəhs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar. Novruzda hər il dünyasını dəyişən qohumlarımızı ziyarətə gedirik. Tonqal qalayıb, üzərindən atlanırıq. Misal üçün, bu gün mən tonqal qalayıb, ailə üzvlərimlə birlikdə onun üzərindən atlanacağam. Bunu özümdən çox uşaqlarım üçün edirəm. İstəyirəm ki, bayram ənənələri onların da yadından çıxmasın”.
M.İbrahimov Novruzu evində ailəsi və qohum-əqrəbaları ilə birlikdə qeyd edəcəyini dedi. Fürsətdən istifadə edib, bütün xalqımızı təbrik etməyi də unutmadı.
Xalq artisti, mahir zərb alətləri ifaçısı Natiq Şirinov bizimlə söhbətində Novruz bayramına xüsusi simpatiyası olduğunu qeyd etdi. Bildirdi ki, Novruz onun həyatında xüsusi yer tutur: “Novruz bizim kökümüzün, keçmişimizin göstəricisidir. Dədə-babadan gələn adət-ənənələrimiz var. O ki qaldı bayram adətlərinə, çox maraqlı adətlərimiz olsa da, təəssüf hissi ilə qeyd etməliyəm ki, mən adətlərimizə əməl etmirəm. Çünki işim o qədər çoxdur ki, başqa bir şey haqqında düşünməyə vaxtım yoxdur. Novruzu uşaq vaxtı daha çox sevirdim. İndi yaşım çoxdur. Bizim vaxtımız keçdi daha. İşlərimiz artdığı üçün məsuliyyətimiz də çoxalıb. Ona görə də nəinki Novruz bayramı, heç ad günüm yadıma düşmür”.
N.Şirinov axır çərşənbəni ailəsi ilə birlikdə keçirəcəyini bildirdi.
Əməkdar artist Baloğlan Əşrəfov isə Novruzu bayramların şahı hesab edir. Çünki uşaq yaşlarından bu bayramın ab-havası ilə böyüyüb: “İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Görün bizim nə gözəl adətlərimiz var. Mənim uşaqlığım Masallıda keçib. Novruzda kənddə uşaqlarla milli oyunlar oynayar, yumurta döyüşdürərdik. Novruz bayramı mənim üçün təmizlik, paklıq deməkdir. Hesab edirəm ki, Novruz adət-ənənələrinin hamısına əməl olunmalıdır. Təəssüf hissi ilə qeyd edim ki, indi adətlərimizdə də min dənə yeniliklər ediblər. İndi zaman keçib, zəmanə dəyişib”.
Dövrün gətirdiyi dəyişikliklərdən şikayətlənən əməkdar artistin bayramların şahı olan Novruzda bəyənmədiyi yeganə atribut isə kosa ilə keçəldir: “Hər şey qalır yerində, bircə kosa ilə keçəlin hədiyyə yığması məni narahat edir. Çünki onların hərəkətləri müasir dövr üçün heç də uyğun deyil. Bizim Bahar qızımız varsa, gərək bir Novruz oğlanımız da olaydı. Nəinki başında ağac olan kosa və başında tük olmayan keçəl. Bu məni darıxdırır”.
Hər il Novruzu doğulduğu torpaqda keçirən Baloğlan Əşrəfov deyir ki, hər bayramda dünyasını dəyişən qohum-əqrəbalarını yad edir: “Bizdə belə bir adət var ki, bayram günlərində dünyasını dəyişən qohum-əqrəbalarımızı yad edirik. Bayramda dünyasını dəyişmiş qohumların ruhlarını sevindirmək lazımdır. Deyirlər ki, həmin vaxt ruhlar evlərin bacalarında oturarlar. Ailəsinin, övladlarının necə dolandığı ilə maraqlanarlar. Ona görə həmin bayramlarda evlərdə şənlik qurular, müxtəlif yeməklər bişirilər, həmin insanların adlarına müxtəlif şirniyyatlar hazırlanardı. Burada əsas məqsəd ruhların öz övladlarının dolanışığının yaxşı olmasını görməsi, o dünyaya ürəklərində qübar aparmamalarıdır”.
İstedadlı müğənni Şölə Səfərəliyeva deyir ki, Novruz bayramını uşaqlıqdan çox sevir: “Uşaq yaşlarımdan Novruzun adətlərini - papaq atmaq, tonqaldan hoppanmaq, qulaq falına çıxmaq, lal su ilə üzük falı etmək, şam yandırmaq və digərlərini sevərək etmişəm. Bu adətlərin həm maraqlı, həm də insanı yeni ilə ruhlandıran tərəfləri var. Bu il səməni qoymuşuq, ancaq deyəsən buğda yeni olmadığından keçən ilki səmənimizə heç də yaxın gəlmir (gülür). İçimdə bir qorxu var. Adətə görə, səməni yeni ildə evin ruzisinin əlamətidir. Yadıma gəlmir ki, nə zamansa dükandan səməni, ya Novruz şirniyyatları alaq. Hətta uşaqlıqdan şəkərburanı maqqaşla özüm bəzəmişəm”.
İfaçı milli bayramımıza xələl gətirənlərin də olduğunu iddia edir: “Son zamanlar bəzi dindarlar deyir ki, Novruzu qeyd etmək günahdır, çünki Novruz bizə atəşpərəstlikdən ərməğan qalıb. Mən isə hesab edirəm, insan öz köklərini unutmamalıdır. Küsülülərin barışmağı, kasıblara əl tutmağın nəyi pis ola bilər?”
Şölə deyir ki, bu il Novruz bayramını həmişəki kimi ailəsi ilə bərabər qeyd edəcək. O, hesab edir ki, Novruz əsil ailə bayramıdır: “Novruzun gəlişini artıq yanvarın sonundan səbirsizliklə gözləyirdim. Və şükür edirəm ki, bu günə salamat gəlib çatdıq. Çalışacağam gecə gec saatlarda da olsa, tonqaldan atlanım. Aydındır ki, bu yaşımda məhəlləyə düşüb tonqala getsəm, mənə güləcəklər. Ona görə də tonqal sönsə, külü qalsa belə, gərək gizlin də olsa düşüb üzərindən hoppanım.Yaşıdlarımızın həddi-buluğa çatandan sonra özlərini ağır, böyük göstərmək kimi davranışını anlamıram. Halbuki, nə gözəl olardı, böyüklü-kiçikli hamı tonqal ətrafına yığışsaydı. Son illər baxıram, ya ancaq oğlanlar yığışır, papaq atır, ya da uzağı, məktəbli qız uşaqları analarının yanında durur. Məşhur “Dəli Kür” filmində Novruz bayramı çox gözəl göstərilir. Kaş indi də elə olardı”.
İfaçı fikrini bayram münasibətilə xalqımızı təbrik etməklə yekunlaşdırdı.
İfaçı Cəmalə Vaqifqızı isə bildirdi ki, o, bayramların hamısını sevir: “Mənim üçün hər bayramın öz yeri, özlərinə məxsus ab-havası var. Novruz bayramını ona görə çox sevirəm ki, bu bayramda şirnilər bişirilir, kasıblara, yoxsullara əl tutulur, tonqal qalanır. Novruz olduqca şıltaq və maraqlı bayramdır. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan, adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, süfrədə istər çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, qoz-fındıq, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savabdır. Belə gözəl adəti olan bayramı kim sevməz ki?”
Novruz bayramında Kosanın hədiyyə istəməyinə gəlincə isə, ifaçı deyir ki, müasir kosalara hədiyyə deyil, pul verirlər. O, bunu öz gözləri ilə gördüyünü bildirdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər