Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...
Bu günlərdə Təhsil Nazirliyinin (TN) Ali və
orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov mətbuata açıqlamasında
bildirib ki, yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş
15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. S.Gözəlovun sözlərinə görə,
xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının
ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır:
"Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti
kimi əsaslar olmalıdır".
Statistik göstəricilərdən
də aydın olur ki, vəziyyət heç də qənaətbəxş deyil. Əksəriyyət sırf diplom xətrinə
müxtəlif üsullarla xarici ölkələrdəki heç bir nüfuzu olmayan universitetlərə üz
tuturlar. Amma həmin universitetlərin böyük qisminin diplomu burada tanınmır. Bəs
görəsən belə halların qarşısını necə ala bilərik? Bunun həlli yolları üçün
hansı addımlar atılmalıdır?
Təhsil eksperti Məlahət Mürşüdlüdeyir ki, elə ölkələr var ki, orada təhsil alıb qayıdan məzunlarımız
həmin ölkənin dövlət dilini bilmirlər: "Həmin ölkələrdə təhsil alıb qayıdan məzunların
əksəriyyətinin o diplomu hansı vasitələrlə, necə almaqları məlum deyil. Təhsil
Nazirliyi illərdir diplomların qəbul olunması prosesinə nəzarət edir. Amma bu məsələ
hələlik tam şəkildə həllini tapmayıb. Təhsil almaq hər bir kəsin hüququdur. Amma
valideynlər öz uşaqlarının gələcəyini düşünməlidirlər. Onlar fikirləşməlidirlər
ki, övladlarının belə universitetlərdən aldığı diplom onların gələcəkdə heç bir
işinə yaramayacaq. Bu gün əmək bazarında böyük rəqabət var. Yetərli bilik
olmadan alınan diplomlar ölkədə böyük işsizlər ordusunun yaranmasına səbəb ola
bilər. Hesab edirəm ki, məsələnin həlli yolu kimi cəmiyyətdə maarifləndirmə işi
aparılmalıdırlar. Bu işdə mətbuatın da üzərinə böyük yük düşür. Təhsil Nazirliyi
və ictimai təşkilatlar bu istiqamətdə xeyli iş görüb. Amma bizim valideynlərdə belə
bir fikir formalaşıb ki, övladları nə yolla olur-olsun diplom almalıdır.
Valideynlərə maraqlı deyil ki, övladı öz ixtisasına yiyələnib, yoxsa yox. Onlar
üçün maraqlı olan universitetin diplomudur. Diplom almaq yarışı övladlarımızın
gələcək karyerasının üzərindən xətt çəkir. Bəzən tələbələr və məzunlarla söhbət
edərkən görürük ki, onlar valideynlərinin təkidi ilə sırf diplom xətrinə
universitetdə təhsil alır. Yəni ixtisası üzrə gələcəkdə karyera qurmaq haqqında
qəti düşünmür. Bu yaxınlarda Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili Agentliyi
yaradılıb. Onların bu barədə geniş planları var. Bildiyiniz kimi, peşə təhsili
bizdə uzun müddətdir ki, axsayan sahə olaraq qalmaqda idi. Bu sahədə hələ də ciddi
problemlər var. Ümid edirəm ki, bir neçə il ərzində bu agentlik peşə təhsilini
həm keyfiyyət, həm də maddi-texniki təminat baxımından inkişaf etdirə biləcək.
Eyni zamanda, uşaqları motivasiya etmək üçün müxtəlif layihələr nəzərdə tutulub.
Təəssüflər olsun ki, bu gün orta məktəblərlə peşə məktəbləri arasında demək olar
ki, əlaqə yoxdur. Motivasiyaedici görüşlər, ekskursiyalar, söhbətlər çox aşağı
səviyyədədir. Buna görə də uşaqların bir çoxu peşə təhsilinə meyllənmirlər.
Amma peşə təhsili sözügedən problemin həllində xeyli yardımçı ola bilər”.
Təhsil eksperti Nadir İsrafilovdeyir ki, müstəqillik qazandıqdan sonra ölkənin bir çox sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən
boşluqlar əmələ gəldi: "Bu boşluqlar xaricdə təhsil məsələsinə də sirayət etdi.
