AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir: Əmək resursları üçün yeni sahələr yaradılmalıdır

Nazir: Əmək resursları üçün yeni sahələr yaradılmalıdır

Cəmiyyət
09 Dekabr 2019, 13:03 188
İnsanları maksimum dərəcədə maarifləndirməliyik ki, onların əmək münasibətləri qanuni olsun. Çünki qeyri-formal əmək münasibətləri olanda onlar əmək və sosial hüquqlarını itirirlər.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin müzakirəsində deyib.
Onun sözlərinə görə, bu il əmək müqavilələrinin sayı 150 mindən artıq artıb. Bunun da 2/3-si özəl sektorun payına düşür. Əməkhaqqı fondu ölkədə 40 % artıb.
S.Babayev əlavə edib ki, texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması nəticəsində bir çox peşələr sıradan çıxıb, gələcək dövrlərdə də başqa peşələr sıradan çıxacaq.
Nazir qeyd edib ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır: "Yeni sahələr də insanın yaradıcı potensialına əsaslana bilər. Belə sahələrdə məşğulluğa daha çox ehtiyac duyulacaq. Yaradıcı sahələr də burada öncül yerdədir. Yaradıcı sahələrin daha bir özəlliyi isə burada xüsusi resurslara çox məhdud ehtiyacın olması, sadəcə insanın bilik, bacarıq və yaradıcılığına ehtiyacın olmasıdır. Digər tərəfdən, yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir. Ona görə də burada imkanlar çox genişdir və bu, birmənalı olaraq dəstəklənməlidir".
S.Babayev əlavə edib ki, ölkədə işsizlik 4,4 %-dir. Təkcə bu il Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 81 min şəxs münasib işlə təmin olunub, 9009 nəfər özünüməşğulluq proqramlarına cəlb edilib: "Lakin qarşımızda ciddi çağırış durur, çünki Azərbaycan əhalisi artır. Hər il təxminən 100 min insan əmək bazarına daxil olur və onlar üçün yeni imkanlar yaradılmalıdır. Bu imkanların ən böyük seqmenti də məhz yaradıcı sənayedir. Ona görə də hesab edirəm ki, bu sahədə təhsil müəssisələrimiz, peşə tədrisi mərkəzləri və aidiyyəti dövlət qurumları əlaqələndirilmiş işlə gələcək planlarını ciddi şəkildə qurmalıdırlar".