AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir: “İstənilən iqtisadi fəallığı sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik”

Nazir: “İstənilən iqtisadi fəallığı sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik”

İqtisadiyyat
06 Avqust 2020, 18:50 552
"Əməkhaqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək proqramı iki mərhələdən ibarət olub. Mart-aprel aylarında və bu yaxınlarda Sizin göstərişinizlə Baş Nazirə müraciət etmişik, bu proqramın daha iki aylıq uzadılmasını nəzərdə tuturuq”.
APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
İqtisadiyyat naziri qeyd edib ki, həmçinin, eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb: "Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib”.

M. Cabbarov bildirib ki, dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilib: "Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.
Sizin müvafiq Sərəncamınızla İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət göstərən ticarət obyektlərində sanitar-epidemioloji şəraitin qorunması ilə bağlı monitorinq tədbirləri keçirilir. Məruzə edirəm ki, nöqsan aşkarlanmış obyektlərin sayı təxminən 15 faiz civarındadır”.
Nazir bu pozuntular arasında ən çox qeydə alınan və müvafiq cərimələr tətbiq edilən kateqoriyaları da açıqlayıb: "İşçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular, vətəndaşların növbə zamanı sosial məsafəni qorumaması və növbəlilik stikerləri ilə təmin olunmaması, obyektlərin girişində əl dezinfektoru olan spirtdən istifadə edilməməsi və vətəndaşların obyektə maskasız daxil olması. Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik”.