Normativ-hüquqi bazanın yaradılması xeyli vaxt tələb edir. Fürsətdən istifadə
edən bir sıra qurumlar, fərdi şəxslər bu işlə məşğul olmağa başladılar. Şəhərin
bir çox yerlərində cürbəcür cəlbedici reklamlar yerləşdirildi. Daha ucuz qiymətə,
sərfəli şərtlərlə xaricdə təhsilə göndərməklə bağlı afişalar yayıldı. İnsanların
müəyyən qismi ruhlandılar və həmin qurumların vasitəsilə öz hesablarına bir
sıra universitetlərə üz tutdular. Əksəriyyətin diqqətini ödənişin burdakı
universitetlərə nisbətən daha az olması, xarici mühit cəlb etdi. Bu xətlə xaricə
gedənlərin daxil olduğu universitetlərin nə mənşəyi, nə də statusu müəyyən
deyil. Ona görə də ciddi problemlər yaranmağa başladı. Xaricdə bu yolla oxuyub
ölkəyə qayıdan yüzlərlə məzunun diplomu təsdiq olunmadı. Bu problemlər hətta o
dərəcəyə çatdı ki, məsələ məhkəmə yolu ilə həll olundu. Çünki o, universitetlərin
çoxu lazımi bilik vermir və qeydiyyatdan keçməyib. Amma şübhəsiz ki, məsələ məzunlarla
nazirlik arasında mübahisə predmetinə çevrildi. Problemdən çıxış yolu kimi Təhsil
Nazirliyi bizdə tanınan 500 universitetin siyahısını dərc etdi. Artıq vətəndaşlara
aydın oldu ki,hansı universitetləri bitirdikdən
sonra onların diplomları tanına bilər. Amma yenə də problemlər qalmaqdadır. Çünki
bu, təkcə bizdən asılı olan məsələ deyil. Biz indi Bolonya təhsil sisteminə qoşulsaq da,
universitetlərimizdə Bolonya mexanizmi tam olaraq formalaşmayıb. Bolonya
prosesinə daxil olan ölkələrin diplomlarının qarşılıqlı tanınması məsələsində
problemlər var. Ümumiyyətlə, xaricdə təhsil məsələsinə cəmiyyətdə birmənalı
baxış yoxdur. Bəziləri hesab edir ki, bu, insan hüququnun pozulmasıdır, digərləri
düşünür ki, belə məqamlar savadsızlığın artmasına səbəb olur. Digər bir qismi
isə fikirləşir ki, xaricə beyin və valyuta axını gedir. Bunun qarşısını almaq
üçün bakalavr təhsilinə müəyyən məhdudiyyətlər qoyuldu. Çünki bakalavr təhsilini
xaricdə alan şəxslər təhsili başa vurduqdan sonra geri qayıtmırlar. Ona görə
magistrlara daha çox üstünlük verildi”.
Ekspert
deyir ki, problemin həllini tapması üçün vaxt tələb olunur: "Sabiq nazir
Mikayıl Cabbarovun belə bir sözü var idi ki, bizdə nə qədər ki, bilik yox,
diplom əsas götürüləcək, o vaxta qədər bu problemlər qalacaq. Bir çox valideyn
deyir ki, fərqi yoxdur, hara olur-olsun, övladım xaricdə təhsil alsın. Bəziləri
diplomu cehiz kimi qəbul edir. Hətta diplomu özünün reytinqi kimi qəbul edənlər
də var. Məsələ burasındadır ki, belə universitetlərdə təhsil istənilən effekti
vermir. İndi bizim əksər universitetlərimiz həm maddi-texniki baza, həm də digər
baxımdan xarici universitetlərlə ayaqlaşa bilir. Xaricə yeni elm sahələri ilə bağlı
tələbə göndərmək olar. Amma elə təhsil sahələri var ki, bu ixtisasa yiyələnmək
üçün bizim universitetləri bitirmək kifayət edir. Ona görə də məsələnin həlli üçün bizim
universitetlərin nüfuzunu və reytinqini qaldırmaq lazımdır. Həmçinin, yüzlərlə
tələbəni xaricə göndərməkdənsə, xarici mütəxəssisləri öz ölkəmizə cəlb edə bilərik.
Bu problemin müxtəlif həlli yolları var. Təəssüf ki, bir çoxları peşələr
arasında fərq qoyur. İndi hamı çalışır ki, hüquqşünas, iqtisadçı, həkim olsun.
Nəticədə digər sahələrdə boşluqlar yaranır. Sirr deyil ki, Fransa, Almaniya,
Yaponiya kimi ölkələr peşə təhsili ilə dünyanın aparıcı ölkələrinə çevrilə
biliblər. Sovet dövründə indiki dövr ilə müqayisədə peşə təhsilinə daha çox əhəmiyyət
verilirdi. O vaxt, bu işlərə nəzarət edən Dövlət Texniki Peşə Komitəsi var idi.
Müstəqillik illərində peşə təhsili bir qədər arxa plana keçdi. Peşə məktəblərinin
bir çoxu bağlandı və maddi-texniki bazaları israf olundu. Nəticədə bir çoxları təhsil
almaq üçün xarici universitetlərə üz tutuldu. Ondan sonra başa düşdük ki, peşə təhsili olmadan olmaz. İndi bu məsələyə
xüsusi diqqət yetirilir. Peşə Agentliyi yaradılıb. Prezident də gənclərlə
görüşü zamanı peşə təhsilinə xüsusi diqqət çəkdi. Bu yaxınlarda Koreya ilə birgə
tədris komplekslərinin tikilməsi ilə bağlı xüsusi müqavilə imzalandı. Təhsilə
dair indi dövlət strategiyası təsdiq olunub və orada istər texniki peşə, istər
xaricdə təhsillə bağlı konkret hədəflər müəyyənləşdirilib. Düşünürəm ki, zaman
keçdikcə bu kimi problemlər həllini tapacaq”.
Şəbnəm Mehdizadə