• şənbə, 11 Yanvar, 08:00
  • Baku Bakı 8°C

Nəqliyyat sektorunda ciddi dəyişikliklər 

11.01.25 03:24 84
Nəqliyyat sektorunda ciddi dəyişikliklər 

2025-ci ildə də nəqliyyat sektorunda islahatlar davam etdiriləcək. Əvvəlki işlərin davamı olaraq avtobus parkı yenilənəcək, yeni avtobus zolaqları salınacaq. Taksi dayanacaqlarının sayının artırılması da nəzərdə tutulur. 

Ötən il nəqliyyat sektoru ciddi dəyişikliklərlə yadda qaldı. İctimai nəqliyyatla, taksilərlə bağlı xeyli nəzərəçarpacaq addımlar atıldı. Avtobus zolaqları çəkildi, velozolaqlar yaradıldı, taksilərlə bağlı yeniliklər oldu. Maraqlıdır, atılan addımlar öz məqsədinə çatıbmı? İlkin nəticələr nə deyir?

"Böyük layihələr icra etdik"

Yeri gəlmişkən, Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunub. Dövlət başçısı qeyd edib ki, şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra edilib: “Vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb”. 

10 metro stansiyası inşa ediləcək

Prezident qeyd edib ki, onun göstərişi ilə yeni 10 metro stansiyası inşa ediləcək: “Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”. 

Gündə 900 minə yaxın sərnişin daşınır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Kaspi” qəzetinə verilən məlumata görə, Bakıda hərəkətliliyin transformasiyası çərçivəsində görülən işlərin məqsədi sakinlərin və şəhərin qonaqlarının rahatlığı və təhlükəsizliyini təmin etməkdir: “Yerüstü ictimai nəqliyyat sahəsində diqqət ilk növbədə avtobusların fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilib. Mühüm dəyişikliklərdən biri paytaxt küçələrində onlar üçün xüsusi zolaqların yaradılması oldu. Nəticədə avtobusların marşrut üzrə gediş vaxtı bəzi yerlərdə 10-12, bəzi yerlərdə 18-22 dəqiqəyə qədər azalıb, əksər hallarda interval qısalıb, sərnişinlərin sayı isə əhəmiyyətli dərəcədə artıb. Hazırda ümumi uzunluğu 100 km-dən çox olan xüsusi zolaqlar paytaxtın 30-dan çox küçə və prospektini əhatə edir. Bu zolaqlarla hərəkət edən avtobuslar gündə 900 minə yaxın sərnişin daşıyır. Xüsusi zolaqların yaradılması prosesi davam edir”. 

28 milyon daha çox sərnişin daşınıb

AYNA-dan bildirilir ki, yeni marşrutların açılması da görülən işlərin mühüm tərkib hissəsidir: “Marşrut şəbəkəsinin genişləndirilməsi və daha çox əhalinin əlçatanlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir. Əsas məqamlardan biri sərnişinlərin ictimai nəqliyyata inamının artmasıdır. Bunu rəqəmlər də təsdiq edir: 2023-cü illə müqayisədə ötən il avtobuslarla 28 milyon daha çox sərnişin daşınıb”.

Avtobus parkı rekord həddə çatıb

Qurumun açıqlamasına görə, ictimai nəqliyyat sahəsində aparılan islahatların mühüm istiqamətlərindən biri də avtobus parkının əhəmiyyətli dərəcədə yenilənməsidir: “Məsələn, COP29 ərəfəsində ölkəmizə gətirilən 160 elektrikli avtobus artıq paytaxtda müxtəlif marşrutlarda uğurla istifadə edilir, özəl şirkətlər də bu yaxınlarda daha 85 ekoloji təmiz texnologiyalı avtobus alıb. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib. İndi onların parkı rekord həddə - 2170-ə çatıb”.

Yeni taksi dayanacaqları yaradılacaq 

Tıxacların həlli məsələsinə gəldikdə isə, AYNA-dan qeyd edilib ki, köhnə taksilər, sürücülərin qeyri-adekvat davranışından irəli gələn qəzalar və təhlükəli vəziyyət, sürücü mədəniyyətinin və xidmət keyfiyyətinin aşağı səviyyədə olması ilə bağlı həddindən çox şikayət daxil olurdu. İslahatlar sayəsində bu sahədə də qayda-qanun yaradılıb: “Səmərəli tənzimləmə tədbirləri sayəsində xidmətlərin keyfiyyəti xeyli yaxşılaşıb, sınıq-salxaq avtomobillər yoxa çıxıb, əksinə, taksi parkı, xüsusən də hibrid və elektrik avtomobilləri hesabına köklü şəkildə yenilənib. Taksi xidmətlərinin göstərilməsi üçün yalnız yaşı 8 ildən çox olmayan avtomobillər qeydiyyata alınır. Sürücülər isə 2023-cü ildən etibarən AYNA tərəfindən təşkil olunan təlimlərdən keçirlər. Təlimləri bitirən sürücülərin sayı 33 min nəfəri keçib. Şəhərin müəyyən yerlərində taksi dayanacaqlarının yaradılması üzərində də iş gedir”. 

Ödənişsiz yerlərin yaradılması prosesi davam etdiriləcək

Şəhərdə narazılıqla qarşılanan məsələlərdən biri də parklanmadır. Qurumdan bildirilir ki, bu sahədə də mühüm dəyişikliklər baş verir: “Bakının ərazisi ümumən 5 zonaya - mərkəzi və əlavə olaraq 4 zonaya bölünüb. Mərkəzi və 3 zonanın müvafiq tariflərinə uyğun ödəniş rahat mobil proqram və ya SMS vasitəsilə həyata keçirilir. Yəni nağd pula və ya hər hansı qanunsuz fəaliyyət göstərən nəzarətçi ilə təmasa ehtiyac yoxdur - hər şey şəffafdır. Şəhərin bəzi ərazilərində pulsuz parklanma yerləri mövcuddur, məsələn, 4-cü zonaya aid məntəqələrdə. Ümumiyyətlə, yeni parklanma məntəqələrinin, o cümlədən ödənişsiz yerlərin yaradılması prosesi davam etdiriləcək”.

Görülən işlər şəhər mobilliyi layihəsi çərçivəsindədir 

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, 2025-ci ildə nəqliyyatın şaxələndirilməsi istiqamətində görülən işlər davam etdiriləcək: “Bu proseslər şəhər mobilliyi layihəsi çərçivəsində həyata keçirilir. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri, avtobuslar ictimai nəqliyyatda artıq fəaliyyətə başlayıb. Onların  Zığda parkı da yaradılıb". 

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər